ANA GÖZLƏRİNDƏN AXAN GÖZ YAŞI!
Sevinc bulağıydım, qurutdu məni,
Elə bil varımdan yox etdi məni,
Şam kimi yandırdı, əritdi məni,
Ana gözlərindən axan göz yaşı!
Ötməmiş ömrünün hələ yarısı,
Niyə üz döndərdi görən Tanrısı?
Övlad ağrısıdır, övlad ağrısı,
Ana gözlərindən axan göz yaşı!
Çöküb çöhrəsinə dünyanın qəmi,
Başqa donda görür sanki aləmi,
Allahdan istəyir dərdə məlhəmi,
Ana gözlərindən axan göz yaşı!
Qara gözlərindən hiss olunur ki,
Kədərdən solubdur hüsnünün rəngi,
Qəmdən yox, sevincdən axaydı təki,
Ana gözlərindən axan göz yaşı!
23 may 2007
BİZƏ YAZDAN XƏBƏR VERİR
Təbiətin oyanması,
Qar donunu soyunması,
Əlvan rəngə boyanması,
Bizə yazdan xəbər verir.
Bülbüllərin şən nəğməsi,
Bulaqların zümzüməsi,
Yaşıllığın görünməsi,
Bizə yazdan xəbər verir.
Novruzgülü açdı çiçək,
Xoş arzuyla coşdu ürək,
Qaranquşla, Hacıleylək,
Bizə yazdan xəbər verir.
Axan çaylar, coşan sellər,
Gül ətirli həzin yellər,
Sonalarla dolan göllər,
Bizə yazdan xəbər verir.
Yola saldıq qarlı qışı,
Günəş qucdu dağı, daşı,
Durnaların qayıdışı,
Bizə yazdan xəbər verir.
23 mart 2008
ÇATDIR
Ey İlahi, hər bağçanı,
Bol məhsulu bara çatdır.
Hər ürəyin mizrabını,
İstədiyi tara çatdır.
Gül çöhrələr saralmasın,
Gen dünyamız daralmasın,
Gözlər heç vaxt qaralmasın,
Gözlü-könlü nura çatdır.
Avand elə tərs oyunu ,
Hər kəs geysin ağ gün donu,
Aşiq olan hər Məcnunu,
İstədiyi yara çatdır.
26 iyun 2008. (Bakı şəhəri)
DAHA YAXŞIDIR
Haqqın bağında bar-bəhərə dönək,
Arzusu işıqlı səhərə dönək,
Doğmanın qəlbində gövhərə dönək,
Şeytan kəs yad olsa, daha yaxşıdır.
Ana laylamızdı “Heyratı” , “Cəngi”,
Ölüncə bu ruhda yaşayaq təki,
Allaha məhəbbət, Vətənə sevgi,
Hər qəlbdə od olsa, daha yaxşıdır
Bu zamanın çarxı tərs fırlanır, tərs,
Necə olacaqdır axırımız bəs?
Kaş qəmdən göz yaşı tökməyə heç kəs,
Ürəklər şad olsa, daha yaxşıdır.
Hər vaxt keçməkeçli olsa da həyat,
İmdad diləyənə eləyək imdad,
Yeddi yox, bu dünya olsa da min qat,
Hər qat abad olsa, daha yaxşıdır.
Əgər seçənməsən dostla düşməni,
Zaur dost sayma hər yoldan ötəni,
Həyat sınaqlara çəkirsə səni,
Qardaşın dost olsa, daha yaxşıdır.
17 dekabr 2008
NİYƏ SONUMUZU FİKİRLƏŞMİRİK?
Nə yerə sığırıq, nə göyə bəzən,
Baş qaldıran görsək, oluruq əzən,
Pulu qılınc sayıb ay asıb–kəsən,
Niyə sonumuzu fikirləşmirik?
İblisə, şeytana tez aldanırıq,
Yaxşı əməllərdən gen dolanırıq,
Qaranlığa tərəf çox boylanırıq,
Niyə sonumuzu fikirləşmirik?
Qızıldan olsa da lap sarayımız,
Sədləri aşsa da coşqun çayımız,
Beş arşın ağdırsa sonda payımız,
Niyə sonumuzu fikirləşmirik?
And olsun Tanrının nurlu adına,
Bəzən yıxdığın kəs çatır dadına,
Hər kəs axirəti salsın yadına,
Niyə sonumuzu fikirləşmirik?
Oyun oynadısa bəxtində fələk,
Dağı da dağıdar adicə külək,
Çalışaq ölsək də yaşaya bilək,
Niyə sonumuzu fikirləşmirik?
20 mart 2009
GÖRMÜŞƏM
Mən bu həyat yollarında,
Dərə, təpə, dağ görmüşəm.
Kədəri beş addımlıqda,
Sevinci uzaq görmüşəm.
Alovlarda yanmışam da,
Çəkdiyimi danmışam da,
Ərimişəm, donmuşam da,
Qışda güllü bağ görmüşəm.
Çox sınadım, çox özümü,
Qəlbimdə var dağ dözümü,
Hər bir işdə mən üzümü,
Qara deyil, ağ görmüşəm.
29 iyun 2009
QƏTİ SÖZ DE
Söz deyəndə qəti söz de,
Çalxalanma nehrə kimi.
Hər kəlməndə kəsər olsun,
Qılınc, balta, dəhrə kimi.
Çalış artsın xoş çağların,
Günəş olsun çıraqların,
Çatlamasın dodaqların,
Susuz qalan səhra kimi.
Tale qəmə bürünməsin,
Sevinc uçsun, sürünməsin,
Gülər üzlər görünməsin,
Kədər çökmüş çöhrə kimi.
14 noyabr 2009
BİRİ MƏNƏ DAŞ ATDI
Biri mənə daş atdı,
Sığal çəkdim o daşa.
Mənim üçün bu sığal,
Çox baha gəldi başa.
Dedim;- Başa düşməyib,
Yəqin bir gün dərk edər.
Zülmət yoldan çəkilib,
Nurlu yolla yol gedər.
Bu heçbelə olmadı,
O, daş atdı, mən qaçdım,
İmdad umub Tanrıdan,
Dərgahına əl açdım.
O, namərdin sonacan
Bəxt gülmədi üzünə.
Öz atdığı daş bir gün,
Qənim oldu özünə!
16 noyabr 2006
NƏ QƏRİB
SEVGİDİR
BU . . .
OYANA DEDİM
(təcnis)
Düşdüm sevgi adlı yanar oda mən,
Bəlkə yatmış bəxtim oyana dedim.
Ülvi məhəbbətdən tikdim oda mən,
Lənət olsun könül oyana dedim.
Gözəl, dərdə sarı heç vaxt gəlmə sən,
Sevgi aləmində niyə gəlməsən?
Sən könül dünyama əgər gəlməsən,
Gedək bu dünyadan o yana dedim.
Ay gözləri xumar, saçları sarı,
Zaur yaralıdı, ona sən sarı.
Hər kim addımlasa hicrana sarı,
Hicran tonqalında o, yana dedim.
7 dekabr 2005
YAZ YAĞIŞI
Yağış yağır, yaz yağışı,
Damla-damla, gilə-gilə.
Bu yollara nur ələyir,
Dayanmasın, yağsın hələ.
Ay sevgilim, bu damcılar,
Nurdu yağır qarşımıza.
Əsən bahar küləkləri,
Sığal çəkir başımıza.
Bu damcılar sevgi dolu,
Qoşa qəlbdir, cüt döyünür.
Yerə-göyə sığışmırıq,
Dünya bizə dar görünür.
Damcıların pıçıltısı,
Döyünür bir ürək kimi.
Bu dünyaya dəyişmərəm,
Sənə olan bu sevgimi.
Gözünü sız qara bulud,
Artsın ömrün qoy naxışı.
Eşqimizə şahid olsun,
Ələnən bu yaz yağışı.
