Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə10/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   6   7   8   9   10   11   12   13   ...   105
Sufi adı barədə açıqlama.

Niyə bu adla adlandırılıb, bu geyimlə səciyyələndirilirlər.


Şeyx deyir: Biri soruşsa ki, hədis sahiblərini hədisə, fəqih­lə­ri fiqhə aid etdin, bəs nə üçün sufiləri elmə yox, [hər hansı bir] ha­la aid edirsən? Niyə zahidlər zahidliyə, mütəvəkkillər təvəkkülə, sabirlər səbrə aid edildiyi kimi, sufilər də bir hala aid edilmirlər?

Onun cavabı budur: Çünki sufilər bir elmlə fərqləndiril­məz­lər. Onlar hal və məqamın hər hansı bir növü ilə səciyyələnməzlər, onlarda əvvəldə və axırda mövcud olan bütün elmlərin mənbəyi, bütün fəzilətli halların, şərəfli əxlaqın yeri var. Onlar Allahla [bərabər] haldan-hala keçir və daha üstününə can atırlar. Onlar, həqiqətən, belə olduqlarına görə bir adla kifayətlənməzlər. Buna görə də mən onları hər hansı bir halla, elmlə təsvir etmirəm. Əgər mən hər dəfə onları olduqları hal, əxlaq, elm, əməllə adlandırsam, gərək hər dəfə başqa ad qoyam, hər dəfə onları içində olduqları ən üstün hala aid edəm. Belə mümkün olmadığına görə onları zahiri geyimləri ilə səciyyələndirdim, çünki suf (yun geyim) peyğəm­bər­lə­rin adəti, övliya və saf şəxslərin şüarıdır. Bu barədə çoxlu rə­va­yət və hekayətlər var. Onlara geyimlərinə uyğun verdiyim ad bü­tün elmləri, əməlləri, əxlaqı, şərəf və ləyaqətli halları özündə bir­ləş­dirir. Görmürsənmi Allah İsanın əshabələrindən seçdiklərinə ge­yimlərinə görə ad verir? Əgər həvarilər desə (Quran 5/112)? Onlar da ağ paltar geyinmişlər, buna görə də Allah-Təala bu adı vermiş, onları elmə, əmələ, halın növünə aid etməmişdir. Sufilər də həmçinin. Allah bilən yaxşıdır, amma onlara da hallarının növlərinə görə yox, geyimlərinə görə bu ad verilib, çunki suf (yun) peyğəmbərlərin ənənəvi geyimi, kasıbların şüarıdır.


Sufilərin fəqihlərə etirazları.

Dində fiqhin izahı və dəlilləri haqqında.
Şeyx [Əbu Nəsr] deyir: Peyğəmbərin (s) belə dediyi nəql edilir: «Allah xeyir vermək istədiyi şəxsi dində fəqih edir». Mənə Hə­sən Bəsri barədə belə bir rəvayət çatıb: «Ona deyirlər ki, filan fəqihdir!» Cavab verir: «Sən heç fəqih görübsən? Fəqih dünyada za­hid, axirəti çox istəyən, dininin əmrlərini anlayandır. Allah da bu­yurur: Dini dəqiqliklə öyrənmələri üçün (Quran 9/122) o [fə­qih], bütün hökümlərin hamısını zahirən və batinən ehtiva edəndir».

Qeyd olunan bu halların hökmlərini, bu məqamların mənasını anlamağın əhəmiyyəti boşanma, kölə azad etmə, zihar, qisas, şər‘i hüdudlar, miras qanunlarından az deyil. Çünki belə hadisələr həyatda, ola bilsin ki, heç baş verməsin və onu bilməyə də heç ehtiyac olmasın. Belə bir şey olanda isə onu bu işin bilicisindən soruşur, fəqihlərdən birinin dediyini qəbul edir və başqa bir hadisəyə qədər sakitləşirlər.

