Türkdilli dövlət başçıları sammitlərinin
dövlətlərarası münasibətlərdə yeri
Plan:
Giriş
1.Zirvə toplantıları
Ədəbiyyat:
1.Birinci,ikinci,üçüncü,dördüncü, beşinci və altıncı Türk dövlət və topluluklarının dostluq,kardeşlik və işbirliyi qurultayları.A.,1999
2.Türk Devlet ve Topluluklarının IV Dostluk, kardeşlik və işbirliyi kurultayı. Ankara,Tüdev,1996
3.Türk Devlet ve Topluluklarının V Dostluk, kardeşlik və işbirliyi kurultayı. Ankara,Tüdev,1997
4.Türk Devlet ve Topluluklarının VI Dostluk, kardeşlik və işbirliyi kurultayı. Ankara,Tüdev,1998
5.Türk Devlet ve Topluluklarının VII Dostluk, kardeşlik və işbirliyi kurultayı. Ankara,Tüdev,1999
6.Türk Devlet ve Topluluklarının VIII Dostluk, kardeşlik və işbirliyi kurultayı. Ankara,Tüdev,2000
7. Aydın T. Türkiye Orta Asiya türk cümhuriyyetleri arasında
ekonomik iliskiler. Yeni türk dergisi, 1997, 15.
Dövlət başçıları səviyyəsində siyasi – diplomatik münasibətlərin formalaşması, şübhəsiz ki, öz növbəsində mədəni, iqtisadi əlaqələrin də intensivləşməsinə şərait yarada bilərdi. Bu zərurətdən qaynaqlanan istəyin reallaşması qarşılıqlı əlaqələrin prioritet istiqamətini təşkil edir. Türkiyənin o zamanki baş naziri Sülryman Dəmirəl 1992 – ci ilin may ayında Azərbaycan və Orta Asiya respublikalarına səfəri zamanı həmin ölkələrin rəhbərlərinin iştirakı ilə zirvə toplantısı keçirmək təşəbbüsünü irəli sürmüşdü.
Uzun müddət Sovet İttifaqının tərkibində olan türkdilli respublikalarla Türkiyə arasında “dəmir pərdə” yaradıldığından yenicə formalaşmaqda olan əlaqələri intensivləşdirmək, həyat qabiliyyətini artırmaq heç də asan deyildi. Bu ölkələrin siyasi rəhbərlərinin birgə zirvə toplantısını keçirmək MDB-nin təşkilatlanma mərhələsinə təsadüf etdiyindən Rusiya tərəfindən xüsusi qısqanclıqla qarşılanırdı. Cənubi Qafqaza nisbətən Mərkəzi Asiyada Rusiyanın təsir dairəsinin daha güclü olması Türkiyənin regionda fəal siyasət yürütməsini mürəkkəbləşdirirdi. Tacikistanda vətəndaş müharibəsinin başlanması, Özbəkistanda müxalifətin radikal şüarlarının eşidilməsi, formalaşmaqda olan islam fundamentalizmi təhlükəsinin qonşu Tacikistan və Əfqanıstanda özünə dayaq taparaq daha da mütəşəkkil forma alması və s. regionun milli təhlükəsizliyi üçün ciddi problemlər idi və Rusiyanın təsir dairəsini qaçılmaz edirdi. Bu baxımdan Türkiyə irəli sürdüyü prinsipial təşəbbüsün reallaşması istiqamətində siyasi motivləri müvəqqəti olaraq arxa plana keçirməyə başladı. Təsadüfi deyildir ki, türkdilli dövlət başçılarının birinci zirvə görüşündə Türkiyə Respublikasının prezidenti Turqut Özal demişdir: “Bu görüş türk cumhuriyyətləri rəhbərlərinin ilk toplantısı olduğuna görə böyük əhəmiyyətə malikdir. Ölkələrimiz arasında əsasən iqtisadi münasibətlərin inkişafına diqqət yetiriləcəkdir. Türk dövlətləri arasında birliyə nail olmaq üçün də müəyyən məsələlər müzakirə ediləcəkdir. Gözlənildiyinə görə, təşkilati məsələlərlə də məşğul olacağıq. Belə toplantıların hər il keçirilməsi zəruridir”. T. Özalın çıxışında “əsasən iqtisadi münasibətlərin inkişafı”nın qabardılması regiondalı ziddiyətli geopolitik şəraitə uyğun idi. Ancaq Türkiyənin mərhum prezidentinin istəyinə rəğmən təşkilatlanma işlərində bir müddət ləngimə yarandı, yalnız 1998-ci ilin Astana zirvəsində Türkdilli Dövlət başçılarının görüş katibliyinin yaradılması haqqında Xarici İşlər nazirliklərinin hazırladıqları əsasnamə təsdiq olundu. Qeyd edək ki, bu vaxta qədər türkdilli dövlət başçılarının 11 zirvə toplantısı keçirilmişdir.
Yeni müstəqilliklərini əldə etmiş türkdilli respublikalar, həmçinin, regionda maraqlı təzəcə formalaşmağa başlayan Türkiyə üçün dövlət başçılarının zirvə toplantılarının keçirilməsi Türk Dünyası daxilində “mənəvi körpü “nün yaranmasında böyük əhəmiyyətə malik idi. Zirvə görüşlərinin konkret tarixi əhəmiyyətə malik olan günlərə təsadüf etməsi – Əmir Teymurun 660 illiyi, Manas dastanın 1000 illiyi, Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin təqdimat mərasimi ümumtürk dəyərlərinin təbliğinə töhvə idi.
1992 –ci ilin oktyabrında Ankarada gerçəkləşən birinci zirvə toplantısı tarixi bir günə - Türkiyə Cumhuriyyətinin 69 – cu ildönümünə təsadüf etmişdi. Bütün türkdilli dövlət başçılarının qatıldığı tədbirdə prezident T. Özal vurğulamışdı ki, “ Sovetlər Birliyi dağıldıqdan sonra sizin müstəqilliyinizi hamıdan tez tanıyan və ölkələrinizlə birinci olaraq diplomatik əlaqə yaradan Türkiyə dövləti olmuşdur. Xalqlarımızı bir-birinə ümumi dinimiz, dilimiz, kökümüz və mədəniyyətimiz bağlayır. Biz əl - ələ verib bu imkanlardan istifadə edərək, onları xalqımızın rifahına yönəltməliyik”. Birinci zirvə toplantısının sonunda imzalanmış Ankara bəyamnaməsində bundan sonra belə görüşlərin müntəzəm olaraq keçirilməsi, müstəqilliyin qorunub saxlanması və daha da möhkəmləndirilməsi yönündə qarşılıqlı əlaqələri intensivləşdirməyin zəruri olması xüsusi vurğulanmışdır. Birinci zirvə toplantısı, mahiyyət etibarı ilə tanışlıq xarakteri daşıdığından gələcək əməkdaşlığın konturlarını şərtləndirən konkret məsələlərə toxunulmamışdı. Lakin, Ankara Bəyannaməsində təsbit olunduğu kimi, ideya artıq reallığa çevrilmişdi. Yüksək səviyyədə təşkil olunan sammitlər Türkiyə mətbuatının daim diqqət mərkəzində olmuşdur.
1993- cü il oktyabrın 18 – də axşam İstanbulda türkdilli dövlət başçılarının ikinci zirvə toplantısının təntənəli açılışı oldu. Türkiyə Respublikasının prezidenti S.Dəmirəl toplantını açaraq dili, dini, tarixi kökləri eyni olan türk dövlətləri başçılarının görüşlərinin qarşılıqlı əlaqələrin yaranmasında xüsusi əhəmiyyəti olduğunu vurğuladı. Sammit bölmələr öz işini davam etdirdikdən sonra görüş iştirakçılarının birgə bəyannaməsi imzalandı. Sənədi Türkiyə prezidenti S.Dəmirəl, Azərbaycan prezidenti H.Əliyev, Qazaxıstan prezidenti N.Nazarbayev, Özbəkistan prezidenti İ.Kərimov, Türkmənistan prezidenti S.Niyazov və Qırğızıstan prezidenti Ə.Akayev imzaladı. İstanbul Bəyannaməsində altı türkdilli dövlətin iqtisadi əməkdaşlığı, mədəni əlaqələri inkişaf etdirmək üçün səylərini davam etdirmək əzmi öz əksini tapmışdı.
Türkdilli dövlət başçılarının Bişkekdə gerçəkləşən üçüncü zirvə toplantısı Manas eposunun 1000 illiyinə təsadüf etdi. Təntənəli mərasimə qatılan dövlət başçılarının, həmçinin YUNESKO – nun baş direktoru Federiko Mayara 1000 illik bayram münasibətilə təsis olunmuş “ Manas” medalı təqdim olundu.
Türkdilli dövlət başçılarının Bişkekdə gerçəkləşən üçüncü zirvə toplantısı Manas eposunun 1000 illiyinə təsadüf etdi. Bişkek görüşündə dövlət başçıları öz ölkələrinin zəngin təbii sərvətlərinin, ilk növbədə qaz və neft yataqlarının işlənməsi və hasil olunan yanacağın dünya bazarına tezliklə çıxarılmasının regionun dünya iqtisadiyyatına inteqrasiya prosesinə təkan verəcəyinə inam ifadə etmişlər.
III zirvə görüşünün gündəliyindəki məsələlərin geniş bir dairəsi İstanbul Bəyannaməsinin mədəni humanitar əlaqələr, birgə təhsil ocaqlarının yaradılması, festivallar, mədəniyyət günləri və digər tədbirlər keçirilməsi yolu ilə bu əlaqələrin daha da inkişaf etdirilməsinə dair müddəaları ilə bağlı idi. Türkdilli dövlətlərin başçıları bölgədə davam edən və BMT, ATƏT prinsiplərinin açıqca pozulması ilə nəticələnən münaqişələr barədə fikir mübadiləsi apardılar. İştirakşı ölkələrin rəhbərləri Ermənistanla Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında dinc yolla aradan qaldırılması, Tacikistan və Əfqanıstandakı problemlərin sülh yolu ilə ədalətli həlli üçün səyləri artırmağın vacibliyinə toxundular.
Bişkek Bəyannaməsində göstərilirdi ki, “iştirakçı ölkələrin xalqlarını tarixi, dil və mədəni yaxılıqla yanaşı, uzun perspektivlər üçün inkişafın müxtəlif sahələrində vəzifələrin ümumiliyi də bir-birinə bağlayır. İqtisadi inkişaf və firavanlıq üçün regional əməkdaşlığın vacibliyi dəstəklənməlidir, beynəlxalq öhdəliklərə ziyzn vurmadan ölkələrimiz arasında çoxtərəfli və iki tərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi zəruridir”.
Bəyannamədə bəşəriyyətin genetik ehtiyatlarına mənfi təsir göstərən ekoloji təsirlərin artması ilə əlaqədar ciddi narahatlıq ifadə edilmişdi. Dövlət başçıları belə bir yekdil fikrə gəldilər ki, insanın təbii yaşayış mühitinin qorunub saxlanması üçün iştirakçı ölkələrin səylərini və imkanlarını birləşdirmək lazımdır.
Türkdilli dövlətlərin başçıları narkotik vasitələrin və bihuşedici maddələrin qanunsuz dövriyəsindən narahat olduqlarını bildirmiş, terrorizmi müasir dövrün ən ciddi problemi hesab edərək ona qarşı mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd etmişlər.
