Xalq Cümhuriyyəti dövründə Azərbaycanda
aparılan milli-demokratik islahatlar.
AXC türk dövlətçiliyi tarixində çox mühüm bir yer tutur. AXC tarixdə türk və hətta bütün müsəlman dünyasında qurulmuş ilk respublika olmuşdur. Bu respublika yarandıqdan sonra onun rəhbərliyinin 2 illik fəaliyyəti həqiqi milli, demokratik və dünyəvi dövlət quruculuğuna yönəlmiş, bu istiqamətdə mühüm islahatlar aparılmışdır. Belə ki, türk dili dövlət dili elan edilmiş (27 iyun, 1918), milli ordu yaradılmış (26 iyun 1918), milli polis orqanı yaradılmış (2 iyul, 1918), milli pul dövriyyəyə buraxılmış (1919-cu ilin əvvəlləri), milli ideologiyamızın əsas prinsiplərini özündə əks etdirən üçrəngli dövlət bayrağı qəbul edilmiş (9 noyabr, 1918), milli azlıqların da təmsil olunduğu parlament yaradılmış (1918-ci il, noyabrın 19-da bu haqda qanun qəbul edilmiş, dekabrın 7-də ilk iclas keçirilmiş, Ə.Topçubaşov sədr seçilmişdir), məktəblər milliləşdirilmiş (28 avqust, 1918), Bakı Universiteti yaradılmış (1918-ci il, sentyabrın 1-də bu haqda qanun qəbul edilmiş, noyabrın 15-də fəaliyyətə başlamışdır), ölkə vətəndaşları təhsil almaq üçün Avropa ölkələrinə göndərilmiş, qadınlara seçki hüququ verilmiş, kəndlilər torpaqla təmin edilmiş, işçilərin sosial müdafiə məsələləri irəli sürülmüş və b. bu kimi mühüm tədbirlər həyata keçirilmişdir.
Cümhuriyyət rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət yetirmişdir. Azərbaycan hökumətinin 1918-ci il, 28 avqust tarixli qərarına görə bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Hökumət müəllim kadrlar və dərslik çatışmazlığını Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi, qısamüddətli pedaqoji kursların açılması yolu ilə həll etməyə çalışmışdır. Bu dövrdə xeyli sayda müəllim kadrlar və ana dilində yeni dərsliklər hazırlanmışdır. 1919-cu ilin əvvəllərində ölkədə 600-dən çox ibtidai məktəb, 20-dən çox orta ixtisas məktəbi fəaliyyət göstərmişdir.
Cümhuriyyət rəhbərliyi milli şüurun inkişafı, tarix və mədəniyyətimizin toplanması və tədqiqi sahəsində də xüsusi tədbirlər həyata keçirmişdir. Bu tədbirlərə “Müsəlman Şərqini Öyrənən Cəmiyyət” (1919) və “Yaşıl qələm” (1919) ədəbi birliyinin yaradılması, Maarif Nazirliyində Arxeologiya şöbəsinin (1920) və parlament nəzdində “İstiqlal” muzeyinin açılmasını və s. misal göstərmək olar.
Bu qurumlar içərisində “Yaşıl qələm” ədəbi birliyi özünün geniş əhatəli fəaliyyət proqramı ilə seçilmişdir. Birliyin adındakı “yaşıl” ifadəsi bahar, oyanış, yenilik, ümid və nicat rəmzi kimi qəbul edilmişdir. Milli yazar Seyid Hüseynin (1887-1938) sədrliyi ilə 35 nəfərlə təsis edilmiş bu cəmiyyətin məramnaməsində aşağıdakı müddəalar öz əksini tapmışdır (3.13, s.186):
Cəmiyyətin məqsədi Azərbaycan xalqının fikri yüksəlişinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyə və sadələşməyə doğru sövq etməkdir.
Cəmiyyət məqsədinə girmək üçün:
-ədəbiyyatımızı təhlil və tarixi-ədəbiyyatımızı tərtib edəcək;
-yazıçılıq sənətinin təşviq və təğriblə sənət həvəskarlarını və gənc mühərrirləri bir araya toplayaraq, onları ədəbi bir ailə halına vəz etməklə aralarında yazı müsabiqələri açacaq;
-ədəbiyyatımıza ülum və fünuna aid konfranslar verəcək və referatlar tərtib edəcək;
-milli tariximizə və ənənatımıza aid əsərləri toplayıb nəşrinə çalışacaq;
-nəşriyyata əhəmiyyət verəcək, ədəbi məclislər və qəzetlər təsis edəcək;
-gənc ədəbi qüvvələri yeni ədəbiyyat üsulu ilə aşina edəcək, yeni fikirlərin onların arasında nəşvü-nümasına səy göstərəcək;
-xalqımızın istifadəsinə mucib olan bizə aid əcnəbi lisanlarda yazılmış mühüm əsərlərin dilimizə nəql və tərcü-məsinə, itib-batmış türk lüğətlərinin toplanmasına çalı-şacaqdır.
Böyük xeyriyyəçi H.Z.Tağıyev Cümhuriyyət dövründə də təhsil, maarif, mədəniyyət və mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak etmiş, son qəpiyini də əsirgəməmişdir.
Cümhuriyyət rəhbərliyi dini məsələləri tənzimləmək istiqamətində də ciddi tədbirlər həyata keçirmişdir. 1918-ci ilin dekabrında Qafqaz müsəlmanlarının birgə ruhani idarəsi yaradılmış və axund Ağa Əlizadə (1870-1954) bu idarəyə sədr – şeyxülislam təyin edilmişdir. Yeni şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərəqqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs olmuşdur.
1920-ci il, 25-28 apreldə 11-ci Qırmızı Ordunun Bakını işğal etməsi nəticəsində AXC süqut edir və Azərbaycan bolşevik Rusiyasının tərkibinə daxil edilir.
Dostları ilə paylaş: |