4. Türk millətçiliyində üçlü sistem
Türk millətçiliyinin formalaşdığı dövrdən bu günə qədər üç əsas prinsip bir sistem şəklində bu ideologiyanın özülündə dayanmışdır: Türklük, Müasirlik, İslam. Mahiyyətcə bu üçlü sistemə uyğun ilkin fikirlərə XIX əsr Azərbaycan (H.Zərdabi, S.Ə.Şirvani, C.Əfqani və b.) və Osmanlı (Əli Suavi, İ.Şinasi və b.) maarifçilərində rast gəlmək olar. Sonradan bu ideoloji prinsiplər artıq bir şüar şəklində Ə.Hüseynzadə, Z.Göyalp, M.Ə.Rəsulzadə və b. ideoloqlar tərəfindən inkişaf etdirilmiş və türk millətçiliyinin ən ümumi prinsipləri kimi təsbit olun-muşdur. Hətta ilk türk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında da həmin prinsiplər uyğun olaraq mavi, qırmızı və yaşıl rənglərlə öz əksini tapmışdır. Bu gün də həmin üçrəngli bayraq respublikamızın dövlət rəmzidir. Tarixi təcrübə bu üç prinsipin nə qədər doğru və mükəmməl bir sistem təşkil etdiyini sübut etmişdir.
Birinci prinsip olan türklük – türk milli varlığını qoru-maq, yaşatmaq və yüksəltməyi, milli şüura və milli dövlətə sa-hib olmağı əks etdirir. Belə ki, burada türk dili, türk folkloru və türk tarixinin qorunması, yaşadılması və yüksəldilməsi ilə türk milli varlığını yüksəltmək, milli şüura sahib güclü, bütöv bir millətə çevrilmək nəzərdə tutulur. Bu proses başqa millətlərin milli haqlarına toxunmamaq şərti ilə həyata keçirilməlidir. Aydındır ki, milli varlığı qorumaq, yaşatmaq və yüksəltmək bütün millətlərin milli ideologiyasinin baş prinsipidir.
İkinci prinsip olan müasirlik – elmi-texniki tərəqqi, iqtisa-di inkişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğunu əks etdirir.
Bəzən müasirlik anlayışı yanlış mənalarda qəbul olunur və müasirlik məsələsi daim mübahisələrə səbəb olur. Ərəb mənşə-li “müasir” sözü hərfi mənada çağdaş, əsrə/dövrə uyğun, indiki, bugünkü mənasını verir. Bu mənada bu gün nə mövcuddursa ona müasir demək olar: müasir (bugünkü) Afrika, müasir (bugünkü) Əfqanıstan, müasir (bugünkü) Avropa və s. İdeoloji baxımdan isə, “müasir” sözü fərqli məna daşıyır. Bu mənada inkişafdan geri qalmış xalqlar (məsələn, bəzi Afrika qəbilələri), dini təmayüllü və ənənəvi idarəçiliyə malik dövlətlər (İran, Əfqanıstan, Vatikan, bəzi Afrika və Asiya ölkələri və s.) müasir sayılmır. Göründüyü kimi, ideoloji mənada “müasirlik” anlayışı inkişaf anlayışı ilə bağlıdır. İnkişafın əsas göstəri-cilərinə isə elmi-texniki və iqtisadi tərəqqi, hüquqi, demokratik dövlət quruculuğu və s. daxildir. Yəni, milli ideologiyamızdakı müasirlik prinsipi elmi-texniki və iqtisadi tərəqqidə, hüquqi, demokratik dövlət quruculuğunda inkişaf etmiş dünya ilə ayaqlaşmağı əks etdirir. Qeyd olunan göstəricilərə görə dün-yanın üç böyük inkişaf mərkəzi mövcuddur: Şimali Amerika (ABŞ və Kanada), Qərbi Avropa (Avropa Birliyinin aparıcı dövlətləri: Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şərqi Asiya (Yaponiya və Cənubi Koreya). Bu mərkəzlərdən bizə ən yaxını Avropa olduğundan “müasirlik” prinsipini “Avropalaşma” kimi də ifadə edirlər. Yəni elmi-texniki və iqtisadi inkişafda, hüquq sistemində, demokratik cəmiyyət quruculuğunda Avropa dövlətləri bizim üçün nümunədir və biz onların təcrübəsindən yararlanmalıyıq. Bu zaman milli mənəvi dəyərlərimizi qorumaq zəruri şərtdir. Belə ki, dövlətimizi gücləndirmək və inkişaf etdirmək üçün Avropadan yalnız elmi-texniki tərəqqini, təhsil, iqtisadiyyat və hüquq sistemini, demokratiyanı götürməliyik, onların milli mənəvi dəyərlərini yox. Təəssüflər olsun ki, millətimizə düşmən olan qüvvələr tərəfindən belə bir təbliğat aparılır ki, guya bizim milli mənəvi dəyərlərimiz (ailə ənənələrimiz, hətta musiqimiz, dilimiz, geyimimiz) inkişafımıza mane olur. Düşünülmüş şəkildə belə bir fikir aşılanır ki, guya Avropa kimi inkişaf etmək üçün məhz Avropa xalqlarının milli mənəvi dəyərlərini götürməliyik. Hətta bu gülünc fikri “elmi cəhətdən əsaslandırmağa” da ça-lışırlar, hətta insanlarımızı inandırıb, onlarda aşağılıq kom-pleksi yaratmağa da nail olurlar. Guya milli dəyərlərimiz müa-sirliyə və inkişafa ziddir, inkişafa nail olmaq üçün Avropa xalqlarının milli dəyərlərini də qəbul etməliyik. Yəni, məsələn, qadınlar açıq-saçıq giyinməli, ailə ənənələrinin “buxov”undan azad olmalı, insanlar xarici dildə danışmalı, əcnəbi musiqiyə qulaq asmalıdırlar və s. Bir sözlə, milli varlığımızı itirməliyik. Bütün bunların adını “müasirlik”, milliliyın adını isə “gerilik” qoymaqla mənəvi-psixoloji üsulla düşüncəmizə təsir göstərilir və insanlarda yanlış müasirlik düşüncəsi yaradılır. Əslində isə belə “müasirləşmə” yalnız əsarətə və geriliyə səbəb ola bilər. Bu məsələ haqqında kitabın növbəti bölmələrində daha geniş danışacağıq.
Üçüncü prinsip olan islam – türk millətinin əsrlərdən bəri qəbul etdiyi və şüurunda yaşatdığı islam dininin dəyərlərini qoruyub-yaşatmaq və yüksəltməyi əks etdirir. Lakin bu dini təmayüllü dövlət qurmağı nəzərdə tutmur. Əksinə, dini dövlət qurmağın (dini ehkamların qanunla məcburiləşdirilməsinin) dinin əsl mahiyyətinə zidd olduğu qəbul olunur.
Bəzən islam prinsipinin də mahiyyəti düzgün başa düşülmür, belə ki, bu prinsipi türklüyə və ya müasirliyə bir alternativ kimi qəbul etməklə sistemin ziddiyyətli olduğunu iddia edirlər. Əslində isə cəmiyyətin milli və dini mənsubiyyəti biri-birinə heç vaxt alternativ ola bilməz, əksinə onların paralel mövcud olması labüddür. Bu məsələyə növbəti bölmədəki “dini məsələlər” məqaləsində geniş toxunacağiq.
Milli ideologiyamızın görüşlər sistemində ayrı-ayrı məsə-lələri araşdırdıqca bu üçlü sistemin mahiyyəti və əhəmiyyəti daha da aydınlaşır. Həmin məsələləri isə kitabın ikinci və üçüncü bölmələrində araşdıracağıq.
Dostları ilə paylaş: |