Prezidentlər yekdilliklə bildirmişlər ki, iri investisiya layihələri bizim enerji resursları ilə zəngin regionu dünya istehlakçıları ilə bağlamaq üçün müasir nəqliyyat və kommunikasiya sistemləri yaratmağa imkan verir. Qarşılıqlı faydalı və bir-birini tamamlayan iqtisadi əməkdaşlıq üçün ümumi məkan yaratmaq və Mərkəzi Asiyadan çəkiləcək neft və qaz kəmərlərini Türkiyəyə, oradan isə dünya bazarına çıxarmaq xalqlarımız üçün olduqca faydalı olardı. Bildirilmişdir ki, bu kəmərlərin çəkilməsi, onların fasiləsiz və təhlükəsiz işləməsinin təmin edilməsi xalqlarımız arasında əməkdaşlığı daha da nöhkəmlədər və müstəqil dövlətlərimizin çiçəklənməsinə xidmət edər.
Türkdilli dövlət başçılarının IV zirvə görüşü Daşkənddə 1996-cı il oktyabrın 21-də Əmir Teymurun 660 illik yubileyi ərəfəsində keçirilmişdi. Sammitdə türkdilli dövlət başçılarının görüş katibliyinin yaradılması, bu ölkələrin mədəniyyətlərinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi, türk xalqlarının keçmiş və indiki həyatına dair tarixi-ədəbi mənbələri axtarmaq, seçmək və nəşrə hazırlamaq məsələlərindən xüsusilə bəhs olunmuşdu.
Bütün zirvə görüşlərinin sonunda qəbul olunan ənənəvi bəyannamələrdən fərqli olaraq Daşkənd Bəyannaməsi qarşıda duran vəzifələri daha konkret və məqsədyönlü formada ifadə edirdi. Rəsmi sənəddə ölkələrarası münasibətlərin beynəlxalq hüquq normalarına uyğun, həmçinin , BMT və ATƏT prinsiplərini əldə rəhbər tutaraq qurulması bildirilmiş və aşağıdakı müddəalar əlavə olunmuşdur. Onları belə qruplaşdırmaq olar:
- Dövlət başçıları öz ölkələri arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından razı qaldıqlarını bildirmiş və bu münasibətləri daha da genişləndirməyin və dərinləşdirməyin zəruri olduğunu qeyd etmişlər.
- Elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinə yardımçı olmaq üçün TÜRKSOY qarşısında konkret vəzifələr qoyulmuşdu. TÜRKSOY təşkilatına tapşırılmışdı ki, türk sivilizasiyası ilə bağlı tarixi günlərin təqviminin hazırlanması, bayram şənliklərinə mədəniyyət sahəsində beynəlxalq təşkilatların – ilk növbədə YUNESKO-nun cəlb olunması imkanları öyrənilsin.
-İqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədilə beynəlxalq əhəmiyyətli layihələrdə xüsusən də yeni kommunikasiya sistemlərinin yaradılmasına yönəlmiş layihələrdə iştirak etmək qaçılmazdır.Belə ki, dövlət başçıları öz ölkələrinin zəngin təbii ehtiyatlarının, xüsusən təbii qazın və neftin işlənilməsinin və hasilatının xüsusi əhəmiyyətini nəzərə alaraq, enerji daşıyıcılarını dünya bazarlarına çıxarmaq üçün boru kəmərləri və elektrik xətləri çəkilməsinə dair birgə layihələrin həyata keçirilməsi sahəsində təxirəsalınmaz tədbirlər görülməsinə, marağı olan dövlətlərin, beynəlxalq maliyyə təsisatlarının, dövlət və özəl strukturların bu layihələrə cəlb edilməsinə tərəfdar çıxmışlar. Dövlət başçıları Türkiyə ərazisindən keçərək Aralıq dənizi sahillərinə və Avropaya uzanan neft-qaz kəmərlərinin çəkilməsi sahəsində müvafiq dövlət və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işləri razılıq hissi ilə qeyd etmişlər.
- Dövlət başçıları regionda sərfəli nəqliyyat sistemlərinin inkişaf etdirilməsinin zəruriliyini qeyd edərək, Transqafqaz dəhlizinin işə salınmasıyla tranzit və dəmir yolu əlaqəsinə dair layihələrin tezliklə reallaşdırılmasına tərəfdar çıxmış və Avropa Birliyinin TRASEKA çərçivəsində səylərini bəyənmişlər, onlar Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi, Hind okeanına çıxmaqla Mərkəzi Asiya – Əfqanıstan – Pakistan nəqliyyat yolunun yaradılması təşəbbüsünü də dəstəkləmişlər.
- Prezidentlər BMT İnkişaf Proqramını, Ümumdünya Bankını, Beynəlxalq Valyuta Fondunu və regional inkişaf banklarını daha çox fəallıq göstərib, türkdilli ölkələrin hər birindən ötrü keçid dövrünün fəaliyyət strategiyasının işlənib hazırlanmasında bu ölkələrlə əməkdaşlığı genişləndirməyə çağırmışlar.
- Türkdilli ölkələrin rəhbərləri;
a) istər kapital resursları, istərsə də insan resurslarını investisiyalaşdırmaqla, baza və ixtisas təhsilinin keyfiyyətinin yüksəldilməsinə, əmək vərdişlərinin, peşə hazırlığının inkişaf etdirilməsinə və ixtisasın artırılmasına xüsusi əhəmiyyət verməklə ;
b) təkcə rəqabətə davamlı məhsul deyil, həm də xüsusi kiçik və orta biznes sahəsində iş yerləri yaradan yeni texnologiyaların yayılmasına kömək etməklə, öz ölkələrində iqtisadi yüksəlişə təkan verilməsinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılmasına tərəfdar çıxmışlar.
Daşkənd zirvəsi Mərkəzi Asiya regionunda terrorizm və narkotik maddələrin daşınmasının artdığı bir dövrə təsadüf etdiyindən, şübhəsiz ki, regionun milli təhlükəsizliyi üçün ciddi problem olan bu məsələlərə mütləq münasibət bildirilməli idi.