Düşdüyümüz eşq aləmi,
Təlatümlü dəryamızdı.
Xoşbəxtlərin xoşbəxtiyik,
Dünya bizim dünyamızdı.
Yaz yağışı, yaz yağışı.
Xəyallara apar bizi.
Damla-damla, gilə-gilə,
Nura boya sevgimizi.
Dünya bizim, həyat bizim,
Gəl seyr edək bu aləmi.
Qoy ömrümüz belə ötsün,
Nağıl kimi, röya kimi.
Hicran bizi tanımasın,
Aşiqlərtək dolaq yaşa.
Çalışaq ki, ömrümüzü,
Səadətlə vuraq başa.
8 iyul 2010
DƏYİŞMƏRƏM MƏN
Sevgilim, dünyanı mənə versələr,
Səni bu dünyaya dəyişmərəm mən.
Elə bağlanıb ki, sənə ürəyim,
Səni bu dünyaya dəyişmərəm mən.
Günlərim keçsə də dumanda, çəndə,
Qara saçlarıma düşsə lap dən də.
Elə sənin kimi inan ki, mən də,
Səni bu dünyaya dəyişmərəm mən.
Hicran bəxtimizdən üz döndərəcək,
Vüsal bizlə birgə ömür sürəcək.
Gülüm, təkcə sən yox, hamı görəcək,
Səni bu dünyaya dəyişmərəm mən.
Yağdı yolumuza bahar yağışı,
İtdi tənhalığın izi, naxışı.
Sən yaza döndərdin bəxtimdə qışı,
Səni bu dünyaya dəyişmərəm mən.
Bir damın altında biz dolaq yaşa,
Qoşa addımlayaq, həmişə qoşa.
Bu şirin ömrümü vurunca başa,
Səni bu dünyaya dəyişmərəm mən.
29 iyul 2011
O GÖZƏLİN GÖZLƏRİ
Baxışların məst eyləyir adamı,
Coşa gəlir sevən qəlbin ilhamı.
Möcüzəmi, sehrmi, ya xatamı?
Nə gözəldir o, gözəlin gözləri.
Tanrı ona qələm çəkib elə bil,
Gözəllikdən nura büküb elə bil.
Qəlb dünyama nəsə əkib elə bil,
Nə gözəldir o, gözəlin gözləri.
Hər kim görsə itirər öz ağlını,
Heç bir təbib düzəldəmməz halını.
Bülbül edər sevən qəlbin lalını,
Nə gözəldir o, gözəlin gözləri.
Sanki güldür, tər qönçədir, çiçəkdir,
İnsan deyil, göydən enmiş mələkdir.
Yox bənzəri ola bilməz, o, təkdir,
Nə gözəldir o, gözəlin gözləri.
Busələri həm şərbətdir, həm baldır,
Sevdalanmış ürəyimə od saldı.
Ey İlahi, bu nə hüsnü-camaldı?
Nə gözəldir o, gözəlin gözləri.
9 dekabr 2003
BİZİ SEVGİ YAŞADACAQ
Məhəbbətin qucağında,
Bəslənirik uşaq kimi.
Zülmət yoxdur o, aləmdə,
İşıqlıdır çıraq kimi.
Ancaq eniş-yoxuşludur,
Fırtınası, tufanı var.
Gah günəşli olan yolu,
Gah da çəni, dumanı var.
Nə olsa da fərqi yoxdur,
Hər sınaqdan biz çıxmışıq.
Hicran, təklik dünyasını,
Biz uçurub tam yıxmışıq.
Hər zülmət yol, hər bəd əməl,
Öz qəlbini tək sökübdür.
Qolubağlı bir qul kimi,
Qarşımızda diz çökübdür.
Sanki dünya dəyişilib,
Gözəlləşib gözümüzdə.
Dağ vüqarı, su saflığı,
Duyuruq biz özümüzdə.
Ən müqəddəs, ülvi olan,
Məhəbbətdən güc almışıq.
Hər ikimiz qönçə idik,
Ləçək-ləçək açılmışıq.
Həyatımız vüsal adlı,
Daraq ilə daranıbdı.
Qəlbimizdə sevgi dolu,
Geniş dünya yaranıbdı.
Ən bəxtəvər aşiqik biz,
Sönməz eşqdən yanan ocaq.
Dünyanı tərk eləsək də,
Bizi sevgi yaşadacaq.
31 yanvar 2002
SƏNİ NECƏ SEVMƏYİM?
Bəxtimdə doğan Aysan,
Qəlbimdə hay-haraysan.
Tanrıdan mənə paysan,
Səni necə sevməyim?
Baxmaqla sənə gendən,
Alıbsan məni məndən.
Ayrılmaz gül çəməndən,
Səni necə sevməyim?
İşıqsan gözlərimdə,
Taqətsən dizlərimdə.
Yalan yox sözlərimdə,
Səni necə sevməyim?
Solmayan tər qönçəsən,
Qönçədən sən incəsən.
Mənim lap qəlbimcəsən,
Səni necə sevməyim?
26 may 2004
BİLMİRDİM BU SEVGİ KƏDƏRDİ
Mən onu gözümün nuru sanırdım,
Bilmirdim bu sevgi hədərdi, Allah!
Ağlıma gəlməzdi sevgi yolunda,
Qismətim sevinc yox, kədərdi, Allah!
Niyə tutdu məni ayrılıq daşı?
Döndərə bilmədim bahara qışı.
Könlümü verdiyim aşiqə qarşı,
Axı sevgim dünya qədərdi, Allah!
Bitmədi fələyin mənlə qərəzi,
Həsrət oldu ülvi eşqin əvəzi.
Çəkəmməz dərdimi heç bir tərəzi,
Halım betərdən də betərdi, Allah!
Öz canımdan artıq sevsəm də onu,
Ömrümün gəncliyi geydi qış donu.
Qəm üstə köklənən sevgimin sonu,
Verdi mənə bir yox, min dərdi, Allah!
Əvəz elədisə hicran vüsalı,
Düzəlməz Zaurun pərişan halı.
Kaş acı ayrılıq, həsrət tonqalı,
Tezliklə bəxtimdəm itərdi, Allah!
15 iyun 2004
GÜNAHSIZ GÜNAHKARAM
Başıma çökəndən sevda dumanı,
Tapılmır dərdimin hələ dərmanı.
Vüsalı axtardım, tapdım hicranı,
Neyləyim, günahsız günahkaram mən.
Qəm-kədər kök saldı gülər üzümdə,
Tamam dəyişildi dünya gözümdə.
Yox ola bilmirəm bir an özümdə,
Neyləyim, günahsız günahkaram mən.
Aşiq olan gündən səntək inciyə,
Arzum saya gəlmir, dərdim ölçüyə.
İşıqlı gündüzüm dönüb gecəyə,
Neyləyim, günahsız günahkaram mən.
Kərəmtək, Məcnuntək aşiq olsam da,
Ülvi məhəbbətə layiq olsam da,
Əhdimə, andıma sadiq olsam da,
Neyləyim, günahsız günahkaram mən.
Təkcə mən yox, bilir bunu Allahım,
Vallah bu sevgidə yoxdur günahım,
Dağları, daşları dəlsə də ahım,
Neyləyim, günahsız günahkaram mən.
7 iyul 2004
HARDAN ALIBSAN?
Mələktək göründün mənim gözümə,
Elə bil taleyim güldü üzümə.
Vallah düşünürəm özüm-özümə,
Sən hardan alıbsan bu gözəlliyi?
Hüsnünü gördüyüm ilk andan bəri,
Həsrətin qəlbimə saldı dərd-səri,
Ağlımı başımdan alan bu pəri,
Sən hardan alıbsan bu gözəlliyi?
And olsun Allaha, “Quran”a, dinə,
Tanrı qələm çəkib elə bil sənə,
Sən ey huri-mələk, de görüm mənə,
Sən hardan alıbsan bu gözəlliyi?
28 iyul 2004
QAYITMA
Gedirsən, əlvida deyirəm sənə,
Qəlbin etsə mənsiz qubar, qayıtma!
Nağıl, yuxu olan yalan sevgini,
Özünlə əbədi apar, qayıtma!
Eşqimlə yoluna nur ələmişdim,
Bəxtimin gözünü sürmələmişdim,
Adını qəlbimə həkk eləmişdim,
Sevgintək onu da qopar, qayıtma!
Saf eşqi gəzmədin, gəzdin şan-şöhrət,
Tale yollarını bürüdü zülmət,
Tənhalıq, göz yaşı, ayrılıq, həsrət,
Harda olsan səni tapar, qayıtma!
Hicran dünyasına üzünü tutdun,
Əhdini, andını tamam unutdun,
Sevgi ağacını elə qurutdun,
Bir də verməyəcək nübar, qayıtma!
13 avqust 2004
GƏRƏK DEYİL
Ay gözəl qız, səndəki qəlb,
Bir sal daşdı, ürək deyil.
Bəsləmirsə məhəbbəti,
O, heç kimə gərək deyil.
Eşq bağında olduq qonaq,
O, bağ bizə oldu sınaq.
Yaşıl donlu hər ot, yarpaq,
Gördük ki, gül-çiçək deyil.
Ay könlümü oda salan,
Gəncliyimi etdin talan.
Hər görkəmi gözəl olan,
Demək huri-mələk deyil.
6 sentyabr 2004
BU QIZ MƏNİ ÖLDÜRƏCƏK
Nə insafı, nə rəhmi var,
Sevincindən çox qəmi var,
Tamam özgə aləmi var,
Bu qız məni öldürəcək!
Qış eləyir güllü yazı,
Canlar alır işvə-nazı,
Bu gedişlə vallah azı,
Bu qız məni öldürəcək!
Qəlbən sevsə mizrab, tarı,
İncidərmi yar da yarı,
Anasına deyin barı,
Bu qız məni öldürəcək!
Addım-addım, pərdə-pərdə,
Salır məni dərddən-dərdə,
Söyləyəcəm mən hər yerdə,
Bu qız məni öldürəcək!
Gah ələnir gözündən yaş,
Gah da olur ürəyi daş,
Açammıram bu işdən baş,
Bu qız məni öldürəcək!
Calansa da il üstə il,
Sənə vüsal qismət deyil,
Əzrayılla tapsam da dil,
Bu qız məni öldürəcək!
12 sentyabr 2004
DAHA MƏNİ GÖZLƏMƏ
Bilə-bilə əsir düşdüm hicrana,
Taleyini bükdüm çənə, dumana,
Vallah məndə günah yoxdur ay sona,
Bir də heç vaxt yollarımı izləmə,
Ayrılırıq, daha məni gözləmə!
Gecə-gündüz həsrətindən alışdım,
Mən zülmünlə, əzabınla barışdım,
Ürəyimə təkcə səndən danışdım,
Tapşırsam da özgə gülü səsləmə,
Ayrılırıq, daha məni gözləmə!
Mən məhəbbət arzuladım, sən daş-qaş,
Ələdin öz taleyinə özün daş,
Sənlə tanış olmayaydım mən heç kaş,
Özündən küs, aşiqini pisləmə,
Ayrılırıq, daha məni gözləmə!
Daha heçdir kin-kidurət də, inad da,
Göz yaşı da, yalvarmaq da, fəryad da,
Mənim sənə dönməyimə, həyatda,
Ay vəfasız, bir də ümid bəsləmə,
Ayrılırıq, daha məni gözləmə!
24 sentyabr 2004
UĞURLU NƏTİCƏ DEYİL
Sənin gözlərinin dərinliyində,
Kök salan sevgidir, əyləncə deyil.
Nə olar tərk etsən sən bu dünyanı,
Bəxtində səhərdi yox, gecə deyil.
Bir nəticə çıxart el söhbətindən,
Gəl üz döndərmə öz səadətindən,
Uzaqlaş bu yersiz hərəkətindən,
Bu işin heç mənim qəlbimcə deyil.
Gəl bədbəxt eləmə özün-özünü,
Oyma öz əlinlə sən öz gözünü,
Yoldan eləsən də məntək yüzünü,
Vallah bu uğurlu nəticə deyil.
23 oktyabr 2004, Bakı
SƏNİ XOŞBƏXT EDƏCƏM MƏN
Gözlərini görən gündən,
Baxammıram sənə gendən,
Mümkün deyil doyam səndən,
Səni xoşbəxt edəcəm mən.
Mən Məcnunam, sən Leylisən,
Mən Kərəməm, sən Əslisən,
Kimdən, nədən gileylisən,
Səni xoşbəxt edəcəm mən.
Eşq odunda alışmışıq,
Qaynamışıq, qarışmışıq,
Qismətləki barışmışıq,
Səni xoşbəxt edəcəm mən.
Sönməz nursan gözlərimə,
Güc-taqətsən dizlərimə,
İnan mənim sözlərimə,
Səni xoşbəxt edəcəm mən.
Tablaşıb hər əziyyətə,
Gülüm, güvən məhəbbətə,
Son qoyaraq bu həsrətə,
Səni xoşbəxt edəcəm mən.
Qəlbim odda qovrulsa da,
Külüm göyə sovrulsa da,
İki dünyam bir olsa da,
Səni xoşbəxt edəcəm mən.
20 iyun 2002
NƏ QƏRİBƏ SEVGİDİR BU?
Heç özümdə deyiləm mən,
Görməsəm də mailəm mən,
Hər əzaba qailəm mən,
Nə qəribə sevgidir bu?
Əlinə əl verməmişəm,
Ürəyinə girməmişəm,
Heç üzünü görməmişəm,
Nə qəribə sevgidir bu?
Eşq odunda qovrulmuşam,
Külü göyə sovrulmuşam,
Şəklinəcə vurulmuşam,
Nə qəribə sevgidir bu?
O, şamdır, mən pərvanəyəm,
Divanədən divanəyəm,
Heç bilmirəm kiməm, nəyəm?
Nə qəribə sevgidir bu?
Qınamasın məni heç kim,
Olammıram qəlbə hakim,
Kömək etməz mənə həkim,
Nə qəribə sevgidir bu?
Bu eşq qəfil yaranıbdır,
Ürəyimdə daranıbdır,
Sanki dünya varlanıbdır,
Nə qəribə sevgidir bu?
14 iyun 2002
NƏ GÜNAHI VAR?
Hesab eləsəm də səni cüt gözüm,
Səni sevən gündən gülmədi üzüm,
Düzürsən sinəmə dərd düzüm-düzüm,
Bu sevən könlümün nə günahı var?
Aldanıb daş-qaşa, şöhrətə, ada,
Öz cavan ömrünü gəl vermə, bada,
Rəhm et, atma məni alova, oda,
Bu sevən könlümün nə günahı var?
Səni tanıdığım ilk gündən bəri,
Çəkdirdin qəlbimə hər dərdi-səri,
Ay camalı günəş, qəlbi daş pəri,
Bu sevən könlümün nə günahı var?
İstərdim bağlana mənlə nikahın,
Xoşbəxtlik sənin də ola pənahın,
Vicdansızlıq etmə, yoxmu Allahın?
Bu sevən könlümün nə günahı var?
Hicran olan gündən sənin səyyadın,
Acıdan yoğrulub şirin həyatın,
Özün ağ gününü qara boyadın,
Bu sevən könlümün nə günahı var?
Gecəyə dönəcək nurlu gündüzün,
Dillərə düşəcək söhbətin, sözün,
Günahkar özünsən, günahkar özün,
Bu sevən könlümün nə günahı var?
7 iyun 2002
KAŞ Kİ GÖRÜŞMƏYƏYDİK
Sevdalı könlümüz düşəndən oda,
Bizi addım-addım izlədi xata,
Sonda qənim oldu bizə bu sevda,
Kaş ki, biz heç zaman görüşməyəydik.
Bəxtimə, yoluma hicran elədin,
Sevən ürəyimi qəmə bələdin,
Bilmirəm sən niyə belə elədin,
Kaş ki, biz heç zaman görüşməyəydik.
Xoş bir xəyal kimi gözümdən itdin,
İşıqlı yolları qaranlıq etdin,
Gül yox, tikan kimi qəlbimdə bitdin,
Kaş ki, biz heç zaman görüşməyəydik.
Düşdü aramıza həsrət, duman, çən,
Payız donu geydi baharda çəmən,
Ürəyin daşıymış, bilməmişəm mən,
Kaş ki, biz heç zaman görüşməyəydik.
Niyə ayrılığa tez nişan olduq?
Həsrət qucdu bizi, pərişan olduq,
Niyə bu qismətlə barışan olduq?
Kaş ki, biz heç zaman görüşməyəydik.
Saplansa qəlbimə zəhərli xəncər,
Acılıq verməzdi mənə bu qədər,
Sən demə sevgimiz hədərmiş, hədər,
Kaş ki, biz heç zaman görüşməyəydik.
13 iyul 2002
İNCİ ÇİÇƏYİ
Gözlərim hüsnünü görəndən bəri,
Yaman məst olmuşam meysiz, şərabsız,
Elan edəmmirəm sevgimi sənə,
Bununçün günlərim keçmir əzabsız.
Rahatlıq tapmıram, sıxılır qəlbim,
Bəlkə də sən özün duyursan bunu,
Bəlkə də ilk gündən hiss eləyibsən,
Sevdalı qəlbimdə olan arzumu.
Bülbülə dönsəm də səndən uzaqda,
Bir lal quş oluram səni görəndə.
Bəlkə mən bilmirəm, ovsun gizlənir,
Sənin aydan nurlu o gül çöhrəndə.
Mütləq tapmalıyam bir çıxış yolu,
Sənə öz sevgimi bildirməliyəm.
Eşqin tonqalında yanan könlümü,
Dünya dağılsa da güldürməliyəm.
Yüz ölçüb bir biçdim öz ürəyimdə,
Keçdim xəyalımda aranı, dağı.
Nəhayət tapdım ki, inci çiçəyi,
Sevdalı könlümün olar dayağı.
Tapdım ki, mən sənə hədiyyə kimi,
Bir inci çiçəyi verim, sevgilim.
Rəmzi mənasını bilirsən yəqin,
Mən səni sevirəm! – deməkdir gülüm.
18 may 2003
MƏN BELƏ DEYİLDİM
Daha mümkün deyil bir də barışaq,
Yenə eyni odda yanıb, alışaq,
Əyri otursaq da, gəl düz danışaq,
Mən belə deyildim, sən belə etdin.
Qəlb qırmağı seçdin bir peşə kimi,
Sındırdın könlümü sən şüşə kimi,
Boynun bükülməsin bənövşə kimi,
Mən belə deyildim, sən belə etdin.
Günbəgün artdıqca zəhərli sözün,
Bəxtində gecəyə döndü gündüzün,
Günahkar özünsən, günahkar özün,
Mən belə deyildim, sən belə etdin.
Daha olmayacaq gözümü yummaq,
Sən deyən dəryaya əbədi dummaq,
Haqsızlıqdır məndən mərhəmət ummaq,
Mən belə deyildim, sən belə etdin.
Çox şey gözləsəm də ümidlə səndən,
Lakin əsirgədin sevinci məndən,
Nə səadət istə, nə inci məndən,
Mən belə deyildim, sən belə etdin.
Hicran qanad saldı qoşa qoluna,
Sevgini dəyişdin dünya malına,
Yox, daha yanmıram sənin halına,
Mən belə deyildim, sən belə etdin.
29 iyul 2002
ƏL ÇƏK
Hicran yeli alıb dörd bir yanını,
Oyan bu yuxudan, üzmə canını,
Yatırt qəlbindəki eşq tufanını,
Bu qara sevdadan biryolluq əl çək.
Qara bulud kimi dolsa da gözün,
Gecə donundadır nurlu gündüzün,
Özgə yox, günahkar özünsən, özün,
Bu qara sevdadan biryolluq əl çək.
Bu sevgi əlçatmaz şirin yuxuymuş,
Ürəyi göynədən yanar oxuymuş,
Sənin taleyində vüsal yoxuymuş,
Bu qara sevdadan biryolluq əl çək.
Yanar alovlarda ha yanıb alış,
Uğursuz olacaq sənə bu yarış,
Vallah çarəsizsən, qismətlə barış,
Bu qara sevdadan biryolluq əl çək.
Səndən gen gəzmədi taleyin qəsdi,
Hər yerdə, hər zaman yolunu kəsdi,
Şahlar şahı olsan, yenə əbəsdi,
Bu qara sevdadan biryolluq əl çək.
6 avqust 2002
HƏLƏLİK, GÜLÜM
Darıxma, gedirəm dönəcəm yenə,
Əlvida demirəm, hələlik, gülüm.
Ülvi məhəbbətim bitməzdir sənə,
Əlvida demirəm, hələlik, gülüm.
Qəlbimdə sevincsən, gözümdə işıq,
Sevgi dünyasına sənsən yaraşıq,
Tale yollarımız düşməz dolaşıq,
Əlvida demirəm, hələlik, gülüm.
Sıxma ürəyini sən zərrə qədər,
Qəlbinə yaraşmır intizar, kədər,
Hüsnündən nur alıb açılan səhər.
Əlvida demirəm, hələlik, gülüm.
Çəkilən bu həsrət müvəqqətidir,
İçdiyimiz su yox, eşq şərbətidir,
Ay sevgi çiçəyim, sözüm qətidir.
Əlvida demirəm, hələlik, gülüm.
Dalımca su atdın, su aydınlıqdır,
Səadət sonsuzdur, qəm bir anlıqdır,
Sevgimiz safdırsa, firavanlıqdır,
Əlvida demirəm, hələlik, gülüm.
9 oktyabr 2002
SƏN GETDİN
Sən getdin, qış oldu ömrümün yayı,
Sevdalı könlümə sevinc yad oldu.
Ucaldı qəlbimdə həsrət sarayı,
Niskilin qəlbimdə yanar od oldu.
Sən getdin, bircə an gülmədi üzüm,
Elə bil qırıldı qanadım, qolum.
Gecə donu geydi nurlu gündüzüm,
Vüsal dünyasına bağlandı yolum.
Sən getdin, sarsıltdı bu gediş məni,
Varımdan yox oldum bir an içimdə.
Nə qədər ürəkdən sevsəm sə səni,
İtdi bu sevgimiz duman içində.
Sən getdin, içimdə qopdu fırtına,
Yanar odu söndü məhəbbətimin.
Bu eşqim daşlara dəysə də yenə,
Hər vaxt carçısıyam səadətimin.
6 dekabr 2002
ÇOX ŞÜKÜR
Qadir Allah, məhəbbətim dil açıb,
Lal quşikən bülbül olub, çox şükür.
Acı həsrət qaçıb məndən uzağa,
Könlüm Məcnun könül olub, çox şükür.
Neçə vaxtdır heç deyiləm özümdə,
Dünya tamam dəyişilib gözümdə,
Heç kim, heç nə olanmaz mən dözümdə,
Eşq hər zülmə əngəl olub, çox şükür.
Gözlərimdə nura döndü bu sevgi,
Hicran üçün tora döndü bu sevgi,
Sönməz oda, qora döndü bu sevgi,
Həsrət üçün müşkül olub, çox şükür.
Eşq odunda yandım Kərəmsayağı,
Vüsal oldu bu sevginin dayağı,
Kim söndürər haqq yandıran çırağı?
Zaur, bu eşq məşəl olub, çox şükür.
16 dekabr 2002
Dostları ilə paylaş: |