Naşirdən
Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Böyük ariflər duanı mö’minin əməldə tövhidə olan bağlılığı kimi tanıtmışlar. Ona görə də peyğəmbərlər və Əhli-beyt (ə) duaya çox əhəmiyyət vermişlər.
Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. Rəvayətlərə görə “Kumeyl” duası həzrət Xızr (ə) kimi peyğəmbər və həzrət Əli (ə) kimi mə’sum imamın biliyindən qaynaqlanır. “Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır. Böyük alim, professor Hüseyn Ənsariyan lap uşaq yaşlarından “Kumeyl” duasına bağlı bir insan olmuşdur. Bu dəyərli insan xalqın bu misilsiz xəzinədən faydalanması üçün əlindən gələni etmişdir. “Kumeyl” duasına ruhən bağlı olan müəllifin yazdığı şərh Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanır.
Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır.
Ön söz
Mən hələ on bir yaşım olan zaman atamla birlikdə mübarək Ramazan ayının gecələrində dini mərasimlərdə iştirak edərdim. Bu məclislərdə böyük alim, mərhum Seyyid Muhəmməd Məhdi Laləzari, insanları həqiqətə çağırıb şirin söhbətlər edərdi. Cümə axşamları isə ilahi avaz, yanar qəlb, ağlar gözlə “Kumeyl” duasını oxuyardı. Duada iştirak edən bütün insanlar bu böyük şəxsiyyətin oxuduğu duanın sehrinə düşərdi. Mən də başqaları kimi onun aşiqanə halda oxuduğu əzəmətli duanın təsiri altında olardım. Bu dua ariflərin mövlası, aşiqlərin imamının qəlbindən qopmuş, insanları tövbəyə , paklanmağa sövq edən ilahi bir çağırış idi.
«Kumeyl» duasını ilk dəfə eşitdiyim vaxtdan üç gün sonra Allahın yardımı ilə onu əzbərləmiş, cümə axşamları ailə üzvləri, ya da dostlarla birlikdə bu duanı oxuyardım.
Qum elmi mərkəzinə gəldikdən sonra, dini təbliğ etməyə vəzifəli olduğum vaxtdan başlayaraq cümə axşamları məclislərimi “Kumeyl” duasına həsr etməyi qərara aldım. Çox çəkmədi ki, mənim dua məclisim bütün İranda, hətta ölkə xaricində çox məşhurlaşdı. Belə ki, duada iştirak edənlərin sayı təsəvvürə gəlməyən səviyyədə artdı. Bir çox insanlar öz dərdlərinin çarəsini bu məclisdə tapmışlar.
Həzrət Əli (ə)-ın mövlud günlərinin birində alim dostlarımdan biri məsləhət gördü ki, “Kumeyl” duasına şərh yazım ki, mö’minlər bu şərhdən istifadə etməklə dua ilə daha dərindən tanış olub, onun yardımından faydalansınlar. Allahın yardımı ilə bu şərh yazıldı.
Bu kitabın ərsəyə gəlməsində zəhməti olan bütün dostlara təşəkkür edirəm.
Müəllif.
Duaya bir baxış
Dua ehtiyacsız Allaha ehtiyacın bildirilməsidir. Dua mütləq varlıq olan Allah qarşısında miskinliyin, fəqirliyin bəyanıdır. Dua vəfasız gədanın vəfalı Xaliqdən, zəif varlığın qadir varlıqdan istəyindən ibarətdir. Dua zəif və çarəsiz bəndənin mehriban, həkim, eşidən Yaradandan kömək diləməsidir. Dua pak, iqtidarlı, bağışlayan, dost, yeganə məbudun hüzurunda təvazö’, xuşu’, itaətkarlığın izharıdır. Dua Allahın məhbubu, yol əhlinin məşuqu, ariflərin gözünün nuru, vurğunların yalvarışı, zülmətə düşənlərin çırağı, imkansızların sığınacağı, ehtiyaclıların qəlbinin nurudur.
Quranda dua
Sonsuz feyz mənbəyi, sahilsiz kəramət okeanı, həqiqət fəzasının yaradıcısı, elm və hikmət süfrəsini açan Cənab Haqq Qurani-Məciddə buyurur: “Ey peyğəmbər, xalqa de ki, əgər dua etməsələr, Allah onlara etina göstərməz.”1
Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir vasitədir. Bu rəhmət vasitəsi ilə insan bəlalardan uzaqlaşır, səadətə nail olur. Sevənlərin məhbubu, zikr edənlərin üz tutduğu, şükür edənlərin həmsöhbəti, möminlərin sığınacağı olan Rəbbimiz belə buyurur: “Əgər bəndələrim Mənim haqqımda soruşsalar, (cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən Məni çağıran zaman onu qəbul edərəm.”2
Bəli, insana Allahdan daha yaxın olan başqa bir varlıq yoxdur. Məhz bu yaxınlıq insanı vücuda gətirmiş, onu ana bətnində tərbiyə etmiş, dünya həyatına gətirmiş, bu qonaq üçün maddi və mənəvi nemətlərdən süfrə açmış, xoşbəxtlik yolunu insana göstərmək üçün peyğəmbərlər göndərmiş, Quran və məsum imamlar kimi misilsiz nemətlər qərar vermiş, susuzluğunu saf sularla yatırmış, aclığını dadlı yeməklərlə doyurmuşdur. Məhz bu yaxın varlıq xəstəliklərə şəfa vermiş, ailə-övlad və dost-tanış vasitəsi ilə insanı tənhalıqdan qurtarmış, ayıbları libaslarla örtmüş, qəlblərdə Öz məhəbbətini icad etmiş, müşkülləri aradan qaldırmış, sağlamlığa davam vermişdir. Axı insanın dəyərini Allahdan başqa kim ucalda bilər? İnsanın halından, ehtiyaclarından, arzu və istəklərindən Allah qədər xəbərdar olacaq ikinci bir varlıq varmı?
Bəli, insana hamıdan yaxın olan Odur. “Qaf” surəsinin 16-cı ayəsində buyurulur: “Doğrudan da, insanı biz yaratmış və nəfsinin ona nələr vəsvəsə etdiyini də bilirik. Biz ona boyun damarından da yaxınıq.”
Əql və bəsirətcə hamıdan üstün, qəlbləri bütün qəlblərdən nurani, qeyb aləminə hamıdan daha agah olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər də bütün vücudları ilə duaya bağlı olmuşlar. Onların nə gecəsi, nə də gündüzü duasız ötüşə bilməz. Onlar duanı təkamül mayası, daxili çirkinlikdən təmizlənmə amili, müşküllərin həlli üçün səbəb bilmişlər. Bu ilahi şəxsiyyətlər əmin idilər ki, ilahi dərgaha əl açmış heç bir insan əliboş dönəsi deyil. Allah-Taalaya təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul olunmasına zərrəcə şübhə yox idi. Bu həqiqət həzrət İbrahim (ə)-ın dilindən gözəl şəkildə bəyan olunur: “Həmd olsun Allaha ki, qoca vaxtımda mənə İsmail və İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir.”3
Bəli, məhz duanın gücü hesabına Həzrət Zəkəriyya və arvadı - yaşlarının ötməsinə baxmayaraq - Yəhya kimi övladla müjdələndilər (“Məryəm”, 5-9). Həzrət İsa (ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını istədi və Allah onun duasını qəbul etdi (“Maidə”, 112-115).
Allah-Taala bəndələrinə bütün hallarda dua etməyi tapşırır. Tapşırır ki, əllərimizi açıb təvazö’ və sınıq qəlblə ehtiyaclarımızı Ondan istəyək və dualarımızın qəbul olunacağına ümidvar olaq. Qəti şəkildə bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər zəlil görkəmdə Cəhənnəmə gətiriləcəklər. “Ğafir” surəsinin 60-cı ayəsində buyurulur:
“Məni çağırın, sizə cavab verim (duanızı qəbul edim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda Cəhənnəmə daxil olacaqlar.”
Dostları ilə paylaş: |