b. S ü n n i l i k – ş i ə l i k
İslam kültür çevrəsində türklər daha ziyadə şiə təmayüllü iranlılarla təmas qurmalarına rəğmən böyük əksəriyyətlə sünni idilər. Çünki irani gələnəklərlə ilgisi az olan sünnilik eyni zamanda türk düşüncəsinə uyğun düşən bir əqliliyi ehtiva edirdi. Türklər sünniliyin dörd qolundan biri olan hənəfiliyi mənimsəmişdilər. Səbəbi də bu məzhəbin insanda iradəni tanıyaraq ilahi əmrin ağıl yolu ilə dəlilləndirməyi caiz görməsi və bəzi hüquqi əsaslarının türk əsillli olduğu sanılan səmərqəndli Əbu Mənsur ul-Maturidi (ölümü 944) tərəfindən Mavəraünnəhr türk çevrəsində işlənmiş olması idi58. Dolayısıyla hənəfiliyin islami hüquq nizamını zaman və şərtlərın icablarına uydurmağı mümkün qılmaq və s. yönləri ilə gerçəkçi və tətbiqi tərəfi yüksəkdi. Türk dövlət anlayışı baxımından çox tətminkar olan bu duruma əlavə olaraq abbasi xəlifələrinin də eyni məzhəbi təmsil etmələri islam-türk dövlətləri ilə xilafət arasındakı münasibətləri xeyli qüvvətləndirirdi. Bundan dolayı səlcuqlu başbuğlarının Xorasanda siyasət səhnəsinə çıxmalarını abbasi xəlifəsi ilgi ilə qarşılamış və onlarla sürətlə təmas qurma imkanlarını aramışdı. Tuğrul bəyin Nişapura birinci girişində (1038) xəlifə əl-Qaim tərəfindən səlcuqlulara göndərilən elçiyə, qaynaqlara görə, türkmənlərin təxribat etmələrinin qarşısını almaq tapşırılmışdı. Təxribatın bütün məmləkətdə davam etdiyi bir zamanda xəlifənin davranışındakı gerçək məqsəd aşkardı. Səlcuqlu fütuhatı artaraq yeni dövlətin qüdrəti bütün İranda hiss edildiyi və qorxuya qapılan şiə büveyhilərin Bağdadda və civarında təzyiqi artırdıqları zaman şəxsən xəlifənin səlcuqlu sultanını Bağdada dəvət etməsi də bunu göstərir. Beləcə şiəlik və qolları ilə mücadilə səlcuqlu siyasətinin təməl prinsiplərindən biri kimi müəyyənləşmiş olurdu.
Burada şiəliyə qarşı cəbhə alma ilə dövlətdəki "dini tolerans" prinsipi arasında bir ziddiyyət yoxdur. Çünki ortaya çıxdığı anlardan etibarən siyasi vəsf qazanmış olduğu bilinən şiəlik XI əsrdə fatimilər tərəfindən bu şiə dövlətin maddi-mənəvi dəstəyi ilə sünni islam məmləkətlərini qarışıqlığa düşürmək üçün ən qüvvətli silah olaraq işlədilirdi. İraqı və Cənubi İranı əllərində tutan şiə büveyhilər (932-1055) abbasi xəlifələrini təhəkkümləri altına almışdılar ki, bu durum böyük əksəriyyəti sünni olan şərq-islam əhalisini olduqca tədirgin etməkdə idi. Üstəlik, iqtidardan faydalanaraq həmin ölkələrdə şiəliyin yayılması üçün kəsif fəaliyyətdə bulunulması əqidə etibarı ilə şiələrlə uzlaşması çətin olan sünni çevrələrdəki əndişəni büsbütün artırırdı. Dövrün ünlü büveyhi komandanı Arslan ül-Bəsasiri hər zaman fatimilərlə əməkdaşlıq edən ifrat bir şiə idi və İranın hər tərəfində müxtəlif adlar altında bir çox rafızi (bəzi baxımlardan sünnilik inancından fərqli düşünən) zümrələr fəaliyyət halında idi. Tanınmış yazar Əbdul Qahir Bağdadiyə (ölümü 1038) görə, bu cür məzhəblərin sayısı 70-dən artıq idi.
