«Ləcə‘» (ﺍﻟﻟﺟﺄ) – «sığınma» səmimi fəqirlik və ümidlə qəlblərin Allaha yönəlməsidir. Vasiti deyir: «Yalnız ölüm anında səmimi fəqirlik və sığınmada olan [bəndə] ömrü boyu zillət içində olar».
Fəhm əhlindən birisi Allah-Təalanın: De ki, Rəbbim, məni sidq qapısından daxil et və sidq qapısından çıxart (Quran 17/80) ayəsi barədə deyir: «Məhəmməd (s) Allah-Təalanın qarşısında öz nəfsindən fəqirliyin və sığınmanın (ləcə‘) səmimiyyətini göstərdi və sığınma səmimiyyəti ilə könüllər qaydasına düşdü».
«İnzi‘ac» (ﺍﻹﻧﺯﻋﺎﺝ) – «narahatlıq» qəlbin qəflət dalğınlığından oyanıb murad üçün hərəkət etməsidir. Cüneydin belə dediyi nəql edilir: «Könüllər necə Ona doğru ucalmaz? Könüllərdə olan gizli düşüncələr necə hərəkətə gəlməz? Addımlar itaətlə Ona doğru necə sürətlənməz? Necə Onun bəlalarına bağlanaraq, Onun böyük yaxşılıqlarına sevinərək ciddi-cəhdlə Ona doğru qaçmaz?»
Narahatlıq və narahat edilmənin (izdi‘ac – ﺍﻹﺯﺪﻋﺎﺝ) mənaları qazanma və qazanılma kimidir.
Şeyxlərdən birindən, zənnimcə, İbrahim Xəvvasdan soruşurlar: «Sənin bəzi dostların: «Biz nə alırıqsa, Allahdan alırıq», – deyirlər, amma onların ancaq insanlardan nə isə aldığını görürük». Cavab verir: «İnsanların qəlblərini onlardan bir şey istəmədən və xahiş etmədən versin deyə narahat edən kimdir?»
Dostları ilə paylaş: |