Elə buna görə də, Daşkənd Bəyannaməsini imzalayan dövlət başçıları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalının, dövriyəsinin miqyasından və artım meyllərindən, həmçinin, bunların qanunsuz tranziti üçün türkdilli dövlətlərin ərazisindən istifadə edilməsinin mümkünlüyündən narahatlığını ifadə edərək, narkobizneslə mübarizədə əlaqələndirilmiş fəaliyyət göstərmək, habelə, narkotiklərin dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə kömək göstərmək əzmində olduqlarını təsdiq etdilər. Dövlət başçıları terrorizm və separatçılığın yenidən tuğyanından narahatlığını ifadə edərək kim tərəfindən və nə məqsədlə törədilməsindən asılı olmayaraq, insan hüquqlarını ciddi surətdə pozan terrorizm və separatçılıq təzahürünü kəskin şəkildə pisləmiş və bu hallarda mübarizə məqsədilə dönya birliyinin gördüyü tədbirləri tam dəstəklədiklərini bildirmişlər və həmin tədbirlərin ən qısa bir vaxtda və geniş miqyasda həyata keçirilməsinin zəruriliyini vurğulamışlar. Dövlət başçıları artıq sərhəd tanımayan terrorizm və separatçılıqla mübarizə üçün beynəlxalq əməkdaşlığın zəruri olduğunu bir daha qeyd etmişlər. Onu da xatırlatmaq yerinə düşərdi ki, bütün zirvə toplantılarının yekun sənədlərində olduğu kimi, Daşkənd Bəyannaməsində də Ermənistan – Azərbaycan münaqişəsinin həllinin uzanmasından narahatlıq ifadə edilmiş, xüsusi vurğulanmışdır ki, bütövlükdə Qafqaz regionunda davamlı sülhün yaranmasında bu münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi çərçivəsində həll edilməsi zəruridir.IV zirvə görüşündə ənənəvi xarakter almış digər sammitlərdən fərqli olaraq, təşkilatlanma istiqamətində irəliyə doğru bir addım atmış oldu. Dövlət başçıları müntəzəm surətdə qarşılıqlı məsləhətləşmələr aparılmasının və təşkilati-texniki işlər görülməsinin, qəbul edilmiş qərarların reallaşdırılmasına nəzarət edilməsinin zəruriliyini vurğulayaraq, türkdilli dövlət başçılarının görüşlərinin katibliyini yaratmaq haqda razılığa gəlmişlər; katibliyin asasnaməsinin hazırlanması xarici işlər nazirlərinə tapşırılmışdır. Katibliyə türkdilli dövlət başçılarının və xarici siyasət idarəsi rəhbərlərinin görüşlərinin materiallarını hazırlamaq; türkdilli dövlətlərin dil, mədəniyyət nəaliyyətlərinin təbliğinə həsr olunmuş seminarlar, konfranslar, simpoziumlar keçirmək; türk xalqlarının keçmiş və indiki həyatına dair tarixi-ədəbi mənbələri axtarmaq, seçmək və nəşrə hazırlamaq vəzifələri həvalə olunur.1996 – cı il oktyabrın 21-də bəyannamənin imzalanması ilə öz işini başa çatdıran Daşkənd zirvəsi türkdilli dövlət başçılarının sammitlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərdi. Belə ki, dövlət başçıları regionu narahat edən bütün ictumai – siyasi, sosial-iqtisadi və hətta ekoloji problemlərə də öz münasibətlərini bildirdilər. Getdikcə müntəzəm xarakter alan sammitlərin keçirilməsi öz növbəsində qarşılıqlı əlaqələrin intensivləşməsi, xüsusən də TÜRKSOY-un fəaliyyətinin canlandırılmasında əhəmiyyətli oldu. Türkdilli dövlətlərin 1998-ci ilin iyunun 9-da keçirilən V zirvə görüşü əlamətdar bir günə - Qazaxıstan Respublikasının yeni paytaxtı Astana şəhərinin təqdimat mərasiminə təsadüf etdi. Sammitə ev sahibliyi edən Qazaxıstan prezidenti N. Nazarbayev türkdilli dövlətlərin yanaşı yaşamasının iqtisadi əsasını qurmağın zəruriliyini söyləmişdi. Bu dövlətlərin iqtisadi inteqrasiyasını və işgüzar əməkdaşlığını fəallaşdırmağın vacibliyini vurğulayaraq bildirmişdi ki, bu, həmin ölkələrin əksəriyyətinin regional təhlqkəsizliyi və sabitliyi möhkəmlətmək səyləri ilə, habelə iqtisadi inkişafın perspektivləri ilə qabaqcadan uyğunlaşdırılmışdır. Qazaxıstan rəhbərinin fikrincə, regionun əhəmiyyətinin və rolunun daha da artması, nəinki regionun coğrafi-strateji mövqeyi və çox zəngin təbii ehtiyatları ilə, həm də regional əməkdaşlığın möhkəmlənməsinin ümumdünya meylinin məntiqi ilə şərtləndirilmişdir.
Prezident N.Nazarbayev Türk arealının yanacaq- enerji ehtiyatları ilə zəngin olduğunu qeyd edərək demişdir: Bu, bizim hamımız üçün başlıca və ümumi bir problemdir ki, tam bir sıra texniki və coğrafi – iqtisadi amillər yataqların lazımınca işlənməsini ləngidir və bunların arxasında coğrafi – strateji amil durur. Onun fikrincə, türkdilli dövlətlər vahid resurs-nəqliyyat struktyry kimi çıxış edə bilərlər; elə bir struktur ki, burada enerji ehtiyatları və faydalı qazıntılarla zəngin olan ölkələr tərəfdaşdır və digər dövlətlər vasitəsilə tranzitin imkanlarından istifadə edirlər.
Qırğızıstan prezidenti Ə.Akayev türkdilli dövlətlər arasında mədəni və iqtisadi əməkdaşlığın genişləndiyini, birgə iri layihələrin, o cümlədən, komunikasiyalar sahəsində layihələrin həyata keçirildiyini vurğulamışdı. Bununla əlaqədar Ə.Akayev Transqafqaz magistralından istifadə üçün Qırğızıstana güzəştli şərtlər verdiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirmişdi. Onun fikrincə, bu magistral Qırğızıstanın bütün dünya ilə ticarət – iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Türkiyə prezidenti S.Dəmirəl çıxışında bildirmişdi ki, 11 min. kvadratkilometr ərazidə yerləşən və 220 mln. insanı birləşdirən, iqtisadiyyatının sürətli inkişaf perspektivləri olan Türk dünyasının qəlb birliyi və mənəvi tərəfdaşlığı türkdilli dövlət başçılarının yüksək səviyyədə V görüşünün əsasını təşkil edir. S. Dəmirəl türk ölkələrində zəngin enerji ehtiyatları olduğunu qeyd edərək demişdi ki, Türkiyə bu ehtiyatların dünya bazarlarına çıxarılmasının ən əlverişli və iqtisadi baxımdan səmərəli alternativlərini təqdim etməyə hazırdır, Bakı – Ceyhan layihəsini işləyib hazırlayaraq dünyaya təqdim etmişdir. Bu layihə oxşar taleyimizə və ümumi gələcəyimizə çox mühüm töhvə verəcəkdir. Türkiyə prezidenti Böyük İpək Yolunu dirçəltməyin əhəmiyyətini də qeyd edərək bu yolun Türk Dünyasının tərəqqisi və zənginləşdirilməsinin yeni vasitəsi olacağına əminliyini ifadə etmişdir. Türkmənistan Ali Məclisinin sədri Səhhət Muradov çıxışında vurğulamışdı ki, istər bütövlükdə regionda, istərsə də ayrılıqda hər bir ölkədə irimiqyaslı layihələrin həyata keçirilməsi dövlətlərimizin əlaqələndirilmiş tədbirləri sayəsində yaranan əlverişli şərait nəticəsində mümkün olmuşdur. Səhhət Muradovun sözlərinə görə region ölkələrindən hər birinin coğrafi – iqtisadi və enerji potensialından razılaşdırılmış və qarşılıqlı surətdə, faydalı şəkildə istifadə edilməsinin regionun tərəqqisinə mühüm təsiri olmalıdı. Türkmənistan sülh, sabitlik və xalqlarımızın ardıcıl sosial – iqtisadi inkişafı naminə qarşılıqlı surətdə faydalı əməkdaşlığa yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.
Sonra Özbəkistan prezidenti İslam Kərimov çıxış etdi. O, XXI əsrin astanasında türkdilli dövlətlərin çox mühüm problemlərinin olduğunu göstərərək demişdi ki, bunlar ilk növbədə artıq imzalanmış və türkdilli ölkələrin parlamentlərinin təsdiqlədikləri ikitərəfli və çoxtərəfli müqavilə və sazişlərin həyata keçirilməsinə, onların səmərəliliyinin yüksəldəlməsinə aiddir. Söhbət ən əvvəl bərabərhüquqlu və konstruktiv əməkdaşlığımızın olduqca böyük və hələ təmamilə istifadə edilməmiş imkanlarını reallaşdırmaqdan gedir. Bu imkanlar milli mənafelərimizin, sərhədlərimizin və dövlətlərimizin sabitliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi mənafelərinə uyğundur. Özbəkistan prezidentinin fikrincə, konkret reallıqlar və sərhədlərimizdə hadisələrin inkişaf dinamikası bütün dünyanın ən iri dövlətlərinin diqqətini günü – gündən daha çox cəlb edən regionumuzdakı dövlətlərin inteqrasiya prosesini daha da genişləndirməyin və dərinləşdirməyin zəruri olduğunu göstərir. Prezidentin fikrincə, getdikcə daha çox Cənubi Asiya dövlətlərinin nüvə silahına malik olmağa can atması ilə əlaqədar artan təhlükəyə göz yummaq olmaz, belə şəraitdə mütəşəkkil cinayətkarlarla, terrorizmə, narkotik maddələrin qanunsuz yayılmasına və satışına qarşı mübarizə əməkdaşlığın çox mühüm istiqaməti və məğzi olmalıdır. Kərimov xüsusi olaraq vurğulamışdır ki, xüsusi diqqət tələb edən bu problemlərə dair fəaliyətimiz, təəssüflər olsun ki, əlaqələndirilmir.
V zirvə görüşündə Qazaxıstan prezidenti N.Nazarbayevin təklifi ilə regionda nüvə təhlükəsinin artmasının dəhşətli fəsadlar verəcəyini özündə əks etdirən bəyanat qəbul edilmişdir. Bəyanatda deyilirdi: Biz, türkdilli dövlətlərin rəhbərləri, -Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində növbəti V zirvə görüşünün iştirakçıları - Hindistanda və Pakistanda nüvə sınaqları keçirilməsindən çox narahat olduğumuzu bildirmişik. Bu sınaqlar regional və qlobal sabitliyə və təhlükəsizliyə ciddi ziyan vurur, nüvə silahları ilə surətlə silahlanmaya kömək edir və nüvə silahının yayılmaması rejimini möhkəmlətmək barədə dövlətlərimizin siyasətinə ziddir.
