«Lətif» (ﺍﻟﻟﻁﻳﻒ) – «incə» fəhmdə aydınlığa, zehndə parıltıya, mənası dəqiqliklə ibarələrə sığmayana bir işarətdir.
Əbu Səid b. Ə‘rabi deyir: «Haqq Öz qatındakı incəliklərlə sənə anlatmaq istədiyini dərk etdirmək istəyir».
Əbu Həmzə Sufi deyir:
«Mənə işimdə incəlik bəxş etdin və şahidliyimi
Yoxluğuma çevirdin – incəlik incəliklə dərk edildi».
«İmtahan» (ﺍﻹﻣﺗﺣﺎﻥ) – Haqdan gələn və Allaha yönələn qəlblər üçün buyurulan sınaqdır.
«Qəlblərin möhnəti» (ﻣﺣﻨﺔ ﺍﻟﻗﻟﻭﺏ) isə qəlblərin parçalanması və dağılmasıdır.
Xeyir ən-Nəssac deyir: «Məscidlərdən birinə girdim. Əshabından bir gənc mənə yaxınlaşdı: «Ya şeyx, mənə mərhəmət elə, möhnətim çox böyükdür». Soruşdum: «Möhnətin nədir?» «Bəladan qurtuldum və xoşluq tapdım. Sən də bilirsən ki, bu, çox böyük sıxıntıdır», – dedi».
İmtahan üç cür olur: biri cəza, biri xilas edən və qoruyan, biri də yüksəlməyə və dərəcənin ucalmasına dəvət edəndir.
Dostları ilə paylaş: |