Qadın bu sözləri dedikdən sonra oğlu ilə vidalaşır və evinə dönür. Oğlan da anası dediyi kimi Kerü (Kür?) çayın mənbəyi istiqamətdə yola çıxır.
Bu çayın sahilində bir yurd varmış və orada dörd qardaş yaşarmış.. Bir gün onların inəklərinin ayaqları qırılır. Onlar bunu edəni tapır və ona da inəyin ayağını sarıdırlar. Fəqət inəyin ayağının sarğısı od alır və sonra da alov xırmana keçir. Bu, qardaşların bir-biri ilə höcətləşməsinə və savaşmasına səbəb olur. Onlar bütün günahı inəyin qıçını qıran qardaşda görürlər.
Əfsanədə deyilir ki, Buzancar qardaşların arasına girib, onların mübahisəsini həll edir. Qardaşlar onun ağlına heyran qalıb, ona onlarla yaşamağa yer verirlər. Bütün elin tədricən rəğbətini qazanan gənc tezliklə xan olur və bütün türk soy və boylarını birləşdirir. Təkcə Qıyat boyunun başçısı uyğur Bekiş xan ona tabe olmaq istəmir. Belə olan halda Buzancar ordu toplayıb onun üzərinə gedir və döyüşdə Bekiş xanı öldürür. Sonra isə Qıyat elinin bütün camaatını qılıncdan keçirir (Ögəl, 2006, s. 413-414).
“Xannamə”də yazılanlara görə, Buzancardan sonra oğlu Bukay, Bukaydan sonra oğlu Kaydu, ondan sonra oğlu Bəy Sonqur, Bəy Sonqurdan sonra oğlu Tümən, ondan sonra oğlu Kabul, daha sonra sonuncunun oğulları Bartan və Noyan, Noyanın oğlu nəslindən olan Təmür Gürən növbə ilə xanlıq edirlər. Bundan sonrakı hissədə Yesugey Bahadır və Çingiz xanın tarixçələri nəql edilir (Ögəl, 2006, s. 414-415).
Mövzumuz baxımından qaraqalpaq türklərinin etnogenezinin bu xalqa məxsus zəngin folklor abidələri əsasında öyrənilməsi də böyük maraq kəsb etməkdədir. Belə hesab edilir ki, qaraqalpaqların müstəqil etnos kimi formalaşması Orta Asiyada, Aral gölü ətrafındakı geniş çöllərdə baş vermişdir. Fəqət bu xalqın şəcərə miflərinin, əfsanə və rəvayətlərinin öyrənilməsi onun ilkin formalaşma mərhələlərinin Orta Asiyadan çox-çox kənarda, Ön Asiya və Qafqazda, daha dəqiq desək Azərbaycan və Şərqi Anadolu ərazisində baş verdiyini, etnik köklərinin isə minilliklərin dərinliklərinə qədər uzandığını söyləməyə əsas verir.
Bəri başdan qeyd edək ki, qaraqalpaq türklərinin folklorunun, o cümlədən şəcərə folklorunun öyrənilməsində uzun müddət Xorəzm ekspedisiyasında çalışmış S.P.Tolstov və T.A.Jdankonun, eləcə də atasının işini davam etdirən L.S.Tolstovanın ölçüyəgəlməz xidmətləri olmuşdur. Onlardan S.P.Tolstov qaraqalpaq türklərinin hazırda məskun olduğu əraziləri vaxtilə belə xarakterizə etmişdi:
“Aralətrafı bölgə şimali Avrasiya çölləri ilə Orta Asiyanın dağlıq ön və cənub regionlarını Hindistanın və Cənubi Avrasiyanın orta düzənləri ilə birləşdirən, hind-Avropa elementinin etnogenez və qlotogenezinin baş verdiyi önəmli məkandır (Толстов, 1948, с. 341).
Qaraqalpaq türklərinin çoxəsrlik etnik formalaşma dövrü ərzində bu coğrafiyadan keçən qədim miqrasiya yollarından xeyli qidalanaraq, öz mədəniyyətini, o cümlədən folklorunu nəzərəçarpacaq dərəcədə zənginləşdirə bildiyini, bu üzdən də bu xalqın folklorunun tarixin ayrı-ayrı dövrlərini əks etdirdiyini yazan L.S.Tolstovanın fikrincə, kök etibarilə qıpçaq olan, sonrakı dövrlərdə oğuz və peçeneklərə qaynayıb qarışan qaraqalpaqların etnik şüurunda yad təsirlər də az rol oynamamışdır (Толстова, 1977, с. 141). T.A.Jdanko bu xalqın etnik köklərindən birinin sak-massagetlərlə və e.ə. VII-II əsrlərlə bağlı olduğunu ehtimal etmişdir (Жданко, 1950) və irəlidə görəcəyimiz kimi, o, qətiyyən səhv etməmişdir. L.S.Tolstova isə bir qədər də irəli gedərək, bu köklərin daha qədim əsrlərə və Ön Asiya, Qafqaz və Azərbaycan ərazilərinə uzandığını təsbit edə bilmişdir. Fəqət o, bu xalqı sonradan türkləşməyə məruz qalan irandilli xalq saymış, bu da ondan qaynaqlanmışdır ki, xanım Tolstova onların rəvayətlərini özbək-sartların mənşəyi barədə Məqdisi (X əsr), Yaqub Həməvi (XIII əsr) və Həmdullah Qəzvininin (XIII-XIV əsrlər) qələmə aldıqları rəvayətlərlə qarışıq salmışdır. (Толстова, 1977). Bununla belə, o, “Qaraqalpaqların tarixi folkloru bu xalqın etnogenezinin və etnomədəni əlaqələrinin öyrənilməsinin əsas mənbəyi kimi” adlı çox sanballı məqaləsində qaraqalpaq xalqını təşkil edən 6 əsas türk boyundan biri olan myütenlərin bir vaxtlar Şərqi Anadolu ərazisində (Urmiya gölündən qərbdə) mövcud olmuş Matiena ərazisində yaşadıqlarını təsdiq etmişdir.
Qeyd etdiyimiz kimi, qaraqalpaqlar 6 boydan ibarət olmuşlar. Onların ən başda gələni myütenlər idi. Bu barədə Bərdahın “Şəcərə”sində belə deyilir:
Dostları ilə paylaş: |