Biz Hindistan və Pakistanı təmkin və məsuliyyət nümayiş etdirməyə, bir daha nüvə sınaqları keçirməməyə və nüvə silahının yayılmaması haqqında müqaviləyə və nüvə silahlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləyə qoşulmağa çağırırıq. Azərbaycan prezidenti H.Əliyev isə türkdilli dövlət başçılarının diqqətini regional inteqrasiya prosesinə təkan verəcək layihələrin hazırlanmasına çəkmişdi. Onun sözlərinə görə, 1996 – ci ilin may ayında Türkmənistanın Sərəxs şəhərində Transqafqaz nəqliyyat dəhlizi haqqında imzalanmış saziş uğurla həyata keçirilir. Bunun sayəsində Avropadan – Asiyaya daşınan yüklərin miqdarı artaraq 1995 –ci ildəki 352 min. tondan 1997-ci ilin axırınadək 1 mil. 340 min tona çatmışdır. Gözlənildiyinə görə, Transqafqaz nəqliyyat dəhlizi ilə 1998 – ci ildə 4 mil. tondan çox yük daşınacaqdır. Artıq bu dövrdə Bakı- Tbilisi – Ceyhan əsas ixrac kəmərinin çəkilməsi variantı da müzakirə olunurdu. Bu reallığı nəzərə alan Azərbaycan prezidenti Transxəzər enerji dəhlizinin yaradılmasının qarşılıqlı əməkdaşlıq nöqteyi – nəzərindən çox faydalı olması qənaətinə gəlmişdi. TRASEKA proqramı üzrə Avropa- Qafqaz- Asiya nəqliyyat dəhlizinin yaradılmasına dair Avropa Birliyi layihəsinin həyata keçirilməsinə hazırlığın uğurla getdiyi vurğulanmışdı. Azərbaycan prezidenti türkdilli dövlət başçılarının fikirləri ilə şərik olaraq çıxışını belə yekunlaşdırmışdır: 1992 – ci ildə Ankarada keçirilmiş ilk zirvə görüşündən sonra ölkələrimizin və xalqlarımızın həyatında çox hadisələr baş vermişdir. Bütün çətinliklərə baxmayaraq, biz dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsində, siyasi və iqtisadi islahatların aparılmasında, xalqımızın rifah halının yaxşılaşdırılmasında ciddi uğurlar qazanmışıq. Bu müddət ərzində ikitərəfli münasibətlərimiz və regional əməkdaşlıq daha da inkişaf etmişdir. Şəxsi görüşlərimiz və dostluq münasibətlərimiz getdikcə daha sıx xarakter alır və bunlar qarşıya çıxan problemləri uğurla həll etməyə imkan verir. Türkdilli dövlət başçılarının Qazaxıstanın yeni paytaxtı Astana şəhərində keçirilən V zirvə görüşünün sonunda bəyənat qəbul edildi. Bəyənatda əməkdaşlığın inkişaf etdirilməsində yüksək səviyyədə keçirilən görüşlərin təşkilatı mexanizmlərini hazırlamaq üçün konkret müddəalar öz əksini tapmışdı. Belə ki, Türkdilli Dövlət Başçılarının Görüşlərinin Katibliyi (TDBGK) haqqında Xarici İşlər nazirliklərinin işləyib hazırladıqları əsasnaməni təsdiq etmiş və katibliyin fəaliyyətinin həyata keçirilməsinə nəzarəti xarici siyasət idarələrinə həvalə etmişlər. Dövlət başçıları İpək Yolunun bərpası proqramını birgə həyata keçirməyin əhəmiyyətinə diqqət yetirərək təsdiqləmişlər ki, bu proqramın reallaşdırılması bölgənin iqtisadiyyatında mühüm rol oynayacaq və qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığı möhkəmləndirəcəkdir. Prezidentlər öz ölkələrində zəngin təbii sərvətlərin, ilk növbədə hidroenerji ehtiyatlarından istifadə olunmasının xüsusi əhəmiyyətini bir daha vurğulamış, enerji daşıyıcılarının dünya bazarına nəqli üçün marağı olan dövlətləri, beynəlxalq maliyyə təsisatlarını, dövlət strukturlarını və özəl strukturları bu layihələrə cəlb etməklə boru kəmərlərinin və elektrik ötürücü xətlərin çəkilməsinə dair birgə layihənin reallaşdırılması sahəsində təxirəsalınmaz tədbirlər görülməsinə tərəfdar çıxmışlar.
1996 – cı ildə keçirilmiş Daşkənd zirvə görüşünün yekun sənədində olduğu kimi, bu dəfə də dövlət başçıları Türkiyə ərazisi ilə Aralıq dənizi sahillərinə və Avropaya neft – qaz kəmərlərinin çəkilməsi ilə bağlı müvafiq dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işləri razılıqla qeyd etmişlər. Rəsmi bəyanatda regionda gedən inteqrasiya prosesini fəallaşdırmaq və genişləndirmək sahəsində Qazaxıstan, Qırğızıstan və Özbəkistanın səyləri dəstəklənmişdir. Eyni zamanda, “Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair Müşavirə çağırılması haqqında “ Qazxıstanın təşəbbüsünün əhəmiyyəti vurğulanmışdır.
Dövlət başçıları beynəlxalq birliyin və əlaqədar tərəflərin regional sabitliyin yaradılmasına dair səylərini bəyəndiklərini bildirərək Tacikistanda vəziyyətin dinc yolla nizamlanması prosesini dəstəkləmişlər. Həmçinin, Əfqanıstanda qarşı duran tərəfləri yenidən BMT – nin himayəsi və İKT-nin iştirakı ilə münaqişənin aradan qaldırılmasına dair səyləri gücləndirməyə çağırmışlar.
Bütün zirvə görüşlərinin yekun sənədlərində olduğu kimi, narkotik vasitələrin qeyri – leqal tranziti, heç bir sərhəd tanımayan terrorizmin tüğyan etməsi və s. məsələlərdən narahatlıq ifadə olunmuş, belə antibəşəri hallara qarşı mübarizədə dövlətlərin səylərinin artırılmasının zəruriliyi bildirilmişdir. Azərbaycan prezidentinin təklifi ilə 2000-ci il aprelin 8-də Bakida türkdilli dövlət başçılarının VI zirvə görüşü keçirildi. Yüksək səviyyəli görüş, “Kitabi-Dədə Qorqud” dastanının 1300-illik yubileyinə təsadüf etmişdi.
