Məşrutə (konstitusiya) hərəkatı XX əsrin başlanğıcında Qacarlar dövlətində konstitusiyalı monarxiyanı bərqərar etmək, eyni zamanda ölkəni xarici imperialist dövlətlərdən asılılıqdan azad etmək uğrunda mübarizə aparan burjua-demokratik və milli hərəkat kimi meydana çıxmışdır. Bu hərəkat Qacarlar dövlətində türk dilinin mövqeyinin güclənməsində xüsusi rol oynamışdır.
I rus inqilabının (1905-07) başlaması Qacarlar dövlətində də rejimdən narazı qüvvələrin inqilabi hərəkata başlamasına öz təsirini göstərir və bu dövrdə rejimə qarşı siyasi təşkilatlar formalaşmağa başlayır. Bu təşkilatlardan aparıcı yer tutanı 1905-ci ildə Quzey Azərbaycan sosial-demokratlarının (N.Nə-rimanov və b.) iştirakı ilə Güneydən olan inqilabçılar tərəfindən Bakıda yaradılan “İctimaiyyunəl-amiyyun” (sosial-demokrat) partiyası (qısa olaraq “Mücahid” partiyası) olmuşdur. Bu partiyanın fəal funksionerləri olan Əli Müsyo (1879-1910), Hacı Əli Davafuruş (1871-1912), Hacı Rəsul Sədəqyani (1879-?) və b. tərəfindən Təbrizdə yaradılmış “gizli mərkəz” inqilabda həlledici rol oynamışdır.
1905-ci ilin dekabrında Tehran, Təbriz, Kirman, Şiraz və b. şəhərlərdə ilk kütləvi nümayişlər baş verir. Davamlı etiraz aksiyalarının bütün ölkəni bürüməsi nəticəsində 1906-cı il, avqustun 5-də Müzəffərəddin Şah konstitusiya haqqında, 9-da isə məclisə seçkilər haqqında fərman verir. İnqilabçı qüvvələr tərəfindən əyalət əncümənləri formalaşdırılır. Bu əncümənlərdə məclis üçün nümayəndələr seçilir. Təbrizdə olan vəliəhd Məhəmmədəli Mirzə isə islahatlar ilə razılaşmır.
1906-cı il, dekabrın 30-da Müzəffərəddin Şah konsti-tusiyanın birinci hissəsini qəbul edir. Onun vəfatından sonra 1907-ci ilin yanvarın 19-da taxta çıxan Məhəmmədəli şah konstitusiyanı qəbul etmir. Həmin il, fevralın 8-də Təbrizdə ilk silahlı üsyan baş verir. İnqilabçılar tərəfindən formalaşdırılmış məclisin konstitusiyanın ikinci hissəsini qəbul etmək tələbini şah hakimiyyəti qəbul etmir. Aprel-iyun aylarında inqilabçılar tərəfindən silahlı dəstələr yaradılır və ölkədə vətəndaş müharibəsi başlayır. İnqilabçıların güclü təzyiqi nəticəsində 1907-ci ilin oktyabrın 7-də Məhəmmədəli şah konstitusiyanın ikinci hissəsini təsdiq etməyə məcbur olur. Lakin şah gizli əksinqilabi fəaliyyətini dayandırmır.
1908-ci il, iyunun 23-də şah ölkədə olan rus (kazak) qoşunlarının dəstəyi ilə əksinqilabi çevriliş edir. Məclis dağı-dılır, konstitusiya ləğv edilir. Bir çox vilayətlərdəki əncümənlər də dağıdılır.
Ərdəbil və Meşkindən başqa digər Azərbaycan vilayət-lərində isə inqilabçılar öz hakimiyyətlərini saxlaya bilirlər. Belə ki, Səttarxan (1867-1914) və Bağırxanın (1861-1917) fədai dəstələrinin əksinqilabçılarla qəhrəmancasına döyüşməsi nəticəsində inqilabçılar ilin sonuna qədər Təbrizdə və digər Azərbaycan əyalətlərində hakimiyyəti tam ələ alırlar və demokratik islahatlar keçirirlər. Üsyançılar həmçinin İsfahan, Rəşt, Buşəhr və Bəndər-Abbasda hakimiyyəti ələ alırlar.
1909-cu ilin yanvarın axırlarından Təbriz şəhəri yenidən şah qoşunları tərəfindən mühasirəyə alınır. Aprelin sonlarında çar qoşunları Cənubi Azərbaycan ərazilərinə, o cümlədən Təbrizə yeridilir. Şah qoşunları buradan çıxır. İnqilabçılar çar qoşunlarına müqavimət göstərmir. Fədai dəstələri çar qoşunları tərəfindən tərkisilah olunmağa başlayır.
Çar qoşunlarının Azərbaycan vilayətlərində olmasından istifadə edən İsfahan və Gilan inqilabçıları Tehrana hücum edir. 1909-cu il, iyulun əvvəlində Məhəmmədəli şah devrilir, onun 14 yaşlı oğlu Əhməd şah taxtda oturdulur. Keçmiş parlament nümayəndələrindən, nazirlərdən, varlı tacirlərdən, nüfuzlu ruhanilərdən ibarət “Ali məclis” (“Fövqəladə şura”) yaradılır. Konstitusiya bərpa edilir. Azərbaycan vilayətlərində də əncümən hakimiyyəti möhkəmlənir. Lakin Tehranda Sepəhdarın başçılığı ilə yaradılmış hökumət İngiltərə və Rusiyanın təzyiq və hədələri nəticəsində mücahid və fədai dəstələrinin tərkisilah olunmasına çalışır.
Bu dövrdə inqilabçı qüvvələr arasında da təşkilati ayrılma baş verir. Liberal qüvvələr tərəfindən “Etidaliyyun” partiyası, radikal demokratik qüvvələr tərəfindən isə İran Demokrat Partiyası (İDP) yaradılır. İDP-nin yaradılması və fəaliyyətində Şimali Azərbaycandan olan ziyalıların (M.Ə.Rəsulzadə və b.) xüsusi xidmətləri olmuşdur.
1909-cu il, noyabrın 15-də Azərbaycan nümayəndələrinin də iştirakı ilə açılan ikinci məclisdə Sepəhdar hökumətinin mücahid və fədai dəstələrinin tərkisilah edilməsi təklifi dəstəklənir.
1910-cu ilin aprelində Daxili İşlər Naziri Sərdar Əsəd tərəfindən Tehrana çağırılmış Səttarxanın 100 nəfərlik fədai dəstəsinə qarşı daşnak Yefremin silahlı dəstələri tərəfindən xaincəsinə hücum təşkil edilir. Səttarxan yaralanır. Səttarxan və Bağırxan Tehrandan buraxılmır. Lakin bu da inqilabı qıra bilmir və inqilabçı qüvvələrin, o cümlədən vilayət əncümən-lərinin hakimiyyəti öz fəaliyyətini davam etdirir.
Bundan bərk narahat olan imperialist İngiltərə və Rusiya 1911-ci ilin iyulunda keçmiş şah Məhəmmədəlini ölkəyə qaytarır. Avqustun 24-də əksinqilabi qüvvələr Təbrizə hücüm təşkil edir. Oktyabrın əvvəllərinədək davam edən ağır döyüşlərdən sonra hücum inqilab fədailəri tərəfindən dəf edilir. Ölkənin digər bölgələrində də əksinqilabçı qüvvələr məğlubiyyətə uğradılır. Məhəmmədəli ölkəni son dəfə tərk edərək Rusiyaya qayıdır.
Keçmiş şahın hakimiyyətini bərpa etmək cəhdi baş tutmayan Çar Rusiyası başqa yola əl atır. Rusiya səfirliyi 1911-ci il, noyabrın 29-da Amerikalı maliyyə müşavirinin ölkədən çıxarılması və başqa tələblərlə məclisə ültimatum verir. Məclis ültimatumu rədd edir. Dekabrın 25-də hökumətin silahlı dəstələri məclisi dağıdır. Yerlərdəki ciddi etirazlara baxmayaraq Samsamüssəltənə hökuməti ültimatumu qəbul edir. Məşrutə inqilabı süquta uğradılır və inqilabın nailiyyətləri ləğv edilir.
Dekabrın 20-26-da külli miqdarda çar qoşunları Təbriz üzərinə hücuma keçir. Fədai dəstələri güc fərqini nəzərə alıb müqaviməti dayandırır. Şəhər çar qoşunlarının nəzarətinə keçir. 1912-ci ilin əvvəllərində ölkədə olan çar və ingilis qoşunları tərəfindən digər vilayətlərdə də inqilab mərkəzləri dağıdılır, inqilabçılara divan tutulur və inqilabın nəticələri ləğv edilir.
Məşrutə inqilabı dövründə ölkədə türk dilinin mövqeyi xeyli güclənmiş, türkdilli məktəblərin və türkdilli mətbuat orqanlarının (“Azərbaycan”, “Ədalət”, “Ana dili”, “Məzəli”, “Zənbur”, “Həşərat-ol-ərz”, “Naleyi-millət”, “Molla Nəsrəd-din” və s.) sayı artmışdır. Lakin təzadlı məqam ondan ibarətdir ki, hərəkatın aparıcı qüvvəsi Azərbaycan türkləri, o cümlədən türk dilinin mövqeyinin yüksəldilməsi tərəfdarı olan ziyalılar olmasına baxmayaraq 1906-cı ildə qəbul olunmuş kons-titusiyada dövlətin rəsmi dili kimi fars dili qeyd olunmuşdur. Bunun səbəbi kimi, konstitusiyanın məhz ingilislərin təsiri altında yazılması göstərilir (3.107). Hər halda bu məsələnin daha dərindən araşdırılmasına ehtiyac var.
Məşrutə hərəkatı yatırıldıqdan sonra imperialist qüvvələr-dən asılı irtica hakimiyyəti yenidən bərqərar olur, demokratik təşkilatların və mətbuatın fəaliyyəti dayandırılır. Eyni zamanda imperialist qüvvələrin dəstəyi ilə dövlət idarəçiliyində farsların mövqeyi tədricən güclənməyə başlayır.
Birinci Dünya Müharibəsində (1914-18) bitərəf mövqe tutan Qacarlar dövlətinin ərazisində rus (şimal ərazilərində) və ingilis (cənub ərazilərində) qoşunları yerləşdirilir, Güney Azərbaycan ərazisi isə müharibə aparan tərəflərin döyüş meydanına çevrilir. 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabının baş verməsi və rus qoşunlarının Güney Azərbaycan ərazisindən çıxması İran-Qacar dövlətinə öz təsirini göstərir və burada keçmiş məşrutəçi Ş.M.Xiyabaninin (1879-1920) başçılığı altında milli-demokratik hərəkat yenidən baş qaldırır.
Dostları ilə paylaş: |