Qacarlar dövlətində milli ideyaların
formalaşması
Qacarlar dövlətində milli ideyaların formalaşmasında XIX əsrin ortalarında “Babilər”, əsrin sonlarında maarifçilik, XX əsırin əvvəllərində isə Məşrutə və Xiyabani hərəkatları mühüm rol oynamışdır.
Adı çəkilən hərəkatlara qədər isə ölkədə müasirləşmə meyli hələ XIX əsrin əvvəllərində vəliəhd, hərbi komandan, böyük türk sərkərdəsi Abbas Mirzə Qacar Qovanlının (1788-1833) yenilikçi islahatları ilə baş vermişdir. O, Osmanlı sultanı III Sultan Səlimin (h.d: 1789-1807) islahatlarından nümunə götürərək Avropa standartları ilə nizami ordu qurmuş, bunun üçün Avropadan hərbi mütəxəssislər cəlb etmiş, yeni hərbi texnika istehsal edən zavod açdırmış, hərbi sahədə Avropada yazılmış kitabların ölkəyə gətirilməsi və tərcüməsini təşkil etmişdir. Abbas Mirzə həmçinin, ölkədə ilk dəfə qurğuşun basması ilə işləyən mətbəə açdırmış, qəzet və kitablar nəşr etdirmiş, təhsil almaq üçün gənclərin Avropa ölkələrinə göndərilməsini təşkil etmişdir (1.41). Bu da gələcəkdə yenilikçi fikrin formalaşması və qərbmeylli inkişaf üçün mühüm əsas yaratmışdır.
“Babilər” hərəkatı 1848-52 illərdə sosial-iqtisadi ədalət-sizliklərə, feodal istismarçılığına və dövlətin xarici kapitaldan asılılığına qarşı yönəlmiş, bərabərliyi təbliğ edən dini təmayüllü hərəkat olmuşdur.
Hərəkatın ideoloji əsası Seyid Əli Məhəmməd Babın (1819-1850) dini təlimi olmuşdur. S.Ə.Məhəmməd qatı şiə təriqəti olan “şeyxilər” təriqətinin başçısı Seyid Kazımın ölümündən (1843) sonra təriqətə rəhbərlik etmiş, 1844-cü ildə “Bab” (ərəbcə “qapı”) adını qəbul etmiş, hətta 1847-ci ildə özünü zühur edəcək 12-ci imamın – Mehdinin təmsilçisi elan etmişdir. Bundan sonra o, həbs olunmuş, həbsxanada “Bəyan” əsərini yazmaqla “Babilik” təriqətinin əsasını qoymuşdur. O, bu əsərdə islam dininə münasibətdə islahatçı mövqedən çıxış etmiş, bir çox burjua-demokratik xarakterli ideyalar irəli sürmüşdür. S.M.Bab şahın əmri ilə Təbrizdə güllələnmişdir. Onun şagirdləri sonradan babilik əsasında “Bəhailik” təlimini yaratmışlar. Bu təlim isə babiliklə kosmopolit ideyaları birləşdirmişdir.
Babilərin birinci üsyanı Mazandaranda (sentyabr,1848), ikinci üsyanı Zəncanda (iyun-dekabr, 1848), üçüncü üsyanı Neyrizdə (iyun, 1848) baş vermiş, hər üç üsyan şah qoşunları tərəfindən yatırılmışdır. 1852-ci ildə üsyançılar tərəfindən Nəsrəddin şaha edilən uğursuz sui-qəsd cəhdindən sonra hərəkata və üsyanlara son qoyulmuşdur.
Babi üsyanları dövründə Qacarlar dövlətində baş nazir olmuş Mirzə Məhəmməd Tağı xan (“Əmiri-Nizam”, “Əmir-Kəbir”) (1808-1852) hərbi, iqtisadi və mədəni inkişafa yönəlmiş bir çox tədbirləri ilə yadda qalmışdır. O, ordunu yenidən qurmuş, ticarət və sənətkarlığın inkişafına çalışmış, bir sıra dövlət manufakturaları yaratmış, ilk dəfə qəzet nəşr etdirmiş (1851-ci ildə “Ruznameyi-Vaqeyi-İttifaqiyyə” qəzeti), əyan uşaqları üçün ilk dünyəvi məktəb açdırmışdır. M.M.Tağı xan şahın əmri ilə Kaşana sürgün edilərək öldürülmüşdür.
XIX əsrin sonlarında qeyri-bərabər müqavilələr nəti-cəsində xarici kapitalın təsiri altında olan Qacarlar dövlətində sosial-iqtisadi inkişaf zəif gedir, əhalinin sosial vəziyyəti ağırlaşır, kəsbkarlıq çoxalırdı. Bu dövrdə hakimiyyətə qarşı etirazlar güclənir, eyni zamanda maarifçilik və demokratik ideyalar inkişaf edirdi.
Qacarlar dövlətində XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcında mütərəqqi düşüncəli yazarlar və maarifçi şəxsiyyətlər (M.Xalxali (1823-1901), M.Y.Müstəşarüddövlə (1823-1895), H.M.Şükuhi (1829-1896), M.Mülküm xan (1833-1908), Ə.Talıbov (1834-1911), M.C.Qaracadaği (1835-1883), Z.Marağayi (1838-1910), C.Əfqani (1838-1897), M.Ə.Ləli (1845-1907), M.H.Rüşdiyyə (1851-1944), A.Kirmani (1854-1896), Ə.Səfərov, R.Sərraf (?-1907), M.A.Təbrizi (?-1915), M.Ə.Möcüz (1873-1934), M.Tərbiyət (1877-1940), H.Tağızadə (1878-1970), S.Səlmasi (1883-1909) C.Bağçaban (1886-1966) və b.) yetişmişdir ki, onlar geriliyi tənqid etmiş, dövlətin xarici kapitaldan asılılığını pisləmiş, elmin, təhsilin və milli sənayenin inkişaf etdirilməsinin zə-ruriliyini təbliğ etmiş, konstitusiyalı dövlət idarəçiliyini müdafiə etmiş və b. yenilikçi ideyalarla çıxış etmişlər. Bu ideyalar ölkədə milli-demokratik hərəkatların, o cümlədən məşrutə inqilabının baş verməsində mühüm rol oynamışdır.
XIX əsrin ikinci yarısında Qacarlar dövlətində nisbətən müasir tipli təhsil ocaqları da açılmışdır. Bunlara Təbrizdə açılmış “Mədrəseyi-Nasiri” (1869), Təbriz Dövlət Məktəbi – “Darülfünün” (1875), Təbriz Dövlət Mədrəsəsi (1877), Urmiyada Ali Tibb məktəbi (1878) və b. aiddir. İlk yeni üsullu (“üsuli-cədid”) məktəb isə böyük maarifçi, dildə türkçülük yönündə mühüm xidmətlər göstərmiş Mirzə Həsən Rüşdiyyə tərəfindən 1888-ci ildə Təbrizdə açılmış “Dəbestan” adlı türkdilli məktəb olmuşdur. M.H.Rüşdiyyə sonradan Tehranda da belə məktəb açmışdır.
Həmin dövrdə “Ruznameyi-Vaqeyi-İttifaqiyyə” (1951), “Azərbaycan” (1858), “Təbriz” (1879), “Mədəniyyət” (1884), “Şəbnamə” (1892-1906/11, türkcə), “Nasiri” (1893), “Maarif” (1896), “Əlhədid” (1897), “Ədəb” (1898), “Kamal” (1901), “Gəncineyi-fünün” (1902) və b. mətbuat orqanları da fəaliyyət göstərmişdir.
Lakin maraqlıdır ki, Qacarlar dövlətində əhalinin çox-luğunun və hakim sülalənin ana dili olan türk dilinin mövqeyinin gücləndirilməsi və saflaşdırılması məsələsi XX əsrin əvvəllərinə qədər ön planda olmamışdır. Bu dövrə qədər şifahi nitqdə türk dili üstünlük təşkil etsə də, yazılı nitqdə (mətbuat, yazılı sənədlər və s.) əsasən fars dilindən istifadə ənənəsi olmuşdur. Yalnız məşrutə inqilabı dövründən yazılı nitqdə türk dilindən istifadə genişlənmiş, o cümlədən türkdilli mətbuat formalaşmışdır.
Qacarlar dövlətində türk dilinin mövqeyinin güc-ləndirilməsi istiqamətində böyük maarifçi M.H.Rüşdiy-yənin xüsusi xidmətləri olmuşdur. O, ərəb qrafikasını türk dili əsasında təkmilləşdirmiş, “Ana dili”, “Vətən dili” adlı dərs-liklər də hazırlamışdır. Yuxarıda qeyd etdiyimiz kimi ilk yeni tipli (eyni zamanda türkdilli) məktəb də 1888-ci ildə M.H.Rüşdiyyə tərəfindən yaradılmışdır.
1890-cı illərin əvvəllərində Qacarlar dövlətində tənbəki emalı və ticarətinin ingilis kapitalisti Tolbotun inhisarına verilməsinə (9 mart, 1891) qarşı tənbəki üsyanı baş vermişdir. Tehran, Təbriz, İsfahan və b. şəhərlərdə kütləvi etiraz aksiya-ları keçirən üsyançılar 1891-ci ilin dekabrında ölkədə popiros çəkməyi haram elan etmiş, 1892-ci il, yanvarın 4-də şah sarayına hücum etmişlər. Nəticədə Müzəffərəddin şah Tolbotla bağlanan müqaviləni ləğv etməyə məcbur olmuşdur (5 yanvar, 1892-ci il). Bu üsyan xarici imperialist qüvvələrə qarşı müba-rizənin güclənməsində mühüm mərhələ olmuşdur.
Dostları ilə paylaş: |