Xalq yönündən ən böyük iztirab qaynaqlarından biri olan bu ayrılığa son vermək üzrə büveyhi dövlətini ortadan qaldıran Sultan Tuğrul bəyin Bağdadda törənlə "Şərqin və Qərbin hökmdarı" elan edilməsi eyni zamanda bu dini siyasətin xilafət tərəfindənə də rəsmən təsvibi deməkdi. Fatimiləri şərqdən əl çəkdirən səlcuqluların uğuru təbii ki, sünniliyin də zəfəri olmuş və artıq səlcuqlu idarəçiləri islam dünyasını sünnilik bayrağı altında birləşdirməyi başlıca qayələrindən saymışlar. Tuğrul bəydən sonra Sultan Alparslan bir yandan Məkkə və Mədinədə özünün və abbasi xəlifəsi əl-Qaimin adına xütbə oxutdurur, Bağdadda və digər mühüm mərkəzlərdə qurdurduğu Nizamiyyə mədrəsələri yolu ilə bilgi və düşüncə yönündən sünniliyi qüvvətləndirərkən, bir yandan da fatimi dövlətini yıxmağa hazırlaşırdı. Suriyadakı türkmən birliklərinin irəli hərəkata davam etmələrini əmrini verən Sultan Məlikşah isə yenə fatimi propaqandası ilə dəstəklənərək "Dövəti-cədidə" şüarı altında yürüdülən batiniliyin başı olub Qəzvin civarında qayalıqlarda məşhur Ələmut ("Qartal yuvası") qalasını ələ kəçirərək o bölgədə qorxunc bir yeraltı fəaliyyəti ilə səlcuqlu imperatorluğunu içindən çökərtməyə çalışan Həsən Səbbaha qarşı şiddətli mücadiləyə atılmış və son günlərində Misirın zəbtini planlaşdırmışdı59.
Türk-islam hakimiyyəti üçün bu dərəcədə həyati əhəmiyyət daşıyan şiəliyin və tərəfdarları bir qatillər şəbəkəsindən ibarət olan batiniliyin60 yox edilməsinə yönələn bu səlcuqlu siyasəti, düşüncə, təşkilat və siyasi qayə baxımından bu türk imperatorluğunun davamı durumundakı əyyubilər tərəfindən təqib edilərək sona çatdırılmış və Səlahəddin Əyyubi fatimiləri yıxaraq (1171) öz sünni dövlətini qurmuşdur.
Misir türk dövləti sultanları da həmin izdə yürümüşlər. Batiniliyin qollarından ismaililik ilə mücadilə edən Aybəg və Kotuzdan sonra Bağdad abbasi xəlifəsinin 1258-ci ildə monqol Hulagü tərəfindən öldürülməsi üzərinə eyni ailədən əl-Müstənsir-billahı Qahirədə xəlifə elan edən (1261) Sultan Bəybars ilə sanki rəsmiyyət qazanan bu siyasət Osmanlıların sonuna qədər davam etmişdir. Eyni siyasətin digər səlcuqlu dövlətləri, xarəzmşahlar, Dehli sultanlığı, türkmən bəylikləri və atabəyliklər tərəfindən də yürüdüldüyü məlumdur. Bəytəginlilərdən Gök-börü də bu yöndən diqqət çəkici bir səy göstərmişdir.
Ərbildə bir çox dini və sosial müəssəsələr quran, özü də sayılı mücahidlərdən olan Gök-börü peyğəmbərimizin doğumunu (mövlud) müsəlmanlar arasında tam qaynaşma təmin edəcək şəkildə xalq kütlələrinin qatıldığı ümumi şənlik olaraq qutlama üsulunu ilk dəfə ölkəsində tətbiq etmişdir ki, bu tərz mövlud törənləri sonra bütün islam məmləkətlərində adət halına gəlmişdir61.
Dostları ilə paylaş: |