Hal, məqam, mücahidə sufilərin anladıqları və həqiqətləri barədə danışdıqlarıdır. Möminlərin buna ehtiyacı var və bunu bilmək vacibdir. Bunun üçün xüsusi vaxt ayrılmır. O, sidq, səmimiyyət, zikr, qəflətdən uzaq olmaq və başqa belə şeylər kimi­dir, ona müəyyən vaxt lazım deyil, ancaq bəndə hər bir anda, dü­şüncədə özünün məqsədini, iradəsini, fikirlərini bilməlidir. Əgər hüquqlardan biri onun üçün vacib olarsa, onu etməli, həzlərdən biri vacib olarsa, ondan uzaqlaşmalıdır. Allah öz Peyğəmbərinə (s) buyurur: Qəlbini bizi anmaqdan bağladığımız, öz istəklərinə uymuş, işində ifrata varanlardan olma (Quran 18/28).

Bu hallardan birini tərk edən yalnız qəlbində qəflətə qalib gələndir. Bil ki, sufilərin bu elmlərin mənasını, onların incəlik­lər­i­ni, həqiqətlərini öyrənməyə dair çıxartdıqları hökmlər fəqihlərin zahiri hökmlərin mənası barədə çıxartdıqları hökmlərdən çoxdur, çünki bu elmin sonu yoxdur, çünki o, əta [bəxş] dənizindən öz əhlinin anladığı işarətlər, işartılar, düşüncələr, ətalar, ilhamlardır. Qalan elmlər məhdud çərçivəlidir, bütün elmlər təsəvvüf elminə aparıb çıxarır, təsəvvüf elmi də ancaq təsəvvüf elmindən bir növə aparır və onun sonu yoxdur. Çünki Məqsudun (məqsəd olanın) sonu yoxdur. O, Allahın öz övliyalarının ürəklərinə Onun kəlamlarının anlamına dair, xitablarından hökm çıxarmaq üçün istədiyi şeyi istədiyi kimi açdığı kəşf elmidir.

Allah Peyğəmbərinə (s) buyurur: De ki, dəniz Rəbbimin sözlərini yazmaq üçün mürəkkəb olsa, bir o qədər də əlavə etsək, Rəbbimin sözləri tükənmədən o tükənər (Quran 18/109). Deyir: Şükür etsəniz, sizin üçün artıraram (Quran 14/7). Allahın [öz nemətlərini] artırmasının sonu yoxdur. Şükür sonsuz artırmanı vacib edən şükrü vacib edən nemətdir.

Müvəffəqiyyət Allahladır.


Mə‘rifət haqqında deyilənlər.

Arifin sifəti və onun həqiqətlərinin izahı.
Əbu Səid Xərraz mə‘rifət haqqında verilən suala belə cavab verir: «Mə‘rifət iki yerdən gəlir: Allahın kərəmi ilə və qulun öz cəhdi ilə».

Əbu Turab Nəxşəbi arifin sifətinə dair belə söyləyir: «Onu heç nə kirlətmir, onunla hər şey saflaşır».

Əhməd b. Əta deyir: «Mə‘rifət iki cürdür: Haqqın mə‘rifəti və Həqiqətin mə‘rifəti. Haqqın mə‘rifəti – Onun vahidliyinin tanınması, Onun xəlq üçün aşkar etdiyi ad və sifətlərinə görə tanınmasıdır. Həqiqətin mə‘rifətinə isə [Allahın] əzəli və ilahi olması səbəbindən yol yoxdur. Onu elmlə əhatə edə bilməzlər (Quran 20/110)».

Əbu Nəsr deyir: «Ona yol yoxdur»un mənası Onu olduğu kimi tanımaq deməkdir, bu, o deməkdir ki, Allah öz yaratdıqlarına onların anlaya biləcəyi qədər özünün ad və sifətlərini açır, çünki Onun mə‘rifətinin həqiqətinin bir zərrəsi belə xəlq üçün ağırdır, kainat içindəkilərlə Onun əzəmətinin şiddətinin təzahürünün ilk zərrəsindən məhv olar. Buna görə də deyirlər: «Onu Ondan başqa tanıyan, Ondan başqa sevən yoxdur, çünki səmədiyyət əhatə və idrakolunmazdır. Allah buyurur: Onun elmindən heç bir şeyi əhatə edə bilməzlər (Quran 2/255)».

Bu mənada Əbu Bəkr Sıddıqın belə dediyini söyləyirlər: «Xəlq üçün tanınmasına tanımağın acizliyindən başqa yol qoymayana sübhan olsun».

Şiblidən soruşurlar: «Arif nə zaman Haqqın müşahidə yeri olur?» Cavab verir: «Şahid təzahür edərsə və şahidlər məhv olarsa, hisslər gedər, duyğular itər». Yenə soruşurlar: «Bu işin əvvəli nədir, sonu nə?» Deyir: «Əvvəli Onun tanınması, sonu Onun tövhididir». Sonra əlavə edir: «Mə‘rifətin əlamətləri özünü Ucalığın ovcunda görməkdir. Onun əlaməti məhəbbətdir, çünki Onu tanıyan Onu sevər».

Əbu Yəzid Tayfur b. İsa Bistamidən arifin sifəti barədə soruşanda belə cavab verir: «Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda olarsa, rəngi ağ, qara qabda olarsa, qara, sarı qabda – sarı, qırmızı qabda – qırmızı və s. olar. Arif və vəlilər də belədirlər. Hal nədirsə, sufi də odur. Hallar dəyişir, halların sahibi Onun yaxınıdır».

Şeyx deyir: Allah bilir, amma bunun mənası budur ki, su öz keyfiyyətinin imkanına görə öz qabının rəngində olur. Qabının rəngi onun sifətini və halını dəyişə bilməz. Ona baxan ağ, yaxud qara zənn edər və qabı ilə mənaca eyni bilər. Arif də belədir. Onun qadir və qüdrətli Allahla olan sifəti hallarına görə dəyişir, Allah-Təala ilə olan sirri isə mənaca birdir.

Cüneyddən ariflərin düşündükləri barədə soruşanda belə cavab verir: «[Ariflər] təsvir edənlərin təsvirindən uzaqdırlar».

Birisi mə‘rifət barədə suala belə cavab verdi: «Allahı tanımanın incəlikləri məsələsində ürəklərin Onun təkliyinin incəliklərinə varmasıdır».

Cüneyddən soruşurlar: «Ey Əbu‘l-Qasim, ariflərin Allahdan istədikləri nədir?» Deyir: «Onların ehtiyacı Onadır: onları müdafiə və mühafizə etməsinədir».

Məhəmməd b. Müfəddəl Səmərqəndi isə belə deyir: «Onun nə onların özünə, nə seçiminə ehtiyacı var. Onlar nail olduqlarına ehtiyac və seçimsiz çatıblar, çünki ariflərin var olmaqları, bəqa və fənaları onları var edənlə bərabərdir».

Yenə Məhəmməd b. Müfəddəldən soruşurlar: «Ariflərin ehtiyacı nəyədir?» Bildirir: «Onların ehtiyacı gözəlliklərin hamısını kamilləşdirən, itirilməsi ilə bütün rəzalətləri meydana çıxaran bir xasiyyətədir və bu, səmimiyyətdir».

Yəhya b. Müaz arifin sifəti barədə söyləyir: «Onlar insanla­rın arasında, amma onlardan aralıdırlar». Növbəti dəfə ariflər ba­rə­də suala isə belə cavab verir: «Var olan və aşkarlanan quldur».

Əbu Hüseyn Nuriyə deyirlər: «Necə olur ki, əql Onu dərk edə bilmir, amma O ancaq əqllə tanınır». «Müddəti olan müddətsizi necə dərk etsin, naqis olan nöqsansızı, sağlamı necə dərk etsin; keyfiyyəti keyfiyyətləndirən necə keyfiyyətlənə bilər, vəziyyətləri nizamlayan necə nizamlana bilər? Məkana ad verən, ilkə ilk, sona son adını verən, onları ilk və son adlandıran Odur. O, əvvəlin əvvəli, sonun sonu olmasaydı, əvvəl və son nədir bilinməzdi», – söyləyir.

Sonra əlavə edir: «Həqiqətdə əzəliyyət sadəcə əbədiyyət­dir. Onlar arasında fərq yoxdur. Həmçinin əvvəl elə axırdır, axır elə əvvəl. Zahir və batin də eləcə. Lakin o gah səndən pərdələnər, gah da zövqü artırıb bəndəliyi göstərmək üçün zühur edər; Onu xilqətlə tanıyan Onu vasitəsiz tanımır, çünki xilqət Onun «Ol» deməyinin mə­nasına bağlıdır, vasitəsizlik isə müqəddəsliyin izharıdır. Mən deyirəm ki, vasitəsizlik yəqinin vasitəsizliyi və qəlbin qeybə imanının həqiqətlərini müşahidə etməsidir».

Şeyx deyir: «Allah bilər, amma məna budur ki, o, işarə edir ki, «Zamanla təyin etmək və sözlə ifadə etmək Allah üçün qəbul deyil. O olduğu kimi var, elə də olacaq. Onun üçün ən uzaq ən yaxındır, ən yaxın isə ən uzaq. Həqiqətən, bu fərqlər xəlq üçün xəlqilik baxımındandır, yaxınlıq və uzaqlıq, qəzəb və razılıq fərqləri xəlq üçün olan sifətlərdir, onlar Haqqın sifətləri deyil. Allah bilən yaxşıdır».

Əhməd b. Əta mə‘rifətin mənasına dair söyləyir (bu sözləri Əbu Bəkr Vasitiyə də aid edirlər, əslində, onları İbn Əta söyləyib) «Qəbahətlər Onun pərdələnməsi, yaxınlıqlar Onun təcəllisi ilə olur. Hər ikisi əbədiyyətə aid edilən sifətlərdir. [O], qəbul yaxud rədd edilənlər üzərində iz qoyar. Rədd olunanlar üzərində Onun pərdələnməsinin şahidləri bütün zülməti ilə təcəlli etdiyi kimi, qəbul olunanlar üzərində də işığı ilə edər. Bundan sonra nə sarı rəng, nə də qısalıq fayda verər!»

İbn Ətanın sözlərinin mənası Əbu Süleyman Əbdürrəhman b. Əhməd Dəraninin dediklərinə yaxındır: «Xəlqin əməlləri Onun qəzəblənməsindən, yaxud razı qalmasından asılı deyil. O bir qövmdən razı qalanda razılıq əhlinin, qövmə qəzəblənəndə isə qəzəb əhlinin əməllərini onlara etdirər».

İbn Ətanın söylədiklərinin mənası belədir: «Qəbahətlər Onun pərdələnməsindəndir, yəni O, buna (qəbahətə) imkan verir. Yaxşılıqlar isə Onun təcəllisindən irəli gəlir, yəni onlara razılıq verib, qəbul edir».

Bu da onların mənasına aiddir: «Rəsul əlində iki kitab çıxır. Biri sağ əlində, biri sol. «Bu kitabda cənnət əhlinin və onların atalarının adları var, bunda isə cəhənnəm əhlinin», – söyləyir».

Əbu Bəkr Vasiti deyir: «O, özünü seçilmişlərə tanıdanda onların nəfsləri yanır, onlara həzlərin dəlillərini açan İlk olanın dəlilləri ilə yalnızlığın şahidi olmazlar. Bu mənanı anlayan hər kəs də beləcə olur».

Allah bilir, amma bu sözün mənası belədir: «Məbudun özü­nü tanıtdığı dəlillə ilkin şahidi olan [şəxs] Onun mə‘rifəti ilə On­dan savayı olan şeylərlə yalnızlıq hiss etməz, onlarla ünsiyyət istəməz».


Zahir əhlinin kəraməti inkar etməsinin dəlilləri haqqında və övliya üçün bunun mümkünlüyünün isbatı.

Övliya və peyğəmbərlər arasındakı fərqə dair.
Şeyx dedi: Zahir əhli deyir: «Kəramətlərin varlığı peyğəm­bərlərdən başqası üçün qəbul deyil, çünki peyğəmbərlər bununla seçilirlər. Ayətlər, möcüzələr, kəramətlər eyni şeydir. Onlar möcüzə adlandırılır, çünki oxşar şeyi etməkdə xəlq acizdir. Kim bunu Peyğəmbərdən (s) başqasında sübut etməyə çalışsa, onları eyni tutmuş olur, peyğəmbərlərlə onlar arasında fərq qoymur».

Şeyx dedi: Bunu inkar edən peyğəmbərlərin möcüzəsində bir nöqsan (zəiflik) olmasından çəkinir. Bunu deyənlər səhv edir, çünki onlarla (sufilərlə) peyğəmbərlər arasında bu məsələdə fərqlər mövcuddur.

Əvvəla, peyğəmbərlər bunu (möcüzələri) xalqa göstərməli, onunla xalqı Allaha dəvət etməlidirlər. Onu gizlətməklə Allaha zidd getmiş olarlar; övliyalar isə bunu xalqdan gizlətməklə Allaha ibadət edirlər. Onlar xalqın yanında bir mövqe tutmaq üçün bir möcüzə göstərsələr, Allaha asi düşmüş olarlar.

İkincisi, peyğəmbərlər möcüzələrlə müşriklərə qarşı vuruşurlar, çünki onların (müşriklərin) qəlbi sərtləşib, uca Allaha inanmırlar. Övliyalar isə bununla öz nəfslərinə dəlil gətirir, onları sakitləşdirir, inandırır, ruzisini itirəndə iztirab çəkməyə, üsyan etməyə qoymurlar, çünki o (nəfs), pisliyi əmr edir, Allaha şərik qoşmağa çalışır, şübhəyə düşür. O əmin deyil ki, Xaliq onun ruzisini verməyi öz öhdəsinə götürmüş və buna and içmişdir.

İbn Salimdən bu barədə soruşdum: «Kəramətin mənası nədir ki, onlara verilib, onlar öz ixtiyarları ilə dünyanı tərk edirlər? Daşı qızıl etmək kəraməti necə olur? Bunun məqsədi nədir?» Dedi: «Kəramət onlara dəyərlərinə görə verilmir. Bu, onların nəfsləri Allahın onlar üçün ayırdığı ruzinin itməsindən yaranan iztirab və qorxu zamanı verilir ki, desinlər: «Görəsən, daşı qızıla çevirməyə Qadir olanın ummadığın bir yerdən sənə ruzi göndərməyə qüdrəti çatmaz?» Onlar bununla ruzisini itirmiş nəfslərinin sübutlarını kəsirlər. Bu, onların nəfslərinin təlim və tərbiyəsi üçündür».

İbn Salim bu mənada Səhl b. Abdullahdan belə bir hekayə danışdı: «Bəsrə əhlindən biri – İshaq b. Əhməd tərki-dünya oldu (zahid oldu), tövbə etdi və Səhlin dostu oldu. Bir gün Şeyxdən soruşdu: «Ey Əbu Məhəmməd, mənim nəfsimi yeyib-içmək, arxasını, dayağını itirmək qorxusu bürüyüb, onu narazılıq, üsyan hissi tərk etmir». Səhl dedi: «Götür bu daşı, Rəbbinə dua et, onu sənə təam edər, yeyərsən». Yenə soruşdu: «Bunda mənim imamım kimdir ki, mən də edim?» Səhl belə cavab verdi: «Sənin imamın İbrahim peyğəmbərdir ki, deyib: İbrahim Rəbbinə: «Ölüləri necə diriltdiyini göstər», – dedi. Dedi: «Yoxsa inanmırsan?» İbrahim: «Bəli (inanıram), amma qəlbimin əminliyi üçün», – söylədi (Quran 2/260).

Bunun mənası odur ki, nəfs ancaq gözü ilə gördüyünə inanır, çünki şəkk onun mayasındadır. İbrahim peyğəmbər dedi ki, «nəfsimin necə əmin olmasını mənə göstər, mən bununla inanaram. Nəfs ancaq gözü ilə gördüyünə inanır».

Allah-Təala övliyalara da kəramətləri öz nəfslərini tərbiyə etmək, təmizləmək, [inamlarını] artırmaq üçün verib. Bu işdə onlarla peyğəmbərlər arasında fərq var, çünki möcüzə dəvətə sübut, Allah-Təalaya dəlildir və Onun vahidliyinin təsdiqi üçün verilir.

Nəhayət, üçüncüsü, peyğəmbərlərin möcüzəsi artdıqca, onların mənəviyyatları kamilləşir, tamamlanır, ürəkləri sabitləşir. Bizim Peyğəmbərimiz (s) kimi. Ona bütün peyğəmbərlərə verilən möcüzələrin hamısı verilmişdi və onlardan heç birinə verilməyən bir şey (merac, ayı bölmək, barmaqlarından su damcılarının axması kimi şeylər) də verilmişdir.

Bunun şərhi uzundur. Demək istəyirik ki, peyğəmbərlərin möcüzələri artdıqca, mənəviyyatları, fəzilətləri kamilləşir. Övliyaların kəramətləri artanda isə onların qorxusu, hürküsü artır ki, bu, onların gizli məkrindəndir. Bu, onların Allah yanında mənzillərini aşağı endirər.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin