Sovet hakimiyyəti dövründə Quzey
Azərbaycanda milli hərəkat
Bolşevik istilasından sonra Azərbaycanın müxtəlif bölgələrində bolşevik hakimiyyətinə qarşı üsyanlar (1924-cü ilə qədər ümumi sayı 50-dən cox) baş vermişdir. Ən böyük silahlı üsyan 1920-ci il, mayın 25-26-da Gəncədə F.Xoyski və N.Yusifbəylinin başçılığı ilə baş vermişdir. Üsyanda S.Şıxlinski, M.M.Qacar, S.Kazımbəyov və b. hərbçilərin başçılığı ilə milli ordu əsgərləri iştirak etmişdir. Şəhərə göndərilmiş əlavə Qırmızı Ordu qüvvələri ilə mayın 31-ə qədər davam etmiş qanlı döyüşlərdən sonra üsyan yatırılmışdır. Üsyançılar 13 mindən çox hərbi və mülki şəxs, XI ordu isə 9 minə yaxın əsgər itirmişdir. Bu döyüşlərdə erməni silahlıları Qırmızı Ordu tərəfindən döyüşmüşdür. Milli hökumətin qurucularından olan F.Xoyski və N.Yusifbəyli sonradan öldürülmüşdür. Ümumiyyətlə, 1920-21-ci illərdə 50 mindən çox Azərbaycanlı bolşevik höküməti tərəfindən məhv edilmişdir.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın qərb və şimal-qərb ərazilərinin bir hissəsi Ermənistan və Gürcüstana verilmiş, nəticədə Azərbaycanın ərazisi 114 min kv.km.-dən 86,6 min kv.km-ə düşmüşdür. Qarabağın dağlıq hissəsində isə gəlmə ermənilər üçün muxtar vilayət (DQMV) yaradılmışdır (7 iyul, 1923). Bu tədbirlər bolşeviklərin mütərəqqi ideyalara əsaslandıqlarını, millətlərin bərabərliyini və milli haqlarını tanıyacaqlarını bəyan etmələrinə baxmayaraq onların əslində çar Rusiyasının milli ayrıseçkilik, şovinist və antitürk siyasətini özünəməxsus şəkildə davam etdirdiklərini göstərdi.
Bolşevik hakimiyyəti bərqərar olduqdan sonra Azərbaycandakı milli hərəkatçıların bir hissəsi xaricə mühacirət etmiş, ölkədə qalan milli hərəkatçıların isə bir qismi həbs olunmuş və öldürülmüş, bir qismi isə öz milli düşüncələrini gizlətməyə məcbur olmuş və ya gizli fəaliyyətə keçmişlər.
1920-ci il, aprelin 27-də M.Ə.Rəsulzadənin təşəbbüsü ilə bolşevik işğalına qarşı gizli Müqavimət Komitəsi (sədr – M.B.Məmmədzadə (1898-1959), baş katib – C.Cabbarlı (1899-1934)) yaradılır. Bu dövrdə F.Xoyski tərəfindən Tiflisdə Qurtuluş Komitəsi də yaradılır.
Aprelin 28-də isə Müsavatın fövqəladə konfransı keçirilir. Konfransın İnqilab Komitəsinə göndərdiyi qərarında göstərilir ki, əgər bolşeviklər vədlərinə əməl edib Azərbaycanın müs-təqilliyini təmin etsələr Müsavat onlara loyal mövqedə olacaq, əks təqdirdə müxalif mövqe tutacaq.
Əslində isə müsavatçılar bolşeviklərin bunu təmin etməyəcəklərini əvvəlcədən bildiklərindən bolşevik hakimiy-yətinə qarşı gizli fəaliyyətə keçirlər. Müvəqqəti Komitə Bakıda və bölgələrdə gizli təbliğat aparmağa başlayır. Hətta mü-savatçılar tərəfindən 19 nömrəsi çapdan çıxmış gizli “İstiqlal” qəzeti də çap olunur. Lakin 1923-cü ildə gizli mətbəə aşkar edilir və xeyli müsavatçı tutularaq sürgün olunur. Gənc mü-savatçılardan C.Cabbarlı, S.Hüseyn və b. isə 14 avqust bəyan-naməsi ilə siyasi fəaliyyətlərini dayandırdıqlarını bildirirlər. Lakin müsavatçılar yenə də öz gizli fəaliyyətlərini da-yandırmırlar. Onlar hətta Kommunist Partiyası sıralarında da fəaliyyət göstərirdilər.
