TüRKÜn türkdən yaxin dostu yoxdur, yox


POEMALAR VÜQARLI AZƏRBAYCAN



Yüklə 0,69 Mb.
səhifə6/7
tarix19.10.2017
ölçüsü0,69 Mb.
#3233
1   2   3   4   5   6   7

POEMALAR



VÜQARLI AZƏRBAYCAN
Ey şirin ömrümün solmaz bağçası,

Tükənməz sərvəti, ümid xonçası,

Sənsən bu dünyanın cənnət xalçası,

Bütün dünya olub hüsnünə heyran,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Görübsən dünyanın sən hər üzünü,

Ağlayan gözünü, gülən gözünü,

Tarix silkələyir yurdun özünü,

Qəzəbdən qaynayır damarlarda qan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Sanki bir cənnətdir aranın, dağın,

Varlıdı, xəzinədi qara torpağın,

Ana qucağıdı, isti qucağın,

Sən bir xoş nəğməsən, qəlblərdə hər an,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Bir güllü bahardı çölün, çəmənin,

Ulu tariximdi hər daşın sənin,

İstər dostun olsun, istər düşmənin,

Adını çəkəndə sənə deyir can,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
O incə ürəyin şüşədi, şüşə,

Bəzəyir qoynunu lalə, bənövşə,

Bu qoca dünyada elə həmişə,

Artır gözəlliyin söküləndə dan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Hər şeydən ucasan, uca dünyada,

Dönübsən ən gözəl taca dünyada,

Bir kəsə qalmayan qoca dünyada,

Baş əyib önündə həm sultan, həm xan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Batmayıb bir qara daşın günaha,

Qəlblərdə, gözlərdə dönübsən şaha,

And olsun qocaman qadir Allaha,

Yaraşır hüsnünə hər cür şöhrət, şan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Üz tutdum, söz qoşdum xan Arazına,

Qızıl payızına, güllü yazına,

Hər Vətən oğluna, Vətən qızına,

Vətən torpağında, vətəndi hər yan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Sandım hər daşını qibləgah kimi,

Baş əydim qoynuna səcdəgah kimi,

Açıl ümid dolu bir sabah kimi,

Sevincin bu torpaq, sevincin cahan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Qəm yeyib əyilmə düşmən önündə,

Var-dövlət qaynayır bircə dənində,

İnan sən ən ağır çətin günündə,

Gedər oğulların yolunda qurban,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Dönmüşük qoynunda bir coşqun selə,

Bağlıyıq Vətənə, torpağa, elə,

Səni unutmarıq bircə an belə,

Buna and içmişik əllərdə “Quran”,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Qorxmazsan həmişə zəfər səslisən,

Kişi qeyrətinlə hünər səslisən,

Sən günəş nəfəsli, ay nəfəslisən,

Yaraşır hüsnünə vallah toy, nişan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Hüsnünə bəzəkdi Gəncə, Şamaxı,

Azalmır qoynundan dostu qonağı,

Tərifə layiqdi Qızlar bulağı,

Dizimdə təpərdi Bakı, Naxçıvan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
İgid oğulların dönüb pələngə,

Pələng balasıtək girərlər cəngə,

Boyayar düşməni qanıynan rəngə,

Başını uca tut, dağtək hər zaman,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Doğrandı Babəkim, ulu Nəsimim,

İnlədi, hay çəkdi kamanda simim,

Başını əymədi yada heç kimim,

Qopdu yad qəlbində qorxudan tufan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Yayılıb aləmə şanın, şöhrətin,

Hər eldə, obada vardı hörmətin,

Hər kəsə bəllidi sənin qeyrətin,

Doğma qardaşındı Türkiyə, İran,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Döyünən qəlbindi üç rəng bayrağın,

Gözəldi, əzizdi mənə hər çağın,

Dağ kimi oğullar olur dayağın,

Havandı, suyundu dərdimə dərman,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
Edərəm yolunda sinəmi sipər,

Yaraşmır hüsnünə nə qəm, nə kədər,

Uludu tarixin bu dünya qədər,

Hər daşın, kəsəyin mərcandı, mərcan,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
O qarlı dağların verib baş-başa,

Döyünən qəlbindi Xocalı, Şuşa,

Ey doğma məkanım yaşa, min yaşa,

Çəkilər başından çiskin, çən, duman,

Vüqarı sarsılmaz, ey Azərbaycan.
* * *

Sığınıb qoynuna ərənlər sənin,

Solmasın bağında lalən, süsənin,

Süfrənin başında çörək kəsənin,

İndi sənə ölüm hökmünü yazır,

Ayağın altına quyular qazır.


Qoynun parçalanıb, olub göz dağı,

Türkmən çay, Gülüstan hicran qucağı,

Az dərd görməyibdi Vətən torpağı,

Yurduma çox ağır dağlar qoyulub,

Sinəsi didilib, köksü oyulub.
Bahar nəfəslidi qışın, payızın,

Ulu tariximdi qopuzun, sazın,

Dar gündə yolunda hər oğlun, qızın,

And olsun Allaha əsigəməz can,

Azadlıq yolunda gedərlər qurban.
Dadsan da dadını hər cür zillətin,

Əyilməz olubdu düşmənə qəddin,

Dillərdə dastana dönüb qüdrətin,

Dünyanı dolanır sənin sorağın,

Yenilməz olubdu üç rəng bayrağın.
Uğrunda qan töküb Koroğlu, Babək,

Hər oğlun, hər qızın pələngdi, pələng,

Kül olmuş torpağın babəkdi, babək,

Qoy yanım qarışım sənin oduna,

Azadlıq gətirim Odlar yurduna.
Tarix kitabımdı hər qanlı daşın,

Kürüm, Arazımdı axan göz yaşın,

Nələr çəkməyibdi, de, sənin başın,

Bir gözün sevincdi, bir gözün kədər,

Boğur ürəyimdə məni hey qəhər.
Canlı tariximdi hər dağ, hər qaya,

Hər bir daş kitabəm dəryadı, dərya,

Özüm yetməliyəm, özüm haraya,

Qorxuram kor olar, vətən adlı göz,

Özgə ocağından olmaz mənə göz.
Hər daşın bizlərə əzizdi, əziz,

Eşqin, məhəbbətin dənizdi, dəniz,

Ulu Xətainin yolçusuyuq biz,

Sənə yad olana qılınc çalarıq,

Son anda qoynunda ölüb qalarıq.
Kökümüz dərindi, yaşlı çinartək,

Bizi əyə bilməz tufan, yel, külək,

Babam Koroğludu, türk oğlu gərək,

Çəkə qeyrətini qılınctək qından,

Ruhlar cana gələ torpaq altından.
* * *

Nələr gəlməyibdi sənin başına,

Ey doğma məkanım, ey doğma anam,

Can qurban eləyib qara daşına,

İstərəm yolunda alışam, yanam.
Qırdıq qollarının qandallarını,

Qırdıq ömründəki tikanlı simi,

Xoşbəxtlik bürüdü xəyallarını,

Qəfəsdən ayrılan azad quş kimi.


Xəyallar, arzular, istəklər bir-bir,

Dolandı başında pərvanələrtək,

Hər daşın müqəddəs olan pirdi-pir,

Vurğunam hüsnünə divanələrtək.


Açıbsan süfrəni dosta, tanışa,

Süfrəndə sərvətin qaynayıb, daşır,

Bahar gətiribsən şaxtalı qışa,

Şöhrətin dünyanı gəzib dolaşır.


Qəlbdə saxlamırsan kini-küdrəti,

Qəlbin səmalartək təmizdi, təmiz,

Sinəmdə həkk olub adın əbədi,

Yuyanmaz sinəmdən adını dəniz.


Sən canda canımsan, ayım, günümsən,

Tək sənin adına güvənmişəm mən,

İçimdə çağlayan səsim, ünümsən,

Sönməyən oduna güvənmişəm mən.


Sənə göz dikənin kor olar gözü,

Zülmət alovunda hey alovlanar,

Yaşım bu həyatda ötsə də yüzü,

Hər yerdə ürəyim bil səni anar.


Yenə tərsə dönüb zamanın çarxı,

Yenə qəm oduna tuş gəlib sinən,

Qan-qan deyir sənə kəsilib yağı,

Qudurmuş köpəktək quduran düşmən.


Çörək yeyəni yox, verəni tutub,

Göz dikib yurduma alçaq yağılar,

Əcəl də saf işlər görəni tutub,

Məhv etmək istəyir şiri qarğalar.


Aylardı, illərdi təbiətimin,

Dağıdır köksünü toplar, tüfənglər,

Tutulub günəşi səadətimin,

Barıt qoxuludu əsən küləklər.


Düşdü tariximə qanlı yazıynan,

Xocalı fəryadı, Şuşa harayı,

Bir neçə qeyrətsiz, alçaq tazıynan,

Düşmən qış edəmməz yurdumda yayı.


İndi yad əlində ah çəkir Şuşa,

Yanır Natəvanın ruhu, məzarı,

Qəlbinə, canına qəm əkir Şuşa,

Orda qərib ruhlar qalıbdı darda.


Qansız düşmənlərlə durub üz-üzə,

Yurdun dağ kürəkli, pəhləvanları,

Dönüb ürəkləri alova, közə,

Nadan əyə bilməz qəhrəmanları.


Hər dağın, hər daşın igid əsgər tək,

Düşmən ürəyində oxa dönübdü,

Haqqı tapdalayanı tutubdu çörək,

Haqsızın ocağı odu, sönübdü.

Əyilmir düşmənə Xocalı, Ağdam,

Köksü oyulsa da, paralansa da,

Övladın düşməndən alacaqdı kam,

Yüz yerdən, min yerdən yaralansa da.


Sıldırım qayalar, cığırlar, yollar,

Durub keşiyində obanın, elin,

Dağ, qaya kürəkli polad oğullar,

Kəsir yollarını hər coşğun selin.


Əyilməz qəddini əymə, Vətənim,

Ey döyünən qəlbim, doğma torpağım,

Gün kimi hüsnünü bəzəyir sənin,

Göyləri bəzəyən üç rəng bayrağım.


Hər türk balasının damarlarında,

Ulu Koroğlunun qaynayır qanı,

Gün gələr aləmi bürüyər səda,

Sülh quşu bürüyüb Azərbaycanı.


* * *
Ey odlar yurdunun od aslanları,

Yada əyilməyən pəhləvanları,

Kəsin qan qoxulu o tufanları,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Qoymayın qəm yesin Odlar diyarı,

Yad əldə yanmasın Xanın məzarı,

Gətirin Vətənə güllü baharı,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.

Qovun uzaqlara quduz düşməni,

Al qan bürüməsin çölü-çəməni,

Əyəmməz poladtək türkü erməni,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.


Az yara dəyməyib torpağa, daşa,

Atılın şir kimi qanlı savaşa,

Bu qanlı davanı çatdırın başa,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Ey ana yurdumun əsgər balası,

Sənsən bu torpağın qeyrət qalası,

Açılmır Şuşanın indi laləsi,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Ey Azərbaycanın cəsur əsgəri,

Alın dizinizə dağdan təpəri,

Açın yaz nəfəsli aydın səhəri,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Başını uca tut ey elim-obam,

Bizə dərs verib Koroğlu babam,

Coşur qanımızda coşur intiqam,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Polad dözümlüdü dəyanətimiz,

Dillərdə dastandı cəsarətimiz,

Qeyrətdən yoğrulub mərd millətimiz,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.

Əsgərə çevrilib qayalar, dağlar,

Dənizlər, bulaqlar, meşələr, bağlar,

Dağlar düşmənlərin köksünü dağlar,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.


Bilinmir dünyatək dağların yaşı,

Dağlardı ərlərin dostu, qardaşı,

Ağlama ey anam, tökmə göz yaşı,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Düşmərik qoynundan bir an aralı,

Olsaq da min yerdən köksü yaralı,

Düşmən əyə bilməz biz tək qartalı,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Döyünən qəlbindi Şərur, Naxçıvan,

Ağdam, Şuşa, Laçın, Qazax, Zəngilan,

Sənə bata bilməz yadelli düşmən,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Quşkeçməz yolları, keçər oğullar,

Torpağı anatək qucar oğullar,

Qələbə şərbəti içər oğullar,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Canlı tarixindi hər dağ, hər qaya,

Dönübdü torpağın qızıl saraya,

Dar gündə oğullar çatıb haraya,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Sənə göz dikəndən, biz alırıq kam,

Dar gündə yolunda mən də qurbanam,

Qəlbimin sevinci, ey doğma anam,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Sönməzdi qəlblərin alovu, közü,

Lalələr bəzəyir çəməni, düzü,

Sənə göz dikənin kor olar gözü,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
Yansın, külə dönsün qan tökən silah,

Qorusun xalqımı o qadir Allah,

Yenə açılacaq sülh dolu sabah,

Vətənin ümidi mərd ərlərdədi,

Qəlbimiz, canımız, səngərlərdədi.
* * *
İllər boyu azadlığa can atdıq,

Kölgələrdə yatanları oyatdıq,

Azadlığın sarayını ucaltdıq,

Vətənimdə ağ günlərdi diləyim,

Bayrağıma söykənibdi kürəyim.
Xan Arazım, dəli Kürüm canımdı,

Arpa çayım damarımda qanımdı,

Üç rəng bayraq şöhrətimdi, şanımdı,

Haqqa sarı uzanıbdı biləyim,

Bayrağıma söykənibdi kürəyim.
Tariximin aynasıdı bayrağım,

Göllərimin sonasıdı bayrağım,

Səmaların durnasıdı bayrağım,

Polad olub, dəmir olub ürəyim,

Bayrağıma söykənibdi kürəyim.
Bu torpağa yad olana, yad olduq,

Xoş gününü bayram etdik, şad olduq,

Yurd eşqinin alovunda qovrulduq.

Yurda sevgi gərəyimdi, gərəyim,

Bayrağıma söykənibdi kürəyim.
Arzususan, sevincisən ellərin,

Polad kimi qanadlısan yellərin,

Bir cənnətdi çəmənlərin, çöllərin,

Dağlar olub mənim gülüm, çiçəyim,

Bayrağıma söykənibdi kürəyim.
Ulduzların səmalarda sayrışır,

Yurd sevgisi ürəklərdə alışır,

Gül çiçəyə, toy bayrama qarışır,

Toy-büsatdı, çal-çağırdı bəzəyim,

Bayrağıma söykənibdi kürəyim.
Qucağında var min cürə sərvətin,

Könüllərdə nəğmə olub şöhrətin,

Min dastandı əzəmətin, qüdrətin,

Sənsən mənim dayağım, həm dirəyim,

Bayrağıma söykənibdi kürəyim.
Dar günündə ərlər çatıb dadına,

Güvənibdi Azərbaycan adına,

İsinmişik ürəyinin oduna,

Halallıqla qazanılıb çörəyim,

Bayrağıma söykənibdi kürəyim.
Xoş güzəran, aydın səma, səadət,

Ululardan əmanətdi, əmanət,

Coşur qanda azadlığa məhəbbət,

Azadlıqdı dar günümdə köməyim,

Bayrağıma söykənibdi kürəyim.
Məmmədəmin babamızdan yadigar,

Bayrağımdı ömrümdəki ilk bahar,

Odlar yurdu Azərbaycan var ol, var!

Ağ günlərdi mənim sənə istəyim,

Bayrağıma söykənibdi kürəyim.

19 aprel-11 iyun 1994



SEVDALI KÖNÜLLƏR
Məndə Məcnundan füzun aşiqlik istedadı var.

Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var!

M. FÜZULİ



Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidi!

Eşq olan yerdə bütün aqili-nadan dəlidir.

Ə. VAHİD.

Qadir Yaradanın “Ol” kəlməsiylə,

Xəlq oldu bu dünya bir an içində.

Sevdalı qəlblərin eşq nəğməsiylə,

Bir cahan yarandı cahan içində.


Müqəddəs eşq dolu, məhəbbət dolu,

Enişli-yoxuşlu bir aləmdir o.

İmtahan yoludur bu ömrün yolu,

Çünki gah sevincdir, gah da qəmdir o.


Bu sevgi dünyası haqdan yoğrulan,

Xoşbəxtlik nurudu, vüsal nurudu.

Qəlblərdi odunda yanıb qovrulan,

Sevən qəlb su kimi pakdı, durudu.


Necə ki, dünya var, həyat var, demək,

Leylilər, Məcnunlar doğulmalıdı.

Kiminsə sevgisi deyilsə gərçək,

Qalib yox məğlubdur, yıxılmalıdı!


Həyatı dərk edən, həyatı duyan,

Düşür əzəl başdan eşqin oduna.

Mümkün deyil ola sevgidən doyan,

Tanrım, sevənlərin yetiş dadına!


Qoy nura bələnsin zülmət gecələr,

Dağıt qaranlığı, gətir səhəri.

Gül açsın, sevinsin bütün qönçələr,

Sevgisiz dünyanın olmaz dəyəri.


Tanrım, ol sevəni kama yetirən,

Nə ayrılıq olsun, nə acı həsrət!

Mənim də könlümü coşa gətirən,

Ülvi məhəbbətdir, ülvi məhəbbət!


Arzumdur ki, hicran daim əzilsin,

Qovuşsun hər aşiq öz yarısına.

Mən şahid olmuşam, diqqət kəsilsin,

Qoy hər kəs bu sevgi macərasına.

* * *

Dağların qoynunda, gözəl bir kənddə,



Həyat davam edir öz axarında.

Yoxdur bu gözəllik bəlkə cənnətdə,

Nə qarlı qışında, nə baharında.
Başı ağ papaqlı uca dağların,

Hüsnünə baxmaqdan göz doymur qəti.

Qoynunda qaynayan buz bulaqların,

Suyu xatırladır balı, şərbəti.


Qulu kişi kənddə el arasında,

Qazanmışdı böyük hörmət-izzəti.

O, qəti bilmirdi bu dünyasında,

Taleyin onunla qəsdi var, qəsdi!


Bir qarlı qış günü, fevral səhəri,

Qartaltək qol-qanad açmışdı Qulu,

Yoxuydu zərrəcən onun dərd-səri,

Dünyaya gəlmişdi beşinci oğlu.


Qulu kişi ilə Rəfiqə ana,

Vurur qəlblərinə ağ gündən naxış.

Sığmır bu xoşbəxtlik şeirə, dastana,

Alqış bu ocağın nuruna, alqış!


Onlar bilmirdi ki, bu övlad payı,

Onların qəlbində dağ olacaqdı!

Uçub dağılacaq sevinc sarayı,

Qəlbləri saralmış bağ olacaqdı!


Onlar yaşayaraq öz sevincində,

Şirin xəyallara tamam uydular.

Bir ad axtararaq min ad içində,

Körpənin adını Rasim qoydular.


Dəyişdi fəsillər bir neçə dəfə,

Oldu yeddi qardaş bir bacı onlar.

Xoşbəxtlik üz tutdu özgə tərəfə,

Get-gedə axsadı bəxtəvər anlar.


Rasimin üzünə tale gülmədi,

Şikəst doğulmuşdu biçarə demə!

Təkcə özü deyil, heç kəs bilmədi,

Tanrı niyə bükdü onu dərd-qəmə?!


Günlər ayı qovdu, aylar illəri,

Neçə yaş calandı onun yaşına.

Rasimin qəlbinin sınıq telləri,

Sevinci alanmır öz ağuşuna!


Onun gözlərinin dərinliyində,

Duyulur bir nisgil, həyəcan, təlaş,

Onun dözümündə, mətinliyində,

Yox,yox, ola bilməz heç qranit daş!

O gəzib dolanmır evdə-eşikdə,

Onunla həmyaşıd uşaqlar kimi.

Südəmər körpətək qalıb beşikdə,

Baxır yaxınlara uzaqlar kimi.

O da Göydaşlının dəcəlləriylə,

Körpə sevincini qucmaq istəyir!

Öz ayaqlarıyla, öz əlləriylə,

Yerimək istəyir, qaçmaq istəyir!


Onun qəlbindəki çox arzulara,

Qovuşmaq əlçatmaz, mümkünsüz işdi.

Lakin bəxtindəki bəd yazılara,

Tablaşmağın özü bir yüksəlişdi!


Ey yaranmışların böyük Allahı,

Niyə əsirgədin mərhəmətini?

Axı bu Rasimin nədir günahı,

Soldurursan onun təravətini?!


Sən öz yaratdığın bəndəni niyə,

Yazırsan istirab, zülüm bəxtinə?!

Tanrım, sahib sənsən bu yerə-göyə,

Yenə şükür sənin məsləhətinə!


Rasim bu dünyaya göz açan vaxtdan,

Atanın, ananın gülmədi üzü,

Oğul dərdi saldı onları taxtdan,

Onlara dağ oldu həyatın özü.


Rəfiqə ananın hər axşam, səhər,

Ağlamaq olmuşdu işi-peşəsi.

Hər vaxt üzgün idi, bir zərrə qədər,

Yoxuydu qəlbinin sevinc-nəşəsi.

Anbaan, günbəgün artan dərd-səri,

Sındırırdı onun şıx qamətini.

Övlad şikəstliyi, övlad kədəri,

Yandırırdı onun qiyamətini!


Hər dəfə Rasimin solğun görkəmi,

Onun gözlərinə sanki mil çəkir.

Zülmət gecə alır nurlu aləmi,

Dərdinin üstünə minbir dərd əkir.

Əcəl düşmən kimi üstünə cumub,

Ananın ömrünü su kimi içdi!

Qara gözlərini əbədi yumub,

O, öz dünyasını vaxtsız dəyişdi!


Sarsıtdı bu itgi Rasimi yaman,

Qəlbinə dünyanın dərdi töküldü.

Qopdu ürəyində fırtına, tufan,

Bükülmüş qaməti bir də büküldü!


Onun ürəyini qan ağlatdı, qan,

Həsrət göynərtisi, ana itgisi!

Vallah, bu sevginin heç vaxt, heç zaman,

Olmaz nə ölçüsü, nə də çəkisi.


Vaxt çatdı, Rasimin həmyaşıdları,

Təhsil almaq üçün getdi məktəbə.

Göynədi qəlbinin dərin qatları,

Batdı ürəyinə sanki ox, qəlpə!


Qulu kişi o an hiss etdi bunu,

O da bildi ki, var buna ehtiyac.

Döyüb lazım olan neçə qapını,

O tapdı oğlunun dərdinə əlac.

Ev şəraitində düz on il o da,

Yiyələndi elmin hər cür sirrinə.

Daim arabada olsa da, hətda,

Ali təhsil alıb getdi dərinə.


Yaradan hər kimdən nəyi alırsa,

Onun əvəzini mütləq ödəyir!

Kimisə hansısa dərdə salırsa,

Bilir ki, o qəddi həmin dərd əyir!


Məhz buna görə də o Pərvərdiyar,

Verdi Rasimə də böyük istedad.

Ona gen dünyanı eləsə də dar,

Etdi bu yol ilə ürəyini şad.


Qələm-kağız oldu onun sirdaşı,

Cilid-cilid gözəl kitablar yazdı.

Məst etdi oxuyan hər vətəndaşı,

Bu hünər, bu uğur Rasimə xasdı.


Haqqın, ədalətin olub hakimi,

Ürəkdən bağlandı halal zəhmətə.

Tanındı gözəl bir yazıçı kimi,

O, el arasında qısa müddətdə.


Gecəsi dönürsə aydın səhərə,

Övlad sevgisindən bu olur mümkün.

Əhsən Göydaşlıya, əhsən min kərə,

Haqqı var o kəndin öyünmək üçün.

Rasim təkdir, arabada oturub,

Qərq olubdur yenə dərin xəyala.

Fikir qəlbdən sevinc mülkün uçurub,

Görən indi səbəb nədir bu hala?!

Ata-ana yoxluğundan sıxılıb,

Bəlkə fikir, acı həsrət çəkir o?

Bəlkə sevinc kəhərindən yıxılıb

Göz yaşını ürəyinə tökür o?

Yox-yox, onda dəyanət var, dözüm var,

İradəsi çox möhkəmdir dəmirdən.

Heç bir qəlbdə kök salmasın intizar,

Qoy hamını agah edim bu sirdən.


* * *
Kamilə oxuyarkən kitabdakı ön sözü,

Əvvəl yazığı gəlir Rasimə, ixtiyarsız!

Bulud kimi dolsa da onun hər iki gözü,

Sonra həsət aparır Rasimə qız.


Min kərə ölçüb-biçir, gəlir qəti qərara,

Soraqlaşaraq tapır onun telefonunu.

Həmin kitabla bağlı Kamilə xanım sonra,

Zəng vurub telefonda təbrik eləyir onu.


Bağlanır əlaqələr get-gedə zəncir kimi,

Yaranır söhbətləri gündə bir neçə kərə.

Hər telefon söhbəti Günəş kimi, nur kimi,

Zülmət gecələrini bülənd edir səhərə.


Nəhayət bu söhbətlər çevrilir məhəbbətə,

Hər ikisi ürəkdən vurulur bir-birinə.

Beş addım yol qalsa da vüsala, səadətə,

Ancaq Rasimin qəlbi heç oturmur yerinə!


Rahat buraxmır onu narahatlıq, həyəcan,

Şükür Tanrım, deyəsən tale gülür üzünə.

Sevdalı ürəyində qopur fırtına, tufan,

O, hər söhbətdən sonra düşünür öz-özünə.

-Bu eşqə tutulandan yoxdur gündüzüm, gecəm,

Yanıram eşq odunda Məcnun, Kərəm sayağı.

Yara qovuşanmasam, demək həyatda heçəm,

Demək ümidimin də şildir əli-ayağı!


Bəlkə Kamilə məni fikirləşir başqa cür?!

Bəlkə elə bilir ki, mən də sağlam gümraham?!

Bəlkə bu ümidlərlə hər şeyi ölçüb-biçir?!

Bəlkə elə onunçün mən ən böyük günaham?!


O, hələ görməyibdi mənim boy-buxunumu,

Hələ bilmir necədir mənim hüsnü-camalım.

Allahım, yalvarıram nurlu elə sonumu,

İndi tək Kamilədir mənim fikrim, xəyalım!


Yox, ona danışmışam özüm barədə axı!

Ona olduğum kimi demişəm vəziyyəti!

Yox, mümkün deyil sönə eşqimizin çırağı,

Dillərdə dastan edək gərək bu məhəbbəti!

Yox-yox, məni sevsə də Kamilə dünya qədər

Lazımdır ki, görüşək, məni görsün Kamilə.

Eşqin odu sönməsə görüşdən sonra əgər,

Demək mən bəxtəvərlər bəxtəvəriyəm elə!


Şübhələr çevrilərək itilənmiş xəncərə,

Bir müddət gecə-gündüz üzdü onun canını.

Nəhayət bir yay günü gəlib qəti qərara,

Bu qara fikirlərin yıxdı xanimanını.


Görüş təyin eləyib, görüş yeri seçdilər,

Hər ikisi gəldilər bir yay günü üz-üzə.

Onlar baxışlarıyla eşq şərbəti içdilər,

Yenə qaranlıq gecə əsir oldu gündüzə.

Sönmədi o sevginin alovu, odu qəti.

Əksinə, məşəl kimi alışdıqca alışdı.

İki sevən aşiqin bu ülvi məhəbbəti,

Aydan, Gündən güc alıb nur selinə qarışdı.

Rasim dediklərini elədi bir də təkrar,

Açıb dedi hər şeyi özü barədə yenə.

Ürəyi vüsal üçün eləsə də çox qubar,

İstəmirdi ki, sabah şamsız qala pərvanə.


Əhsən Kamilə kimi qız böyüdən anaya!

Əhsən Kamilə qəlbdə olan bütün qızlara!

Belə saf ürəklilər az-az gəlir dünyaya,

Heyran olmamaq olmaz bu parlaq ulduzlara.

Telefon söhbətləri yenə edildi davam,

Qəlblərindən keçəni dedilər bir-birinə.

Leyli-Məcnun eşqitək onların da eşqi tam,

Kök saldı qəlblərində dərindən də dərinə.


Məhəbbət dünyasının sönmədi bu şamları,

Söndürmək olmaz Tanrı yandıran od-ocağı.

Adət-ənənə ilə Rasimin adamları,

Qızgilin qapısını döydü bir axşam çağı.


Oğlan adamlarını qarşıladı qız evi,

Azərbaycan xalqına məxsus ənənə ilə.

Qadir Allah olsa da hər vaxt haqqın hakimi,

Görən qovuşacaqmı sevən könül könülə?!

Kamilənin dizləri əsirdi həyacandan,

Bir quş ürəyi kimi ürəyi çırpınırdı.

Əvvəl olduğu kimi yenə ürəkdən, candan,

O, haqqa-ədalətə, ümidə sığınırdı.

Rasimlə Kamilənin adamları üz-üzə,

Oturub danışdılar keçmışdən, gələcəkdən.

Ata əvəzi olan qardaş başlayıb sözə,

Danışdı gəlişdəki olan arzu diləkdən!


-Yəqin gəlişimiz sizə bəllidir,

Elçitək gəlmişik bu ocağa biz.

Məncə nə siz, nə biz istəmərik ki,

Zülmətə qərq ola nurlu olan iz.


Bəli, bu həyatın saf qanunudur,

Ki, deyiblər –Bir qız bir oğlanındı.

Bu da gerçəkdir ki, bir bülbül gülə,

Can deyirsə demək, can cananındı.


Bizim də müqəddəs borcumuz budur,

Sevəni sevənə çatdıraq gərək.

Buna maniyələr törədsək əgər,

Günah qazanarıq biz onda gerçək.


Xeyli müddətdir ki, qardaşım Rasim,

Dönüb Kamilənin divanəsinə.

Gərək sizli-bizli imkan verməyək,

Şam həsrət qala öz pərvanəsinə.


Sevir bir-birini aşiqlə-məşuq,

Leyli-Məcnun kimi, inanın mənə!

Biz savab qazanmış olarıq, vallah,

Əgər qovuşarsa sevən sevənə!


Ayırsaq bülbülü güldən, zənnimcə,

Allaha, bəndəyə bu iş xoş getməz.

Sığmaz yerə-göyə bu günahımız,

Nə Allah, nə bəndə bizi əfv etməz.

Mən çox istərdim ki, sevgililəri,

Tezliklə çatdıraq biz bir-birinə.

Əbədi kök salsın bu qohumluğun,

Telləri dərindən min qat dərinə.


Ancaq məcburam ki, bir sirri açıb,

Mən olduğu kimi sizə söyləyəm.

Qardaşım barədə olan bir sirdən,

Məcburam ki, sizə agah eləyəm!


Şikəst doğulubdur Rasim qardaşım!

Onun ayaqları işləmir qəti!

Normal inkişafda deyil bədəni,

Bizim ailənin tək budur dərdi!


Bu illər uzunu biz dolanmışıq,

Bir pərvanə kimi onun başına.

Ailə qurduqca həmyaşıdları,

Eşq onu da alıb öz ağuşuna.


Qardaşım olsa da əlil, ancaq o,

Böyük istedada malikdir, bəli,

Neçə kitabların müəllifidir,

Oxucu sevgisi qazanıb xeyli.


Dedim məqsədini gəlişimizin,

Rasim barədə də dedim gerçəyi.

Qədəm basmışam ki, mən bu ocağa,

Qoymayaq bülbülə həsrət çiçəyi.


Son söz sizinkidir, nurlu söz deyin,

Günəşə çatdıraq qoy Ayımızı.

Düşünüb-daşınıb razılıq verin,

Biz şirin eliyək qoy çayımızı.

* * *
Qız atası, anası xeyli baxıb üz-üzə,

Sanki hər ikisinin nitqi tutuldu bir an.

Onlar bilmədi axı necə başlasın sözə,

Necə söz desinlər ki, puç olmasın xoş güman.


Ancaq hər ikisinin qəlbində qopdu tufan,

Elə bil gözlərinə çökdü duman, qaranlıq.

Olsa da ümidləri bu son sözlərlə viran,

Ümidqıran söz deyib etmədilər yamanlıq.


Elə danışdılar ki, hesab edildi artıq,

Elçilərin dərdinə onlar da çıxıb şərik.

Qız tərəfi göstərib böyük alicənablıq,

Dedi;- Məsləhətləşib sabah son söz deyərik.


Elçilər sağollaşıb geri döndü nəhayət,

Bilmirdilər bu həyat yuxudur yoxsa gerçək.

Evə qayıtsalar da onlar ümidlə, fəqət,

Sən öz saydığını say, gör nə sayacaq fələk!

Yenə qaranlıq gecə soyundu köynəyini,

Açıldı gözəl səhər, başladı yeni bir gün.

İki sevən aşiqin məhəbbət göynəyini,

Görən sürgün eləmək olacaqdımı mümkün?


Fikirlər, düşüncələr içində, elə bu dəm,

Otağı ağuşuna aldı telefon zəngi.

Zəng vuran Kamilədir, səsində duyulur qəm,

Rasim əlində dəstək qəfil ağardı rəngi!

Kamilə bacarmadı gizlədə göz yaşını,

Döyülmüş uşaq kimi hönkürərək ağladı.

Qəlbindəki həsrətin, kədərin atəşini,

Ahıyla alışdırıb ürəkləri dağladı!

Hər iki sevən aşiq olsalar da pərişan,

Dedilər dönməyəcək onlar öz yollarından.

İki dünya dağılıb bir olsa da, heç zaman,

Asılmayacaq həsrət qanadı qollarından!


Sağollaşıb dəstəyi Rasim asdı yerindən,

Elə bil taleyində payız, qış oldu bahar.

Azca fikrə gedərək, nəfəs alıb dərindən,

Kamilənin dediyi sözləri etdi təkrar.

-Bildirdi ki qız evi razı deyil bu işə,

Dünəndən ağlar qalıb Kamilənin gözləri.

İstəmirlər qızları çətinliklə üzləşə,

Atasıgil gözləmir daha artıq bizləri!


Kamilə deyir bu iş baş tutmasa, o zaman,

Mütləq zəhərləyərək öldürəcək özünü!

Nə cür olursa olsun, indi biz tapıb imkan,

Güldürməliyik onun kədər tutmuş üzünü!

* * *

Dərd çökür hamının gülər üzünə,



Sevincdən nəşədən qalmır bir əsər.

Rasim gələ bilmir bir an özünə,

Alır ağuşuna qəlbini dərd-sər.
Qardaşı tanınıb ağsaqqal kimi,

Atası dünyanı tərk edən andan.

Məhz buna görə də Rasimtək hamı,

Məcburdu gözləsin son sözü ondan.


Böyük qardaş dalır xeyli xəyala,

Min yol ölçüb-biçir gəl-getlərini.

Heç kim gözləməyən bir cavab ilə,

Sındırır Rasimin ümidlərini!

Qəti qərar verib o, bildirir ki,

Rasim Kamiləni unutmalıdı

Baş tutan iş deyil heç vaxt bu sevgi,

Sevda bulağını qurutmalıdı.

Bu sözlər Rasimi etdi pərişan,

Bəxtini daha da duman bürüdü.

Sevdalı ürəyi qan ağladı qan

Üstünə dünyanın dərdi yeridi.

Rasim Kamiləni unutsun deyə,

İcra elədilər sərt qanunları.

Hətda tapşırıqla neçə günlüyə,

Bağlanıldı evdə telefonları.

Batmaz onlara yüz silahlı ordu,

Tale qismətindən sovuşmadı heç.

Sönmədi onların məhəbbət odu,

Bu əməl nəyisə dəyişmədi heç.


Əksinə, hər iki sevən cavan da,

Dönməzlik yarandı, inad yarandı.

Bəxtləri olsa da qarda-boranda,

Bahar küləyiylə sonda darandı.

Rasim zərrə qədər tapmır rahatlıq,

Sanki geniş dünya gəlir ona dar.

Üzür ürəyini hey narahatlıq,

Onun nə gecəsi, nə gündüzü var.


Yüz dəfə, min dəfə o, ölçüb-biçir,

Kəsir yollarını çovğun, qar, dolu.

Xəyalən keçilməz sədləri keçir,

Ancaq tapa bilmir bir çıxış yolu.


Rasimin qardaşı qızı Rəfiqə,

Fəxrlə daşıyır nənə adını,

Bələnib ürəyi sanki şəfəqə.

Duyur əmisinin bu həyatını.


Anasının adı olduğu üçün,

Sevir ana kimi Rasim də onu.

Məhz buna görə də heç deyil mümkün,

Ola bu sevginin, istəyin sonu.

Qardaşı qızını bir axşam çağı,

Rasim öz yanına çağırır fəqət.

Çarpaz dağ olsa da qəlbinin dağı,

Eləyir onunla xeyli söz-söhbət.

O, yalnız düşünür öz mələyini,

Özgə söz-söhbətə heç olmur meyli.

Rasim qəm yüklənmiş öz ürəyini,

Qardaşı qızına boşaldır xeyli.


-Mənim sözlərimi dinlə Rəfiqə,

Sənə deyiləsi sözüm var bir az.

Nə bilim, bəlkə də ola bilər ki,

Bəxtimin qışını sən edərsən yaz.


Düzdür, ixtiyarım yoxdur səninlə,

Mən belə söhbətlər edəm, əmiyəm.

Ancaq çarəsizəm, yoxdur əlacım,

Qəzaya uğrayıb batan gəmiyəm.

Sən özün başa düş mənim əzizim,

Anamın adını sən daşıyırsan.

Artıq böyümüsən, uşaq deyilsən,

Anam ölübsə də sən yaşayırsan.

Anamın adını daşıdığınçün,

Sənə boşaldıram mən ürəyimi.

Bizə ağsaqqallıq etsə də atan,

Həll edə bilməyir gələcəyimi!

Yadımdadı, atam mənimlə hərdən,

Baxmağa gedərdi bağçaya, bağa.

Bağçada ürəkdən can yandırardı,

Əsasən əyilmiş, sınmış budağa.


Çatlamış budağı sınmamaq üçün,

Bərk-bərk bağlayardı ata həmişə.

Sonra haçalardan dayaq qoyaraq,

Arxayın olardı gördüyü işə.


Mən həmin budaqlar kimiyəm indi,

Taleyim olubdur sönmüş bir ocaq.

Ölümdən qurtarmır məni qardaşım

Atan heç atama oxşamır ancaq.


Qardaşım bilir ki, mən Kamiləni,

Sevirəm öz şirin canımdan artıq.

Bunu bilə-bilə o, niyə axı,

Nurlu gündüzümü edir qaranlıq?!


O, qız atasının, qız anasının,

Yerində olsaydı o neyləyərdi?

Mən gündə bir oğlan qızını sevsə,

O saat elçiyə “hə” söyləyərdi?

İndi gəl hər şeyi özün fikirləş,

Dediklərim yalan deyil ki, ana?

Çalış ki, atanı sən gətirə bil,

Tezliklə insafa, dinə, imana!


* * *
Heç Rasimin söz-söhbəti bitməmiş,

Rəfiqənin gözü dönür buluda.

Çalışır ki, hansısa bir xoş sözlə,

Əmisinin ürəyini ovuda.


Əmisini əmin edir Rəfiqə,

Gətirəcək atasını insafa.

Söyləyir ki, daha qəmə batmasın,

Fikir etmək izafadır, izafa.


Sağollaşıb evlərinə qayıdır,

Rasim yenə dərin fikrə qərq olur.

Dəli aşiq ixtiyarsız bir halda,

İntizarın alovunda qovrulur.

Rasim bir də telefonu yoxlayır,

Yenə susub, laldinməzdir telefon.

Bu dünyanı ey yoxdan xəlq eləyən,

Sevənlərin həsrətinə tez qoy son!


Gecə keçir, yenə səhər açılır,

Yenə Rasim enib qəmin qoynuna.

Acı niskil, qəlbə axan göz yaşı,

Sarılıbdır yenə onun boynuna.


Bu vaxt birdən eşidilir zəng səsi,

Sanki onun həsrət şahı devrilir.

Telefonun işləməsi, Rasimə,

Bir əvəzsiz xoşbəxtliyə çevrilir.


O, dəstəyi həyəcanla qaldırır,

Rəfiqədir əmisinə zəng vuran.

Ulu Tanrı, şükür sənə min kərə,

Bu zəng olur qəm mülkünü uçuran!

Bildirir ki, atasını birtəhər,

Razılığa gətiribdir nəhayət.

Heç kim mane olmayacaq bu işə,

Çıxış yolu tapıb etsin hərəkət.


Rasim asır dəstəyi öz yerindən,

Milyon dəfə şükür edir Allaha!

Çıxış yolu axtararkən, bu zaman,

Telefonun zəngi gəlir bir daha.

Kamilədir zəng eləyən bu dəfə,

Sındırılıb bəxtlərinin tilsimi.

Sevincləri yerə-göyə sığışmır,

Hər ikisi qanad açır quş kimi.


Göz yaşını saxlayanmır heç biri,

Sevinc adlı kəhər minib çapırlar.

Danışırlar başlarına gələni,

Nəhayət ki, çıxış yolu tapırlar.


Əhdlərinə sadiqdir hər ikisi,

Çəkicləri vurulur bir zindana.

Məhəbbətin qüdrətinə güvənib,

Qalib kimi səs salırlar cahana!

Hər ikisi gəlir qəti qərara,

Sabah səhər görüşsünlər şəhərdə.

Məcnun Rasim Leylisini qaçırtsın,

Son qoysunlar intizara o yerdə


Sağollaşıb səhərəcən ayrılır,

Yenə üzür ürəyini həyəcan.

Güvəndiyi bir dostuna zəng edib,

Arzusunu edir ona o, elan.


Dostu onu axıracan dinləyib,

Söyləyir ki, – Qulluğunda hazıram.

Belə dostun köməyi ol İlahi,

Halal olsun, belə dosta mən varam!


Səhəri gün Rasim deyən vədədə,

Dost maşınla qapıdaca dayanır.

O, Rasimin rahatlayıb yerini,

Hər ikisi şəhər səmtə yollanır.


Rasim çatır şərtləşdiyi nöqtəyə,

Görür bir az tez gəlibdi o, qızdan.

Sahib çıxıb Kamilə öz sözünə,

O da gəlir həmin yerə bir azdan.


Sevgililər bir-birini görəndə,

Çəkdikləri dərdi-qəmi unudur.

Hər ikisi sarılmaqçün vüsala,

Əbədilik Göydaşlıya üz tutur.



12 avqust – 31 oktyabr 2003


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin