TürklüK ÇAĞDAŞliq


Milli təmayüllü ideologiyalar



Yüklə 1,77 Mb.
səhifə10/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   6   7   8   9   10   11   12   13   ...   116
Milli təmayüllü ideologiyalar
Milli təmayüllü ideologiyalar uyğun olaraq milli məsə-lələrin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, milli dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qaldırılması və s.) əsas götürüldüyü ideologiyalardır. Bu ideologiyalar adətən milli problemlərin (müstəmləkəçilik, xarici təcavüz, milli ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) daha çox möv-cud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq hərəkatlarının ideologiyası kimi formalaşmışdır. Milli təmayüllü ideolo-giyalar qısa olaraq milli ideologiya da adlandırılır. Lakin “milli ideologiya” ifadəsi təmayülündən asılı olmayaraq hər hansı dövlətin qəbul etdiyi ideologiya, hər hansı xalqın tarixən formalaşmış dünyagörüşü və b. mənalarda da işlədilir. Biz bu ifadəni həmin mənalarda işlətməyəcəyik.

Milli ideologiyalar “millətçilik” və ya hansısa millətin adıyla da (türk millətçiliyi–türkçülük, ingilis millətçiliyi–ingilisçilik və s.) adlandırıla bilər. “Millətçilik” ifadəsi dar mənada isə insanların milli hislərini (milli özünüdərk, milli qürur, milli təəssübkeşlik, öz millətini sevmə və s.) və ondan doğan baxış və hərəkətlərini ifadə edir. Bu ifadə dar mənada bəzən “vətənpərvərlik”, “dövlətçilik”, “milli siyasət”, “milliləş-dirmə” və b. bu kimi mənalarda da işlədilir.

Məlumdur ki, milli şüurun ünsürləri (milli özünüdərk, milli təəssübkeşlik, öz milliyyətini fərqləndirmə və sevmə və s.), milli münaqişələr, hakimiyyət uğrunda etnoslararası mübarizə və s. hələ qədim dövrlərdən, daha dəqiq desək, etnosların yarandığı dövrdən mövcud olmuşdur. Həmçinin, hələ qədim və orta çağlarda xalqların müstəmləkəçiliyə qarşı azadlıq mücadilələri də baş vermişdir. Lakin həmin dövrlərdə milli ideyalar ideologiya səviyyəsində inkişaf etməmiş və əsasən dini təmayüllü ideologiyalar hakim olmuşdur. Milli dövlət quruculuğuna əsaslanan elmi-nəzəri görüşlər sistemi olan milli ideologiya isə xeyli sonra – tarixin yeni dövründə meydana çıxmış və imperiyalardan milli dövlətlərə keçid dövrü başlamışdır. Bu dövrdə ETT-nin baş verməsi və formalaşmağa başlayan liberalizmin azadlıq ideyaları milli ideologiyaların formalaşmasına böyük təsir göstərmişdir. Bu tarixi dövr aşağıdakı ictimai dəyişikliklərlə şərtlənmişdir:


  1. Sənayedə elmi-texniki tərəqqi (ETT);

  2. Kapitalist münasibətlərinin meydana çıxması;

  3. Burjua-demokratik və sosialist hərəkatlarının yaran-ması;

  4. İmperiyalarda milli ayrıseçkiliyin və müstəmləkəçi-liyin, imperialist qüvvələrin təcavüzkar siyasətinin güclənməsinə qarşı milli təmayüllü hərəkatların yaran-ması.