1920-ci ilin oktyabrında Lahıcda həbs olunan M.Ə.Rə-sulzadə vaxtı ilə ölümdən qurtardığı keçmiş həmkarı İ.V.Sta-lin (1879-1953) tərəfindən azad edilərək Moskvaya aparılır. M.Ə.Rəsulzadə burada bir müddət Millətlər Komissarlığında mətbuat müvəkkili və Şərqşünaslıq İnstitutunda müəllim işlədikdən sonra 1922-ci ildə Müsavatın gizli Mərkəzi Ko-mitəsinin köməkliyi ilə Finlandiyaya keçir, oradan isə Al-maniyaya, Fransaya və Türkiyəyə keçir. O, 1922-ci ildə İstanbulda Müsavatın xarici bürosunu yaradır və milli hərəkatı mühacirətdə davam etdirir.
1923-cü ildə Türkiyədə M.Ə.Rəsulzadənin böyük əks-səda doğuran “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti, təşəkkülü və indiki vəziyyəti” əsəri çap olunur. Əsərdə Sovet hakimiyyətinin zorakı, müstəmləkəçi siyasəti ifşa olunur və bu sistemin gec-tez süquta uğrayacağı göstərilirdi.
1924-cü ildə İstanbulda Azərbaycan Milli Mühacirət Mərkəzi yaradılır. Həmin il Parısdə Azərbaycan, Gürcüstan və Şimali Qafqaz mühacirət mərkəzləri Vahid İstiqlal Təşkilatını yaradırlar. Sonradan Ukrayna mərkəzi də buraya daxil olur. 1925-ci ilın iyununda Parisdə həmin dörd mərkəzin bolşevizmə qarşı istiqlal uğrunda mübarizə aparmaq üçün bəyannaməsi də qəbul olunur. Həmin ilin sentyabrında Qafqaz milli mühacir mərkəzləri Millətlər Cəmiyyətinə Sovet Rusiyasının işğalçı planları haqqında memorandum göndərir və Qafqazda müstəqil konfederativ dövlətin yaradılmasını təklif edirlər.
Bu dövrdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə çap olunmuş “Yeni Qafqaziya” (1923-27), “Azəri Türk” (1928), “Odlu yurd” (1929-31) və b. qəzet və jurnallarda Sovet imperializminə qarşı milli azadlıq ideyaları təbliğ olunmuşdur. Lakin SSRİ-nin şantajlı təzyiqləri nəticəsində bu mətbuat orqanları bağlanır və Türkiyədə mühacir hərəkatının fəaliyyəti dayandırılır. Bundan sonra bu hərəkat Avropa ölkələrində davam etdirilir. Hərəkatçılar tərəfindən Almaniyada “İstiqlal” qəzeti (1932-34), “Qurtuluş” məcmuəsi (1934-38), fransızca “Azərbaycan” qəzeti, türkcə “Müsavat” bülleteni, fransızca “Promotey” məcmuəsi və b. mətbuat orqanları fəaliyyət göstərmişdir.
Mühacirət hərəkatında Ə.Topçubaşovun da xüsusi xidmətləri olmuşdur. O, beynəlxalq təşkilatlarda (Millətlər Cəmiyyətində (1920), London (1922), Genuya (1922) və Lozanna (1923) konfranslarında) bolşeviklərin şovinist siyasətini tənqid edən çıxışlar etmişdir. 1930-cu ilin mayında isə Ə.Topçubaşov Millətlər Cəmiyyətinə Sovet dövlətinin kollektivləşdirmə siyasətini ifşa edən nota göndərmişdir.
Türkiyədə mühacirətdə olan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.B.Məmmədzadə, C.Hacıbəyli (1891-1962) və b. ziyalılar milli azadlıq ideyalarını təbliğ edən əsərlərlə yanaşı tariximiz və mədəniyyətimizlə bağlı tədqiqat əsərləri də ya-ratmışlar.
Mühacir mərkəzləri Azərbaycandakı gizli fəaliyyət gös-tərən təşkilatlarla, hətta milli təmayülçü kommunistlərlə əlaqə saxlamışlar. 1932-ci ildə Xəlil İbrahimov (1892-1938) tərəfindən mühacir hərəkatçılarla əlaqəli gizli mərkəz də yaradılmışdır.
1936-cı ilin avqustunda Müsavatın Varşavada konfransı keçirilir. Bu konfrans partiyanın 17 illik fasilədən sonra keçirilən ilk rəsmi yığıncağı olmuşdur. Partiyanın həmin konfransda qəbul etdiyi "Yeni Proqram Əsasları"nda Azərbaycanı rus istilasından qurtarmaq və onu qeyd-şərtsiz müstəqil bir dövlət halında yaşatmaq əsas hədəf kimi götürülmüşdür.
Yeni Proqram Əsaslarında müsavatçılığa aşağıdakı kimi tərif verilmişdir:
Dostları ilə paylaş: |