Qeyri-səmavi dinlər xalqın mifologiyasından gələn şifahi ənənələr şəklində yaranan dinlərə deyilir. Yəni, qeyri-səmavi dinlər xalq yaradıcılığına – folklora əsaslanır. Belə dinlərin şifahi ənənələri yazıya da köçürülə, müqəddəs kitab halına da salına bilər. Bu dinlərə Şamançılığı, Sintoizmi, Konfusizmi, Buddizmi, bütpərəst və çoxallahlı dinləri və s. misal göstərmək olar. Bu dinlərin xadimləri müxtəlif adlarla (“kahin”, “şaman” və hətta “peyğəmbər”) adlandırılır.
Qeyri-səmavi dinlər daha çoxsaylı və daha qədimdir. Tarixən ilk olaraq məhz qeyri-səmavi dinlər yaranmışdır. Həmçinin, qeyri-səmavi dinlərdə olan müəyyən ənənələrin (rəvayətlərin, ehkamların, ayinlərin və s.) sonradan yaranmış səmavi dinlərdə də mövcud olduğu məlumdur. Ümumiyyətlə, bütün dinlər ortaq kökünü ən qədim mifologiyalarda tapır. Yazılı mənbəyə malik ən qədim mifologiya kimi Şumer mifologiyası buna əyani misaldır. Belə ki, dini kitablardakı bir çox rəvayətlərin analoji variantının hələ qədim şumer mifologiyasında mövcud olduğu məlumdur.
Qeyri-səmavi dinlərın ənənələri daim dəyişilir və çoxşaxəli olur. Hətta bir xalqın başqa dini qəbul etməsi nəticəsində bu ənənələr dini xarakterdən çıxıb sadəcə digər milli ənənələr kimi yaşaya bilər.
Dinlər insan cəmiyyətində bir tarixi zərurət kimi meydana çıxmışdır. Dinsiz cəmiyyət və millət yoxdur. Dinsiz cəmiyyət və millət olmadığından, bütün millətlər öz milli ideo-logiyalarında millətin dini etiqadına xüsusi yer vermişdir. Bu bir zərurətdir. Hətta milli ideyaların yayılmasında və həyata keçirilməsində din ocaqlarının, məscidlərin, kilsələrin xüsusi rolu olmuşdur və bu gün də var. Təsadüfi deyil ki, xristian aləmində kilsələrin məhz millətin adı ilə adlanması (“rus kilsəsi”, “erməni kilsəsi”, “fransız kilsəsi” və s.) mövcuddur. Bu müəyyən mənada millətçiliklə dinin birləşməsidir. Mil-lətçiliyin dinlə birləşməsi isə, milli ideologiyanın təsir gücünü daha da artırır.
Uzaqgörən milli ideoloqlarımız da türk xalqlarının əsrlər boyu yaşatdığı və yüksəltdiyi islam dinini milli ideologi-yamızda türklük və müasirliklə birgə bir prinsip kimi qəbul etmişlər. Lakin, milli ideologiyamızda dinin bir prinsip kimi qəbul olunması heç də dini ideologiya demək deyil. Çünki, hədəf dini təmayüllü dövlət qurmaq deyil.
Ümumiyyətlə, islam dininin türk millətçiliyində bir prinsip kimi qəbul olunması bu günə qədər də birmənalı qəbul olunmur. Hətta bunun ziddiyyətli olduğunu iddia edənlər və əleyhinə çıxanlar da var. Türkçülükdə islamın bir prinsip kimi qəbul olunmasını ziddiyyətli hesab edənlərin əsas arqumentləri aşağıdakılardır:
1. Millətçiliyin dinlə bir araya sığmadığının, başqa sözlə, millətçinin dinçi, dinçinin isə millətçi olmasının qeyri mümkün oldığının iddia edilməsi. Öncə qeyd etdiyimiz kimi dinsiz millət yoxdur və millətin mütləq bir dini etiqadı olmalıdır. Hətta bir çox qeyri-səmavi dinlər xaraktercə folkor olmaqla onları yaradan xalqların MMD-nə birbaşa daxildir. O ki qaldı millətin sonradan qəbul etdiyi səmavi dinlərə (türklərin qəbul etdiyi islam), bu dinləri də millət qəbul edib yaşatdıqca öz mənəvi dəyərləri ilə, folkloru ilə zaman-zaman çulğalaşdırır, hətta bəzi milli ənənələr sonradan qəbul edilmiş dinin ənənəsi kimi qəbul olunur. Belə olan halda dinçinin millətçi olmasında nə ziddiyyət ola bilər? Burada ziddiyyətin olub-olmaması yal-nız dinin necə qəbul olunmasından asılıdır. Əgər milli haqların tanınması və milli dövlətlərin qurulması dinə zidd hesab olunmursa, millətçiliyin dinlə heç bir ziddiyyəti ola bilməz.
Milli ideologiyanı qəbul etmək, millətçi olmaq dindən imtina etmək demək deyil. Başqa sözlə, milli mənsubiyyəti yüksəltmək dini mənsubiyyəti inkar etmir, çünki onlar biri-birinə alternativ deyil. MMD dini əvəz edə bilməz, əksinə onlar paralel mövcud olur və öz dini ilə millət daha güclü və mütəşəkkildir. Milli ideologiyamızdakı islam prinsipi də islam dəyərlərini qoruyub yaşatmağı əks etdirir ki, bu da türk millətinin daha güclü millət olmasına xıdmət edir.
2. İslam dininin “türkün milli dini” olmadığından milli ideologiyaya daxil edilməsinin yanlış hesab edilməsi. Öncə qeyd edək ki, islam dini səmavi din olmaqla heç bir millətin (o cümlədən ərəblərin) folkloru deyil. İslamın ehkamlarının isə türk xalqlarının MMD-nə və islamaqədərki əsas dini eti-qadlarına (Göy-Tanrıçılıq, Zərdüştlük) uyğunluğu ilə seçilir (1.19, 3.64 və s.). Digər tərəfdən, sonuncu səmavi din olmaqla islamın, elmiliyi ən yüksək səviyyədə olan mükəmməl din olduğu təsdiq edilir. Türklərin islamaqədərki dini etiqadlarını qaytarıb bu səviyyədə bir din formalaşdırmaqdan isə (bu versiya ilə çıxış edənlər də var) söhbət gedə bilməz. Əslində həmin etiqadlardan qalma bir çox ənənələr bu gün islamla birləşdirilir (islam dininə aid ənənə kimi tanınır) və ya milli ənənə kimi yaşadılır.
Türk milləti islam dinini 14 əsrdən çoxdur ki, şüurunda və ənənələrində yaşadır. İslam türk folkloru və türk tarixində özünə yer etmişdir. İslam dininə söykənən xeyli sayda türk dövlətləri qurulmuşdur. Ona görə də bu gün islamı türk millətinə yad bir din hesab etmək qətiyyən doğru deyil. Əksinə, bu din Ərəbistanda yaransa da, onu yaşatmaqda və yüksəlt-məkdə türklər heç də ərəblərdən geri qalmayıblar, bəlkə də daha irəli gediblər.
3. “İslam” prinsipinin “müasirlik” prinsipinə zidd hesab olunması. Türkçülükdə “islam” prinsipi dini təmayüllü dövlət qurmağı, yəni dini ehkamların dövlət qanunları ilə məcburi-ləşdirilməsini nəzərdə tutmur. Bu dinin öz mahiyyətinə də zidd hesab olunur. Belə ki, insanların dövlət cəzasından qorxduğuna görə dini ehkamlara məcburi riayət etməsi həqiqi möminlik sayıla bilməz. Dini ehkamlara riayət etməyin əsasında dövlət cəzasından qorxmaq yox, yalnız və yalnız iman dayanmalıdır. Ona görə də milli ideologiyamızda islam dininin elmi əsaslarla, xurafatdan və təriqətçilikdən kənar öyrənilməsi və təbliği nəzərdə tutulur.
Cəmiyyətin və dövlətin inkişafında ən mühüm məsə-lələrdən biri də mürtəce dini təriqətlərdən qorunmaqdır. Dini ehkamlar həddən artıq “sürüşkən”dir. Yəni, bu ehkamlar ən müxtəlif mənalarda yozula – təfsir oluna bilər. Bu xüsusiyyət bəlkə də dinlərin ən zəif cəhətidir. Dini ehkamlar “sürüşkən” olduğundan və dini ideyaların cəmiyyətdə təsir gücü yüksək olduğundan imperialist qüvvələr tarixən dinlərdən öz imperia-list siyasətlərində istifadə etmişlər və bu gün də etməkdədirlər. Belə ki, imperialist qüvvələr tərəfindən müxtəlif mürtəce dini təriqətlər uydurulmuşdur ki, bu təriqətlərin fəaliyyəti dövlət-lərin inkişafdan qalmasına, təsir altına düşməsinə və hətta parçalanmasına xidmət edir. Ona görə də dinin öyrənilməsində və təbliğində ilk növbədə elmi yanaşma olmalıdır.
Dostları ilə paylaş: |