VI zirvə görüşünə regional əhəmiyyət daşıyan müxtəlif tədbirlərin keçirilməsinin təsiri olmuşdu. Belə ki, 1998-ci ildə Astana zirvəsindən sonra sentyabrın 7-8 də Bakıda Avropa- Qafqaz-Asiya nəqliyyat dəhlizi layihəsində iştirak edən ölkələrin dövlət və hökumət başçılarının yüksək səviyyəli toplantısı keçirilmişdi. 1999-cu ilin iyun ayında bir qrup terrorçunun Qırğızıstanın Batıken rayonu ərazisində sərhədləri pozması, respublikanın içərilərinə doğru irəliləməsi Mərkəzi Asiyanın milli təhlükəsizliyi üçün ciddi problrm yaratmışdı. Beləliklə, bu və digər amillər türkdilli dövlət başçılarının müzakirələrində öz əksini tapdı. Qazaxıstan prezidenti çıxışında qeyd etmişdir ki, əməkdaşlığı daha da dərinləşdirmək vəzifələri xalqlarımız qarşısında indi həmişəkindən daha kəskin şəkildə durur, çünki türkdilli ölkələr dünya təsərrüfat münasibətləri sistemində ildən-ilə daha sanballı rol oynayırdı. Dövlət başçılarının çıxışlarında vurğulanmışdır ki, vaxtilə iqtisadiyyatın, mədəniyyətin və elmin yüksəlməsinə, sivilizasiyaların qarşılıqlı zənginləşməsinə təkan vermiş olan Böyük İpək Yolunun bərpası ticarət-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə xidmət edir, bu, dönya iqtisadiyyatının mühüm şərtidir. XX əsrdə enerji daşıyıcılarını Qərbə və Şərqə çatdıraraq neft və qaz kəmərləri Böyük İpək Yolunun marşurutu üzrə çəkilməlidir. Artıq dəyişməkdə olan dünya reallıqlarından iqtisadi inkişaf üçün istifadə etməyin əhəmiyyət daşıması dövlət başçılarının çıxışlarında xüsusi vurğulanmışdı. Qeyd olumuşdu ki, yeni coğrafi- iqtisadi şəraitdə enerji daşıyıcılarının nəqli, bu işə həvəs göstərən dövlətlərin, beynəlxalq maliyyə təsisatların və özəl strukturların cəlb edilməsi üçün birgə layihələrin həyata keçirilməsi üzrə bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir. 1999-cu ildə Qırğızıstanın ərazisinə soxulmuş terrorçular bütövlükdə region üçün ciddi təhlükə idi. Bütün bu məsələlərə toxunan Qazaxıstan prezidenti demişdir ki, ekstremistlərin açıq aşkar sərhədləri pozması regionu potensial qeyri- sabit əraziyə çevirə bilər. Özbəkistan Ali Məclisinin sədri Erkin Xəlilov, Türkmənistan Ali Məclisinin sədri Səhhət Muradov çıxışlarında Mərkəzi Asiya regionunun getdikcə nəhəng narkotranzitin bir hissəsinə çevrildiyini vurğulamışlar. Dövlət rəsmiləri cərəyan edən prosesləri təhlil edərək belə qənaətə gəlmişdilər ki, regionda qeyri-sabitliyin,narkobiznesin artmasının, terrorizmin güclənməsinin başlıca səbəbi Əfqanıstandakı ardı-arası kəsilməyən hərbi əməliyyatlardır.Rəsmi formada dəfələrlə qeyd olunmuşdur ki, əfqan probleminini hərbi yolla həll etmək mümkünsüzdür. Xüsusi vurğulanmışdır ki, Əfqanıstanda bir-biri ilə mübarizə edən tərəfləri başı müsibətlər çəkən əfqan xalqının sülhə və dincliyə qovuşması naminə danışıqlara başlamağın zəruriliyinə inandırmaqdan ötrü dünya birliyi BMT-nin himayəsi altında var qüvvəsi ilə səy göstərməlidir. Terror təhlükəsi ilə üz-üzə dayanmış Qırğızıstanın mürəkkəb vəziyyətində türkdilli dövlətlərdən siyasi dəstək alan prezident Ə.Akayev demişdir: “ATƏT-in 1999-cu ilin noyabrında İstanbulda keçirilmiş sammitində mən sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə və Avrasiya qitəsinin sabit inkişafına dair ATƏT ilə İKT arasında forum-dialoq keçirmək ideyasını irəli sürmüşdüm. Bu forumda təhlükəsizliyin bütün cəhətlərinə aid məsələləri kompleks müzakirə etmək olardı.Eyni zamanda həm ATƏT-in, həmdə İKT-nin üzvü olan ölkələrimiz belə bir dialoqun təşkilində vasitəçi kimi çıxış edə bilərdilər”. Akayevin fikrincə, türkdilli dövlətlərin “ikili” statusu həmin iki təşkilatın əlaqədar digər üzv dövlətlərini də forum-dialoqa cəlb etmək üçün əlverişli zəmin yaradır.Prezident güman etdiyini bildirmişdi ki, dünyanın 100-dən çox ölkəsinin daxil olduğu bu iki mötəbər beynəlxalq təşkilat arasında sıx əlaqələr yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsi bütün dünya birliyinin mühüm həyati mənafelərinə uyğundur.
Prezidentlər Mərkəzi Asiyanın terror təhlükəsi və separatizmlə üz-üzə dayanmasının dəhşətli fəsadlar verəcəyini bildirmişdilər. Məhz buna görə də müstəqillikləri hələ tam möhkəmlənməmiş region dövlətlərinin səylərini birləşdirməklə yanaşı, beynəlxalq qurumlar tərəfindən də dəstəklənməsinin vacibliyi vurğulanmışdı.Görüşdə çıxış edən azərbaycan prezidenti də respublikasının uzun illərdir, erməni terrorundan əziyyət çəkdiyini, Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarının 20%-i itirdiyini, bu baxımdan, dost Qırğızıstanın qarşılaşdığı problemin Azərbaycanda yaxşı dərk olunduğunu dilə gətirmişdi.
Türkdilli dövlət başçılarının Bakı şəhərində keçirilən VI zirvə toplantısının sonunda qəbul olunmuş bəyanatda əvvəlki yekun sənədlərinin varisliyi gözlənilərək qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirmək istəyi ifadə olunmuşdu. Terrorizmin getdikcə geniş şəbəkə yaratmasına qarşı birgə mübarizəni daha da intensivləşdirmək, bu istiqamətdə birgə səylərin artırılmasının vacibliyi vurğulanmışdı. Qarşılıqlı fayda verəcək Böyük İpək Yolunun bərpası və bu istiqamətdə Avropa Birliyinin fəaliyyəti açıqlanmışdı.
Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə toplantısı 2001-ci il aprelin 26-da İstanbul şəhərində oldu. Zirvə görüşü Türkiyədə siyasi sistemdə münasibətlərin mürəkkəbləşdiyi, yeni hökümət və prezident seçkilərindən sonraya təsadüf etdi. Bu baxımdan dövlət başçılarının görüşünün yeni seçilmiş prezident Əhməd Necdət Sezərlə tanışlıq xarakteri daşıdığını qeyd etmək olar. Sammitdə respublikaların müstəqilliyindən artıq 10 ilə yaxın bir vaxt keçdiyindən, bu dövr və gələcək perspektivlər də müzakirə mövzusuna çevrildi. Mərkəzi Asiyanın yeni siyssi gerçəklikləri, Türkiyənin regionun həyatında oynadığı rol, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsi məsələləri dövlət başçılarının diqqət mərkəzində oldu. Türkiyə mətbuatında dövlət başçıları sammitlərinə həsr olunmuş ümumiləşmiş analitik materiallarda xüsusi vurğulanırdı ki, XXI əsr ölkələrimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv siyasi dialoq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, xalqlarımız üçün isə ictimai tərəqqi və rifah əsri olacaqdır. “Bütün bunlara biz, əldə etdiyimiz tarixi nəaliyyətlərin – milli azadlığımızın, dövlət müstəqilliyimizin və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi sayəsində nail olacağıq”. Göründüyü kimi, türkdilli dövlət başçıları sammitlərinin diplomatik-siyasi münasibətlərin formalaşmasında mühüm rolu olmuş və bəhs etdiyimiz dövrdə qarşılıqlı əlaqələrin bütün sferalarına öz töhfəsini vermişdir.
2006-cı ildə Antalyada VIII, 2009-cu ildə isə Naxçıvanda IX sammit keçirilmişdir. Oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib. “Düzdağ” mehmanxanasının konfrans zalında keçirilən zirvə görüşünə Azərbaycan prezidenti İ.Əliyev, Türkiyə prezidenti A.Gül, Qazaxıstan prezidenti N.Nazarbayev,Qırğızıstan prezidenti K.Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini X.Saparlıyev qatılıblar.Öncəki zirvə toplantısında (noyabr 2006, Antalya) olduğu kimi, Özbəkistan bu sammitdə də təmsil olunmayıb. Tədbiri açıq elan edən Azərbaycan prezidenti İ.Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. Dövlət başçısı 1992-ci ildəki ilk zirvə görüşündənkeçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın surətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib.daha sonra tədbirdə Türkiyə prezidenti A.Gül çıxış edib. “Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə də daxil olmaqla Cənubi Qafqaz regionunda bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vaxtı çatıb”- deyən Türkiyə prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə xüsusilə əhəmiyyət verdiyini bildirib: “Azərbaycanın işğal altında olan torpaqlarında işğal faktorunun dərhal aradan qalxmasının zəruri olduğuna inanırıq. Artıq bunun vaxtı gəlib çatıb.Arzu edirik ki, Dağlıq Qarabağ münaqişəsi dialoq yolu ilə, diplomatik vasitələrlə həllini tapsın və bütün Cənubi Qafqaz bölgəsində sülh və əmin-amanlıq bərqərar olsun. Amma sözsüz ki, bu istək yalnız işğal faktoru aradan qalxdıqdan sonra gerçəkləşə bilər”.
Sonra Qazaxıstan prezidenti N.Nazarbayev, Qırğızıstan prezidenti K.Bakiyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini X.Saparlıyev çıxış ediblər.Çıxış edənlər ötən illər ərzində türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bildiriblər.
Sammitdə regionai və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə təkliflər səsləndirilib. Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş və Naxçıvan Bəyannaməsi imzalanıb.
2010-cu il sentyabrın 16-da Türkiyənin İstanbul şəhərində Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilib. Tədbirdə Türkiyə prezidenti A. Gül, Azərbaycan prezidenti İ. Əliyev, Qazaxıstan prezidenti N. Nazarbayev, Qırğızıstanın müvəqqəti prezidenti R.Otunbayeva, Türkmənistan prezidenti Q. Berdməhəmmədov iştirak edib. Zirvə toplantısında çıxış edən A. Gül bildirib ki, tədbirdə məqsəd türk dilində danışan xalqların ortaq problemlərini həll etmək, onların ortaq kökə söykənən tarixini gələcək nəsillər üçün qorumaqdır. Toplantı mətbuat üçün bağlı qapılar arxasında davam edib. Daha sonra dövlət başçılarının birgə mətbuat konfransı keçirilib. A. Gül bildirib ki, Zirvə Toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Onun sözlərinə görə, türkdilli ölkələrin Koordinasiya Şurasının katibliyi İstanbulda yerləşəcək və bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcək. Katibliyə Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Akınçı rəhbərlik edəcək. Şuranın baş katibinin hər ölkədən bir köməkçisi olacaq. Zirvə toplantısında müzakirə dilinin “Ali Türk Dili” olan Türkiyə Türkcəsi olmasına qərar verilib. Sammitin yekununda İsatanbul Bəyannaməsi imzalanıb. Bəyannamədə 3 oktyabr tarixinin Türk Dilində Danışan Ölkələr Günü elan edilməsi, Türk Əməkdaşlıq Şurasının yaradılması, Bakıda Türk Mədəni İrsinin Qorunması Fondunun yaradılması, elmi araşdırma və fəaliyyətlər üçün fond yaradılması, universitetlərarası birliyin qurulması məsələləri öz əksini tapıb. Növbəti zirvə toplantıları 2011-ci ildə Qazaxıstanda, 2012-ci ildə Qırğızıstanda keçirilmişdir..
Dostları ilə paylaş: |