«Halın rəbbi»nin (ﺭﺏ ﺣﺎﻝ) mənası odur ki, o, bizim xatırlatdığımız məhəbbət, qorxu, rica, şövq və s. hallardan biri ilə bağlıdır. Hallardan biri qula qalib gələrsə, ona həmin halın rəbbi deyərlər.
«Məqam sahibi» (ﺼﺎﺣﺏ ﻣﻗﺎﻡ) qəsd etdiyi tövbə, vəra‘, zühd, səbir və s. məqamlardan birində qalandır. Əgər bir şeydə bu məqamla tanınarsa, ona məqam sahibi deyirlər.
Cüneydin belə dediyini nəql edirlər: «Qul hal və məqamları keçməyənə qədər mə‘rifətin həqiqətinə çatmaz».
Rəvayətə görə, şeyxlərin biri belə söyləyir: «Şiblinin yanında bir müddət qaldım və onu yalnız hal və məqamlardan danışan gördüm».
Filan «nəfssizdir» (ﺑﻼ ﻧﻓﺱ) demək onda nəfsi əxlaqın zühur etməməsidir. Nəfsi əxlaq qəzəb, hiddət, təkəbbür, acgözlük, həsəd və sairdir. Əgər qul bu və bənzər bəlalardan qurtularsa, ona nəfssiz deyirlər, yəni elə bil nəfsi yoxdur.
Əbu Səid Xərraz deyir: «Allaha dönən, Allahla bağlı olan və Allahın yaxınlığında yerləşən qul öz nəfsini və Allahdan savayı hər şeyi unudar. Ondan: «Sən kimsən?», «haradasan?» – deyə soruşsan, cavabı bircə «Allah» olacaq, çünki o, qəlbində Allah-Təalanın əzəmətini tapandan bəri Allahdan savayı heç nə tanımır».
Filan «işarət sahibidir» (ﺼﺎﺣﺏ ﺇﺷﺎﺭﺓ), yəni onun danışığı incəlik, işarətlər və mə‘rifət elmini əhatə edəndir. Rüzbari deyir:
«İşarətləri əhatə edərək vəcdin saflığı
Gerçəkləşərsə, o, kimsəyə üz tutmaz».
Birisinin «mən mənsizəm» (ﺃﻧﺎ ﺑﻼ ﺃﻧﺎ), «biz bizsizik» (ﻨﺣﻥ ﺑﻼ ﻨﺣﻥ) deməsi isə onun öz əməllərindən xali olmasıdır.
Əbu Səid Xərrazdan Nemətlərdən sizə verilən Allahdandır (Quran 16/53) ayəsinin mənasını soruşanda belə cavab verir: «Allah onların dediklərindən onların əməllərini arındırıb» (verənin yalnız Allah olduğunu sübut etmək üçün).
Dostları ilə paylaş: |