Hüquq və hüquq sistemi anlayışları
Hüquq anlayışı çoxmənalı və çoxşaxəli anlyışdır. Qeyri-elmi kateqoriya kimi (leksik mənada) hüquq dedikdə şəxslərin “ədalət çərçivəsində” iradə və hərəkət azadlığı (haqq, ixtiyar, “təbii hüquq”) başa düşülür. Elmi termin kimi isə hüquq anlayışı dövlət anlayışı ilə bağlıdır. Belə ki, elmdə hüquq – dövlət tərəfindən müəyyən olunan ümumi-məcburi norma-lar sistemi kimi qəbul olunur. Yəni, tarixən dövlətlərin hələ formalaşmadığı dövrdə hüquq da mövcud olmamışdır. Düzdür, hələ dövlətlər formalaşmamış qəbilələrdə və tayfalarda başçı, idarəçilik, ailə-məişət adətləri, ümumi-spontan davranış qaydaları mövcud olmuşdur. Lakin, bu normalar cəmiyyətdən-kənar, cəmiyyətüstü qüvvə tərəfindən ümumi-məcburi xarakter daşımadığından hüquq normalarına aid edilmir. Dövlətlərin yarandığı ilkin dövrlərdə isə, ümumi məcburi normalar məhz dövlətəqədərki qəbilə-tayfa adət-ənənələrinə əsaslanmışdır. Belə hüquq normalarına elmdə adət hüququ deyilir.
Qədim dövrdən hüquq təbii və pozitiv olmaqla iki yerə bölünmüşdür. Təbii hüquq dedikdə insanların doğuluşdan malik olduqları, təbiətdən, Allahdan gələn dəyişməz hüquqları (yaşamaq, işləmək, qidalanmaq, şəxsi əmlaka sahib olmaq və s.) başa düşülür. Dövlətin özünün mövcudluğu da təbii hüquq hesab olunur. Pozitiv hüquq dedikdə isə dövlət orqanları tərəfindən yaradılan, dəyişdirilə bilən hüquqlar başa düşülür. Dövlətin təbii hüququ pozması yolverilməz hesab olunur.
Dövlətlər inkişaf etdikcə hüquq daha çox hakim təbəqənin mənafeyini qoruyan normalarla zənginləşmiş, daha çox sub-yektiv xarakter daşımış və adət əsasları tədricən zəifləmişdir. Lakin adət-ənənələrə əsaslanan spontan davranış qaydaları xalq arasında yaşamış və bu günə qədər də öz əhəmiyyətini itirməmişdir.
Dövlətlər inkişaf etdikcə hüquq insanların həyatının daha çox sahəsini (dövlət idarəçiliyi, iqtisadi münasibətlər, cinayətkarlıq və s.) əhatə etmiş, hüququn strukturu genişlənmiş və cəmiyyətdə ayrı-ayrı hüquq sahələri formalaşmışdır. Hüquq sahələri (dövlət (konstitusiya) hüququ, inzibati hüquq, maliyyə hüququ, torpaq hüququ, mülki hüquq, əmək hüququ, ailə hüququ, mülki-prosessual hüquq, cinayət hüququ, cinayət prosessual hüquq, islah-əmək hüququ və s.) nisbi müstəqilliyə malikdir. Hüquq sahələri yarımsahələrə, yarımsahələr isə öz növbəsində hüquq institutlarına bölünür. Hüquq institutları isə hüquq normalarından formalaşır. Hüququn bu komponentləri müstəqil yox, biri-biri ilə qarşılıqlı vəhdətdə, əlaqədə və təsirdə fəaliyyət göstərir və onların məcmusu hüququn sistemi adlanır. Lakin hüququn sistemi anlayışı ilə hüquq sistemi (və ya hüquqi sistem) anlayışları fərqlidir.
Dostları ilə paylaş: |