«Münacat» (ﺍﻟﻤﻧﺎﺠﺎﺓ) Qüdrət sahibinin zikrinin saflığından sirlərin Ona deyilməsidir. Əbu Əmr b. Ülvan Cüneydin bir gecə səhərə kimi öz münacatında belə dediyini eşitdiyini söyləyir: «Allahım, Ağam, məni vüsalınla Özündən aralamaq, yaxud heyhatı tərk edərək məni Özündən gizlətmək istəyirsən». Əbu Əmrdən soruşdum: «Heyhatın mənası nədir?» Dedi: «Təmkin».
«Müsamərə» (ﺍﻟﻤﺴﺎﻤﺭﺓ) – «gecəsöhbəti» gizli zikr zamanı sirlərin söylənməsidir. Rüzbari deyir:
«Saf sevgimlə söhbət etdim, onun kədəri
İstəyin yanğısıdır, onun susuzluğu – atəşidir».
Şeyxlərdən birindən gecə söhbəti barədə soruşanda belə cavab verdi: «İçindəki sirlərlə bərabər, müraciətin davamlılığının uzanmasıdır».