TürklüK ÇAĞDAŞliq


Çar Rusiyasında türkçülük ideyalarının formalaşması



Yüklə 1,77 Mb.
səhifə24/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   20   21   22   23   24   25   26   27   ...   116
Çar Rusiyasında türkçülük ideyalarının formalaşması
Milli ideyalar Rusiya tərkibindəki türk xalqlarında, o cümlədən Şimali Azərbaycan türklərində XIX əsrin orta-larından meydana çıxmış, ilk ictimai-siyasi təşkilatlar isə XX əsrin əvvəllərində yaranmışdıır. Qanunauyğun olaraq bu təşkilatlar ilk olaraq burjua-demokratik və ya sosial-demokrat hərəkatları fonunda meydana çıxmışdır.

Rus imperiyasında türkçülük ideyalarının inkişafının əsas mərkəzlərindən biri məhz Quzey Azərbaycan olmuşdur. Burada milli ideologiyanın formalaşması heç şübhəsiz ki, maarifçilik hərəkatından başlayır. Bu hərəkat XIX əsrin əvvəllərində A.A.Bakıxanov (1794-1847), M.Ş.Vazeh (1794-1852), Q.B.Zakir (1784-1857), M.Kazımbəy (1802-1870), İ.B.Qutqaşınlı (1806-1869) və b. tərəfindən başlanmış, əsrin sonları və XX əsrin əvvəllərində yüksək inkişaf səviyyəsinə çatmış və tariximizə çox mühüm töhfələr vermişdir. Bu hərəkatın ən görkəmli nümayəndələri kimi M.F.Axundzadə (1812-1878), S.Ə.Şirvani (1835-1888), M.M.Nəvvab (1833-1918), H.Zərdabi (1837-1907), M.Şahtaxtılı (1846-1931), M.T.Sidqi (1854-1903), Ünsizadə qardaşları, (S.Ünsizadə (1845-?) və b.), N.Vəzirov (1854-1926), M.Ə.Sabir (1862-1911), C.Məmmədquluzadə (1866-1932), S.Qənizadə (1866-1937), H.Mahmudbəyov (1864-1928), R.Əfəndiyev (1863-1942), F.Köçərli (1863-1920), Ə.Haqverdiyev (1870-1933), N.Nərimanov (1870-1925), M.S.Ordubadi (1872-1950), Ö.F.Nemanzadə (1872-1937), A.Səhhət (1874-1918), S.S.Axundov (1875-1939), A.Şaiq (1881-1959), Ü.Hacıbəyli (1885-1948) və b. adlarını çəkmək olar. Bu hərəkatın milli ideyaların təbliğində və milli şüurun formalaşmasında böyük rolu olmuşdur. Bu böyük maarifçilər tərəfindən milli azadlıq ideyaları açıq şəkildə təbliğ olunmasa da (buna çar senzurası imkan verməzdi), əhalini təhsilə cəlb etmək, ana dilimizdə yeni tipli məktəblər və mətbuat orqanları açmaq, bu dildə dərsliklər, lüğətlər, bədii və elmi əsərlər və s. yazmaq, tarix və mədəniyyətimiz üzrə tədqiqatlar apar-maq, milli incəsənət sahələrini inkişaf etdirmək, Qərbdəki ETT-ni və demokratik dəyərləri örnək götürmək, xurafata və təriqət ayrıseçkiliyinə qarşı mübarizə aparmaq, dinə elmi əsaslarla yanaşmaq, həqiqi islam dəyərlərini irəli çəkmək və s. istiqamətində mütərəqqi fikirlər təbliğ olun-muş və real işlər görülmüşdür. Bu isə məhz milli ideologi-yamızın millilik, müasirlik islam prinsiplərinə uyğun ideyaların təbliği və həyata keçirilməsi demək idi. Onu da qeyd edək ki, bu böyük işlər şovinist çar rejiminin ciddi təqib və təzyiqləri şəraitində həyata keçirilmişdir.

Azərbaycanın tarixi haqqında ilk geniş əhatəli və türkçü ruhlu tədqiqat (A.Bakıxanov, “Gülüstani-İrəm”, 1841), Azər-baycan türkcəsinin ilk elmi qrammatikası (M.Kazımbəy, “Türk-tatar dillərinin qrammatikası”, 1839), ilk türkdilli səhnə əsərləri (M.F.Axundzadənin komediyaları, 1850-ci illər), ilk yeni üsullu anadilli məktəb (1874, S.Ə.Şirvani tərəfindən Şa-maxıda), ilk tam türkdilli mətbuat orqanı (H.Zərdabi tərəfindən “Əkinçi” qəzeti, 1875), ilk milli tamaşa (1873-cü ildə “Hacı Qara” komediyası), ilk teatr binası (1883-cü ildə H.Z.Tağıyev tərfindən Bakıda), Qori seminariyasında ilk dəfə türk şöbəsinin açılması (M.F.Axundzadənin təşəbbüsü ilə onun ölümündən sonra 1879-cu ildə), ilk qiraətxana (1894-cü ildə N.Nərimanov tərəfindən Bakıda), ilk müasir tipli rus-tatar məktəbi (1875-ci ildə Qazaxda, 1880-ci illərin sonu, 1890-cı illərin əvvəllərində S.Qənizadə və H.Mahmudbəyov tərəfindən Bakıda), ilk rus-müsəlman qadın məktəbi (1901-ci ildə H.Z.Tağıyev tərəfindən Bakıda), ilk milli operanın səhnəyə qoyulması (1908-ci ildə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası) və b. mühüm tarixi hadisələr məhz həmin fədakar maarifçilərin səyi nəticəsində gerçəkləşmişdir. M.F.Axundzadənin hətta 1850-70-ci illərdə öncə ərəb, sonra isə latın qrafikası əsasında ortaq türk-müsəlman əlifbasının yaradılması ideyası ilə çıxış etdiyi də məlumdur. Bu da M.F.Axundzadənin türk birliyi yönündə ilk ideoloqlardan biri kimi qəbul olunmasına əsas yaratmışdır.

Maarifçilik hərəkatında vətənpərvər, xeyriyyəçi Azər-baycan milyonçuları – H.Z.Tağıyev (1838-1924), M.Nağıyev (1842-1919), M.Muxtarov (1865-1920) və b. mühüm rolu olmuşdur.

Quzey Azərbaycanda maarifçilik ideyalarının yayılma-sında ilk dövrdə (XIX əsrin sonuna kimi) əsas rol oynamış mətbuat orqanları “Əkinçi” (1975-77), “Ziya” (1879-80), “Ziyayi Qafqaziyyə” (1882-84), “Kəşkül” (jurnal: 1883-84, qəzet: 1884-91) və b. olmuşdur.

Azərbaycanın kənd bölgələrində rus müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı XIX əsrin sonlarında özünü qaçaq hərəkatı kimi göstərmişdir. Bu hərəkat əsasən çar hökumətinin torpaq məsələsində milli ayrıseçkilik siyasətinə, torpaqların və yerli idarəçiliyin yerli müsəlmanlardan alınıb gəlmə xristian əhalisinə verilməsinə qarşı yönəlmişdir. Sovet dövründə qaçaq hərəkatının mahiyyəti təhrif olunmuş, bu hərəkat məhz sinfi mübarizə kimi qiymətləndirilmişdir.

Rus imperiyasında türkçülük ideyalarının inkişafında Krımlı ziyalı İsmayıl bəy Qaspıralının (1851-1914) xüsusi yeri olmuşdur. O, “Rusiya müsəlmanlığı” əsərində (Simfero-pol, “Tavrida” qəzeti, 1881) və redaktoru olduğu “Tərcüman” qəzetində (1883-1918, Bağçasaray) yazdığı məqalələrdə maarifçilərin milliləşmə və müasirləşmə ideyaları ilə yanaşı ilk dəfə olaraq ortaq türk ədəbi dilinin yaradılması ideyası ilə çıxış etmişdir. Bu da türk millətçiliyinin bütün türk xalqlarını əhatə edən bir ideologiya səviyyəsinə yüksəlməsində mühüm addım olmuşdur. Məşhur “dildə, fikirdə və işdə birlik” deyimi də İ.Qaspıralıya məxsusdur. Bu baxımdan İ.Qaspıralını türk birliyi ideyasının ilk əsas ideoloqu hesab etmək olar.

Bu dövrdə rus imperiyasında türkçülük ideyalarının inki-şafında Kazan maarifçisi Şəhabəddin Mərcaninin (1818-1889) də xüsusi yeri olmuşdur. O, 1880-ci illərdə Kazan türk-cəsində yazdığı “Kitabi Müstəfadil-əxbar fi Əhval-i Kazan” əsərində milli mənsubiyyəti önə çəkmiş, millətçi ideyalar irəli sürmüşdür. O, dilin saflaşdırılmasının tərəfdarı olmuş, türklərin öz şərəfli tarixlərini öyrənmələrinin vacibliyini təbliğ etmişdir.

XX əsrin ilk illərində çar rejiminə qarşı etirazların güclən-məsi və I rus inqilabının (1905-07) baş verməsi rejimin nisbətən zəifləməsinə səbəb olmuş, bu isə həmin dövrdə maarifçilik ideyaları ilə yanaşı artıq milli birlikmilli azadlıq ideyalarının da irəli sürülməsinə və ilk ictimai-siyasi təşkilatların yaranmasına zəmin yaratmışdır. Əsrin əvvəllərində Azərbaycanda bu ideyalarla çıxış etmiş mütəfəkkirlərdən Ə.Hüseynzadə (1864-1940), Ə.Topçubaşov (1865-1934), Ə.Ağaoğlu (1869-1939) və M.Ə.Rəsulzadə (1884-1955) xü-susi yer tutmuşdur.

XX əsrin ilk illərində ictimai-siyasi fikrin ifadəçisi olan əsas mətbuat orqanları “Şərqi-rus” (1903-1905), “Dəvət-qoç” (1906), “Hümmət” (1904-05), “Həyat” (1905-06), “İrşad” (1905-08), “Molla Nəsrəddin” (1906-31), “Dəbistan” (1906-08), “Füyuzat” (1906-07), “Təkamül” (1906-07), “Tərəqqi” (1908-09), “Kaspi” (1881-1919-cu illərdə Bakıda rus dilində nəşr olunmuş, 1898-1907-ci illərdə redaktoru Ə.Topçubaşov olmuşdur) və b. olmuşdur.

XX əsrin ilk illərində yüzlərlə milli düşüncəli ziyalı və digər təbəqələrdən olan insanları birləşdirən ictimai-siyasi təşkilatlar meydana çıxmışdır.

Müsəlman Gənclər təşkilatı” 1902-ci ildə M.Ə.Rə-sulzadənin rəhbərliyi ilə Bakıda Azərbaycan-türk tələbə gəncləri tərəfindən yaradılmışdır. Gizli fəaliyyət göstərən təşkilat maarifçi ideyalar yaymaqla bərabər rus müs-təmləkəçiliyinə qarşı milli azadlıq ideyalarını da təbliğ etmişdir. Təşkilat həmçinin, fəhlələr arasında siyasi bə-yannamələr yaymış, sosial-demokrat ideyalarını da təbliğ etmişdir. Təşkilat bir müddət sonra “Müsəlman Demokratik Müsavat Cəmiyyəti” adı altında fəaliyyət göstərmişdir. Təşkilatın İranda da mərkəzi olmuş və məşrutə hərəkatında iştirak etmişdir. Təşkilata verilən “Müsavat” (“bərabərlik”) adının sosial-demokrat ideyaları ilə bağlı olduğunu güman etmək olar. Sosial-demokrat təmayüllü ilk siyasi təşkilat olan “Hümmət”in də məhz bu təşkilatın bazasında yarandığı məlumdur.

Hümmət” təşkilatı (Müsəlman Sosial-demokratik “Hümmət” təşkilatı) 1904-cü ilin axırlarında RSDFP-nin Bakı komitəsi nəzdində M.H.Mövsümov (1882-1907), M.H.Ha-cınski (1875-1931) və M.Ə.Rəsulzadə tərəfindən “Müsəlman demokratik Müsavat cəmiyyəti”nin əsasında yaradılmışdır. 1905-ci ildən bu təşkilata M.Əzizbəyov (1876-1918), N.Nərimanov (1870-1925), S.M.Əfəndiyev (1887-1938) və b. da daxil olmuşdur. Ə.Ağaoğlunun da bu təşkilatla əməkdaşlıq etdiyi məlumdur. Əsasən sosial-demokrat ideyalarının, həmçinin milli ideyaların yayılması istiqamətində fəaliyyət göstərmişdir. Sonradan millətçi düşüncəli hərəkatçıların təşkilatdan ayrılması nəticəsində bolşevik təşkilatı kimi qalmış və 1920-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərmişdir.

Rusiya Müsəlmanları İttifaqı” (İttifaqi-Müslimin) 1905-ci ildə böyük türkçü ideoloqlar – İsmayıl bəy Qaspıralı, Ə.Topçubaşov, Yusif Akçura (1876-1935), Əbdürrəşid İbrahimov (1857-1944) və b. rəhbərliyi ilə yaradılmışdır. Bu təşkilatın yaranması ümumtürk ideyalarının gerçəkləşməsi istiqamətində mühüm addım olmuşdur.

Təşkilatın ilk qurultayı (təsis qurultayı) 1905-ci ilin avqustun 15-də Nijni-Novqorod şəhərində (rəsmi icazə olmadığından Oka çayı yaxınlığında “Qustav Struve” gəzinti gəmisində) keçirilmişdir. Qurultayın daha əvvəl, bir neçə ay öncə keçirilməsinə təşəbbüs göstərilsə də çar rejimi buna icazə verməmişdir. Krımdan, Şimali Qafqazdan, Zaqafqaziyadan, Kazandan, Uraldan, Türküstan və Sibirdən 150-ə qədər nümayəndənin iştirak etdiyi qurultayda qəbul olunan qətnamədə ittifaq qarşısında aşağıdakı vəzifələr müəyyən edilmişdir (1.46, s.56-57):

1. Rusiya müsəlmanları bütün məsələlərdə – siyasi, mədəni, eləcə də Rusiyanın indiki vəziyyətindən asılı olaraq doğan məsələlərdə birgə olmalıdırlar.

2. Bütün ziyalı müsəlmanlar Rusiyanın qabaqcıl adamları ilə həmfikir olaraq, elə bir qanunun yaradılmasında iştirak edirlər ki, burada qanunlar xalqların seçdikləri nümayəndələrin iştirakı ilə yazılsın.

3. Müsəlmanlar qanuni yolla çalışmalıdırlar ki, onlara aid olan sıxışdırılma və haqsızlıq ləğv edilsin və onlar siyasi, dini və mülki məsələlərdə ruslarla bərabərhüquqlu olsunlar.

4. Müsəlmanlar öz ehtiyaclarını ödəmək üçün Rusiyanın indiki və gələcək vəziyyətindən çıxış edəcəklər. ...Bütün quberniyalarda öz ehtiyaclarına uyğun olaraq kitab, qəzet, jurnal nəşr etməyə, xalqa vəziyyət haqqında əsas məlumatları verməyə çalışacaqlar.

5. Dörd bənddə qeyd olunan məsələlərin həllinə nail olmaq üçün yerlərdə vaxtaşırı toplaşan yığıncaqlar təsis olunsun.

Qurultayda Bakı, Simferopol, Peterburq, Minsq, Həştər-xan, Kazan, Daşkənd, İrkutsk, Uralsk, Verniy, Petropavlovsk, Aşqabad və b. şəhərlərdə mərkəzlərin yaradılması planlaş-dırılmışdı.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin