Azərbaycan türkcəsində
“rusdillilik xəstəliyi”
Rus imperiyası dönəmində, xüsusən sovet dövründə orta və ali təhsilini rus dilində almış, ədəbi türkcəmizi yaxşı bilməyən (hətta bəzən heç bilməyən) Azərbaycanlı ziyalılar nəsli yetişmişdir. Qeyri-rus xalqlarını rus məktəblərində oxumağa cəlb etmək və öz dillərini tədricən onlara unutdurmaq imperiyanın assimilyasiya siyasətinin tərkib hissəsi olmuşdur. Eyni zamanda elmi ədəbiyyatlar rus dilinin inhisarında saxlanılmış, elm və tədris mərkəzləri, elm tutumlu sənaye sahələri əsasən mərkəzdə yerləşdirilmiş və qeyri-rus xalqlarının ziyalıları daha çox bura cəlb edilərək onların zehni əməkləri istismar olunmuşdur. Şərait elə olmuşdur ki, qeyri-rus xalqlarının ziyalıları maddi maraq və karyera naminə mərkəzdə ali təhsil və elmi dərəcə almağa, orada işləməyə meylli olmuşlar. Nəticədə müstəmləkə respublikalarda, o cümlədən Azərbaycanda ETT, elm tutumlu sənaye sahələri, iqtisadi və mədəni inkişaf səviyyəsi mərkəzdən xeyli geri qalmışdır. Bunun nəticəsində də, xalqımız müstəqillik qazandıqdan sonra iqtisadiyyatda və bir çox digər sahələrdə inkişaf üçün demək olar ki, “sıfır”dan başlamalı oldu.
Nə qədər qəribə olsa da, müstəqillik əldə etdiyimizdən sonra yeni yazılan kitablarda, rəsmi yazılarda, müsahibələrdə və s. ciddi dil xətalarına daha çox rast gəlinir. Sovet imperiyası dövründə isə, ədəbi dilimizin daha az işlənməsinə baxmayaraq, dilimizdə leksik və qrammatik səhvlərə demək olar ki, yol verilmirdi. Bunu onunla izah etmək olar ki, sovet dövründə yazılı və şifahi nitqdə ədəbi dilimizdən yalnız bu dili təmiz bilən insanlar istifadə edirdilər və səhvə yol vermirdilər. Dilimizi yaxşı bilməyənlər isə bir qayda olaraq rus dilində yazır və danışırdılar. Çünki, rus dili həmişə hər yerdə keçərli olduğundan türk dilində yazmaq və danışmaq zərurəti yox idi. Müstəqilliyimizdən sonra bu zərurət meydana çıxdığından rusdilli insanlar türkcəmizdə yazmağa və danışmağa məcbur oldular. Lakin təəssüflər olsun ki, bu insanlar türkcəmizdə leksik, fonetik və qrammatik səhvlərə çox tez-tez yol verərək müqəddəs milli dəyərimizi korlayırlar. Bu isə millətimizi alçaldan, milli qürurumuza toxunan bir haldır. Qəribədir ki, müstəqilliyimizdən 22 il keçməsinə baxmayaraq, bu insanların böyük əksəriyyəti hələ də doğma türkcəmizi öyrənmək məsuliyyətini hiss etmirlər. Sanki, elə belə də olmalıdır. Bəzən elə alimlər, bir neçə xarici dil bilən ziyalılar, dövlət məmurlarına rast gəlirik ki, bu qədər titulu qazana bildikləri halda öz ana dillərini bilmək qarşısında sanki aciz qalıblar. Halbuki onlar istəsələr qısa müddətdə, asanlıqla bu qüsurlarını aradan qaldıra bilərlər.
Ən qorxulusu odur ki, rusdillilərin dilimizə gətirdikləri bu “yeni qaydalar”, tədricən kütləvi xarakter alaraq normal hal kimi qəbul oluna bilər. Halbuki, bu “yeni qaydalar” minilliklər boyu qoruyub-yaşatdığımız gözəl dilimizin ana prinsiplərinə, qrammatik özəlliklərinə zidd, rus dilinə məxsus ünsürlərdir.
Yazılı və şifahi nitqdə ədəbi dilimizi korlayan bu rus ünsürləri özünü həm leksik, həm fonetik, həm də qrammatik xətalarda göstərir.
Dostları ilə paylaş: |