Bu mürəkkəb proses XVI-XVII əsrlərdən etibarən Qərbi Avropada başlamış, tədricən dünyaya yayılmış və müəyyən dərəcədə bu gün də davam etməkdədir. Qeyd olunan də-yişikliklərin hər biri müstəqil surətdə yox, biri-birini şərt-ləndirməklə baş vermişdir. Belə ki, sənayedə elmi-texniki tərəqqi kapitalist münasibətlərinin meydana çıxmasına, bu isə feodal qalıqlarına (dövlət hakimiyyətinin inhisarçılığına) qarşı burjua-demokratik hərəkatlarının, sinfi istismarçılığa qarşı isə fəhlə (sosialist) hərəkatlarının yaranmasına səbəb olmuşdur. Eyni zamanda ETT-nin və kapitalın hakim mövqeyə keçməsi kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin, həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin güclənməsinə səbəb olmuşdur. Bu zaman müstəmləkədə olan xalqların öz varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz müstəqilliklərini itirilmək təhlükəsi artmışdır. Həmin xalqların milli varlıqlarını itirmək təhlükəsinin yaranmasına ETT və təhsilin inkişafı da birbaşa təsir göstərmişdir. Belə bir şəraitdə inkişafa nail olmaq üçün qeyd olunan xalqlarda və dövlətlərdə maarifçilik, milli azadlıq və milli dövlət ideyaları, milli təmayüllü siyasi hərəkatlar və ideologiyalar meydana çıx-mışdır. Həmin hərəkatların fəaliyyəti nəticəsində tədricən imperiyaların zəifləməsi və parçalanması, milli dövlətlərin for-malaşması prosesi başlamışdır.

Onu da deyək ki, milli azadlıq və milli dövlət ideyaları qeyd olunan bu mürəkkəb tarixi dövrdə formalaşan aparıcı ideologiyalar (liberalizm və sosializm ), o cümlədən burjua-demokratik və sosialist hərəkatları tərəfindən bu və ya digər formada (ikincidərəcəli olsa da) qəbul edilmiş ideyalar olduğundan milli hərəkatlar bir çox hallarda öncə burjua-demokratik və ya sosialist hərəkatlarının daxilində formalaş-mış, sonradan onlardan ayrılaraq müstəqil hərəkatlara çevrilmişdir. Belə ki, milli problemləri daha öncə həll etmək istəyən qüvvələrin ayrıca hərəkat – milli azadlıq hərəkatı yarat-ması zərurəti yaranmışdır. Tarixdə ilk burjua inqilabı olan Niderland burjua inqilabı demokratik və mıilli azadlıq ideyalarını daşımışdır.



Beləliklə, bu dövrdə bir tərəfdən liberal (azadlıqçı) ideyaların inkişafı, digər tərəfdən də kapitalistləşən im-periyaların işğalçılıq və müstəmləkəçilik siyasətinin güc-lənməsi, eyni zamanda ETT-nin və təhsilin inkişafının dövləti olmayan xalqların milli varlığını itirmək təhlükəsini daha da artırması milli azadlıq hərəkatlarının yaranmasına təkan vermişdir.

Türk xalqlarında, o cümlədən Azərbaycanda baş vermiş bu tarixi proseslər haqqında kitabın “Türk millətçiliyinin yaran-ması və inkişafı” bölümündə daha geniş danışacağıq.

Milli ideologiyalarda milli mənəvi dəyərlərin (MMD) insanların həyatında və cəmiyyətin inkişafında rolu yüksək qiymətləndirilir və həmin dəyərlərin qorunub yaşadılması və yüksəldilməsi, bu dəyərlərə söykənən milli dövlətlərin qu-rulması, milli şüurun formalaşdırılması və milli münasibətlərin tənzimlənməsinin cəmiyyətin digər problemlərinin (iqtisadi, hüquqi, dini və s.) də həllinə şərait yaradacağı, onu asan-laşdıracağı əsaslandırılır. Həmçinin, millətlərin bərabərliyi prinsipini gözləməklə milli ideologiyanın yalnız bir millətin yox, bütün millətlərin, bütövlükdə bəşəriyyətin xoşbəxtliyinə yönəldiyi əsaslandırılır. Milli ideoloqumuz M.Ə.Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyimi bu prinsipi çox gözəl ifadə edir. Əslində millətlərin bərabərliyinin gözlənilməməsi bir prinsip kimi ideologiya anlayışına ziddir. Belə ki, bu bir millətin digərlərindən üstünlüyü, onlar üzərində hakimiyyəti (şovinizm) milli haqlara və ictimai ədalətə ziddir. İdeologiyanın isə, öncə qeyd etdiyimiz kimi məhz ədaləti bərqərar etməyə yönəldildiyi əsaslandırılmazsa o öz əhəmiy-yətini, mənasını itirər, sistemsizlik və ziddiyyət yaranar.

Bəzən səhvən millətçiliyi şovinizmlə eyniləşdirirlər. Əs-lində isə onlar biri-birinə zidd anlayışlardır. Belə ki, millətçilik millətlərin bərabərliyi, milli varlığın qorunması ideyasına əsaslandığı halda, şovinizm bir millətin üstünlüyü və digərləri üzərində hakimiyyəti ideyasına əsaslanmaqla digər millətlərin varlığına qarşı yönəlir. Ona görə də, şovinizm ifadəsi ideologiyanı yox, milli haqlara qarşı yönəlmiş bir mürtəce siyasəti ifadə edir.

Beləliklə, müasir dövrdə milli ideologiyanın əsas prin-sipləri milli varlığı (əsas ünsürləri – dil, folklor, tarix) qoruyub saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru inkişaf etdir-mək, nəticədə hər bir millətin rifahını və inkişafını təmin edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır. Göründüyü kimi, müstəqil, güclü və inkişaf etmiş milli dövlətə nail olmaq milli ideologiyanın əsas hədəfidir. Lakin xüsusi hallarda milli azadlıq hərəkatlarının, o cümlədən milli ide-ologiyanın hədəfi tam müstəqil dövlət yox, milli-ərazi və ya milli-mədəni muxtariyyət də ola bilər. Bu hal əsasən azsaylı xalqlar üçün xarakterikdir. Eyni zamanda azsaylı olmayan xalqlar da yaxın hədəf kimi və ya digər səbəblərdən həmin hədəfləri qəbul edə bilərlər.

Əgər bir millətin bir neçə dövləti mövcuddursa, bu zaman milli ideologiyanın ən böyük hədəfi bu dövlətlərin kültürəl, siyasi, iqtisadi, hərbi və b. sahələrdə birliyi ola bilər.

Milli ideologiyalarda iqtisadi, hüquqi, fəlsəfi və s. görüşlər müxtəlif ola bilər. Bu ilk növbədə milli xüsusiyyətlərdən, yerli şəraitdən, dövrdən, ideoloqların fərdi görüşlərindən və s. ası-lıdır. Kitabın növbəti bölməsində milli ideologiyamız olan türk millətçiliyin çağdaş dövrümüz üçün görüşlər sistemini geniş araşdıracağıq.

Tarixi təcrübə göstərir ki, milli problemləri həll etmədən digər problemlərin həllindən və ədalətli cəmiyyət quruculu-ğundan danışmaq yersizdir. Bu gün türk xalqlarının, o cümlə-dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var və ilk növbədə bu problemlər həll olunmalıdır. Ona görə də çağdaş dövrümüzdə inkişafımız üçün məhz milli ideologiya prinsiplərini qəbul etmək məqsədəuyğundur.

Müstəqil milli dövlət qurulduqdan sonra isə həmin dövlət-də milli ideologiya öz yerini başqa təmayüllü ideologiyalara verə bilər. Bu normal, qanunauyğun bir haldır. Belə ki, cəmiy-yətdə milli problemlər müəyyən qədər həll olunduqdan sonra digər problemlər (iqtisadi, hüquqi və s.) daha ön plana keçə bilər.

Hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin sənədlərində milli varlığın, o cümlədən MMD-in qorunması, xalqların öz müqəddəratını təyin etməsi, milli azlıqların hüquqları, milli ayrıseçkiliyin yolverilməzliyi və b. prinsiplər öz əksini tapmışdır. Məhz milli təmayüllü ideolo-giyalarda əsas yer tutan bu prinsiplərin belə mötəbər təşkilatın sənədlərində təsbit olunmasını bəşəriyyətin ən böyük nailiy-yətlərindən biri hesab etmək olar.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin