Qumar
Böyük günahlardan biri də qumardır. Vəsailüş-şiə kitabının 17-ci cildində nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) qumarı böyük günahlara aid edir. “Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur: «Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır.»
Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vacibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vacibdir.
Xalqı güldürmək üçün görülən boş işlər
Boş işlər dedikdə bu işi görən və bu işə tamaşa edən insanlar üçün dünya və axirət faydası olmayan, qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan unutmamalıdır ki, ömrün hər dəqiqəsi milyardlarca amil hesabına başa gəlir.
Şübhəsiz ki, qiymətli ömrünü boş yerə xərcləmək naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir.
Mühəddis Qumi “Mənazilül – axirət” kitabında yazır: “İbn Səməd adlı bir şəxs günün böyük hissəsini özünü hesaba çəkərdi. Bir gün ona məlum oldu ki, ömrünün altmış ili arxada qalıb. Altmış il 21900 gün edirdi. İbn Səməd fəryad çəkərək öz-özünə dedi: “Vay olsun mənə əgər gündə bir günah etmiş olsam, Allahın görüşünə 21900 günahla gedəsiyəm”. Bu sözlərdən sonra huşunu itirdi və dünyasını dəyişdi”.
Xalqın eyiblərini açmaq
İslam dinində müsəlmanların və möminlərin təmiz adını qorumaq vacibdir. Möminin abır-həyası onun qanı kimi möhtərəm sayılır. Əgər xalqın abır-həyasına zərbə dəyərsə cəmiyyətdəki etibar viran qalar.
Yalnız peyğəmbərlər, imamlar və övliyalar eyibsiz olmuşdur. Bütün qalan insanların gizli eyibləri vardır. Çox az insanlar üçün təmiz ad əhəmiyyətsizdir. Əksər insanlar eyibləri açıqlandığı zaman narahat olurlar. Başqalarının istənilən bir eybini açıb-ağardanlar böyük günaha yol verir və axirət əzabı qazanırlar. İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: “İnsan üçün küfrə ən yaxın əməl odur ki, bir şəxslə din əsasında qardaşlıq əqdi bağlayıb, onun səhvlərini öyrənsin və sonradan bu səhvləri açıb-ağartmaqla danlaq vursun.”55
İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey dildə İslamı qəbul edib, qəlbinə iman nüfuz etməyənlər! Müsəlmanları məzəmmət etməyin, onlarda eyib axtarmayın. Hər kəs müsəlmanlarda eyib axtarsa, Allah da onda eyib axtarar, Allahın eyib axtardığı kəs isə evində belə rüsvayçılıqdan gizlənə bilməz”.56
Günahkarla yoldaşlıq
Hər bir insan oturub-durduğu şəxsin təsiri altına daha tez düşür. Ona görə də Qurani-Məciddə və Əhli-beyt (ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi göstərişlər vardır. İslam kitabxanasında sırf bu mövzudan bəhs edən kitablar kifayət qədərdir.
İslam dini insanları kafir, müşrik, günahkar şəxslərdən uzaqlaşmağa çağırır. Məqsəd möminlərin mədəniyyətini, əxlaqını, xarakterini şeytani təsirlərdən qorumaqdır.
İmam Sadiq (ə) buyurur: «Əgər mömin şəxs Allaha itaətsizlik olunan məclisin istiqamətini dəyişməkdə gücsüzdürsə bu məclisdə oturmaq ona yaraşmaz (layiq deyil).»57
Əbu Haşim Cəfəri deyir: “Həzrət Riza (ə) mənə buyurdu: “Nə üçün səni Əbdürrəhman İbn Yəqubla görürəm?” Dedim: “O mənim dayımdır.” İmam buyurdu: “O, Allah haqqında qeyri-məqbul sözlər danışır. Onun sözləri Quran və Əhli-beyt göstərişləri ilə uyuşmur. O, Allahı əşya kimi təsvir edir. Sən ya onunla qalıb bizdən uzaqlaşmalısan, ya bizimlə qalıb onu tərk etməlisən.” Ərz etdim ki, o hər nə deyirsə desin. Mən ki, onun dediklərini təkrar etmirəm. Həzrət (ə) buyurdu: “Ona gəlmiş əzabın səni də bürüyəcəyindən qorxmursanmı? Özü Həzrət. Musa (ə), atası isə Fironla dost olanın əhvalatını eşitməmisən? Fironun qoşunu Musa və onun ardıcıllarını təqib edib çaya yetişdikləri vaxt oğul atasını nəsihət etmək üçün ona yaxınlaşdı. Bu an Fironun qoşununa gələn bəlaya oğul da düçar oldu. Bu xəbəri eşidən Həzrət Musa (ə) buyurdu: “Günahkara gələn bəla onun yanındakıları da bürüyər. Amma mömin oğul Allahın rəhmətindədir.”58
Həzrət Əli (ə) buyurmuşdur: “Allah və Qiyamət gününə imanı olan kəs şəkk-şübhəli yerdə dayanmamalıdır.”59
İmam Sadiq (ə) buyurur: “Allah dostlarına qara yaxılan yerdə oturan kəs Allaha itaətsizlik etmişdir.”60
Həzrət Məsih (ə) buyurmuşdur: “Allahla dostluğunuzu günahkara pis münasibətinizlə göstərin və onlardan uzaqlaşıb Allaha yaxınlaşın. Onların qəzəbi əvəzində Allahın razılığını istəyin.” Soruşdular ki, belə isə kiminlə yoldaşlıq edək? Həzrət İsa (ə) buyurdu: “O şəxslə əyləşin ki, görüşü Allahı xatırlatsın, danışığı elminizi artırsın, rəftarı ilə sizi axirətə rəğbətləndirsin.”61
Bəli, təqva, paklıq, təvazö’, sədəqə ibadət insanla bəla arasında pərdə çəkirsə alkoqol, qumar, təlxəklik, qeybət, böhtan bu pərdələri aradan qaldırır. Əlbəttə ki, şeytan vəsvəsələrinə və nəfsinin istəklərinə uyan insan min bir günaha batmaqla öz əli ilə bəlaların qarşısını almış pərdələri yırtır.
Bu dərdə mübtəla olmayan insan
Çətin iki dünyada tapsın aman.
Hər kimsənin batin gözü kor olsa,
Çöl gözüylə çətin ki, görsün nəsə.
O çiçəyin ətrini almayan kəs
Sinəsində qəlbi gəzdirir əbəs.
Ey eşqdən, sevgidən dəm vuran könül,
Bəlaların qoynundadır yerin, bil.
Od içində yanmağa layiq olan
Sultan sarayından uzaqdır, inan.
Çalış uzaq dayan zənni-gümandan,
Zənnə uyan sorğu günü peşiman.
“Allahumməğfirliyəz-zunubəl-ləti tunzilui-niqəm”
(“Pərvərdigara! Cəzaları endirən, yaxınlaşdıran günahlarımı bağışla”)
Bir çox günahlar əməllərin cəzasını yaxınlaşdırır, tezləşdirir. “Məanil-əxbar”da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:
1. Zülm (bəğy);
2. Başqalarının hüququna təcavüz;
3. Allahın bəndələrinə məsxərə etmək;
4. Əhdi pozmaq;
5. Aşkar günah;
6. Yalanı açmaq;
7. Dinə zidd mühakimə;
8. Zəkat ödəməmək;
9. Ölçüdə çəkidə əskiklik.
Dostları ilə paylaş: |