«Kəşf» (ﺍﻟﻛﺷﻒ) fəhmdən gizlənən şeyin bəyanı, öz gözləri ilə görürmüş kimi qul üçün açıqlanmasıdır. Əbu Məhəmməd Cüreyri deyir: «Özü ilə Allah-Təala arasında olanlara qorxu (təqva) və nəzarətlə əməl etməsə, kəşf və müşahidəyə çatmaz». Nuri isə: «Gözlərin kəşfləri görməklə, qəlblərin kəşfləri qovuşma ilə olar», – söyləyir.
«Şəth» (ﺍﻟﺷﻁﺢ) dilin mənbəyindən gələn, vəcdlə deyilmiş, iddiaya yaxın söylənmiş sözdür, ancaq onun sahibi talan edilmişdir (müstələb) və qorunur. Əbu Həmzə nəql edir ki, Xorasanlı bir adam məndən əminlik barədə soruşanda belə cavab verdim: «Sağında şir, solunda yastıq olan və hansına söykənəcəyini ayırd edə bilməyən birini tanıyıram». O: «Bu, şəthdir. Elmini göstər», – dedi.
Bəzi şəxslər var ki, onlardan iddialı bir məsələ barədə soruşanda: «Allah mənim dilimi şəthdən saxlasın», – deyir.
Cüneyd Əbu Yəzidin şəthlərini təfsir etmişdir, Əbu Yəzid özü isə onları hər hansı bir səbəbdən təfsir etməmişdir. Qənnad deyir:
«Həqiqətin və halların şəthi arasında
Bir şəth var ki, hər ikisi arasında parlayar.
[Bu] hal dəyişən (təlvindəki) hal kimi itib-batar,
Göz iki deyilən şəthi yaxınlaşdırar»,
(yəni ilk baxışda müxtəlif mənalı sözlər eyni görünə və yanlış yozula bilər).
Dostları ilə paylaş: |