“Bəğy”
“Bəğy” dedikdə həqiqət qarşısında itaətsizlik, ilahi hədlərin pozulması, fəsad, günah nəzərdə tutulur. “Qəsəs” surəsinin 76-cı ayəsində buyurulur: “Doğrudan da Qarun Musa qövmündən idi və onlara zülm etmişdi”. “Şura” surəsinin 27-ci ayəsində oxuyuruq: “Əgər Allah bəndələrinin ruzisini gen-bol edərsə onlar yer üzündə fəsad törədərlər”. “Məryəm” surəsinin 28-ci ayəsində isə belə buyurulur: “Ey Harunun bacısı! Atan pis, anan isə zinakar deyildi.”
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir.”62
İmam Sadiq (ə) buyurur: “Mömində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm”.63
Xalqın hüququna təcavüz
Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qurani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məsuliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəl-abidin (ə)-ın hüquq risaləsidir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.
Allah bəndələrinə məsxərə
İnsanların geyiminə kasıblığına, əqidəsinə sənətinə məsxərə etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid məsxərə edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir.
“Bəqərə” surəsinin 14-cü ayəsində oxuyuruq: “Onlar möminlərlə qarşılaşdıqları zaman “biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə “biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər”.
İslam Peyğəmbəri (s) bildirir ki, Allah-Taala belə buyurmuşdur: “Mənimlə dostluqdan çəkinən, mənimlə döyüş üçün pusqu qurmuşdur”.64
İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət zamanı bir nida ucalar: “Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: “Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dininə məsxərə edənlərdir”. Sonra əmr olunar ki, onları Cəhənnəmə aparsınlar”.
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah-Taala buyurur: “Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.”65 Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.
ƏHDİ POZMAQ
Əhd–peyman və ona vəfa etmək Qurani-Məcid və əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır.
“Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: “Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. “Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: “O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. “İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: “Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. “Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: “Ey iman gətirənlər, əhdlərə sadiq olun”.
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.”66 İmam Sadiq (ə) buyurur: “Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır”.67
AŞKAR GÜNAH
Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır (“Ənam” surəsi, ayə 151).
Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.
Mömin insanlar, xüsusilə ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu mikrob kimi xalqın, xüsusi ilə də gənc nəslin həyatını məhv edir. Əmr be məruf və nəhy əz münkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər təlim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz.
Həya, Allaha diqqət, günahın nəticəsini düşünmək insanı günahdan çəkindirən ən təsirli vasitədir. İmam Sadiq (ə) buyurur: “Həya imandandır, iman isə behiştədir”. İslam Peyğəmbəri (s) buyurur: «Allahdan həya edib, bu haqqı yerinə yetirin. Hər biriniz ölüm gözlərinin qarşısında gecəni sübh etməklə göz, qulaq və dili haramdan hifz etməklə qarını haramdan gözləməklə qəbir və bədənin onda çürüməsini xatırlamaqla bu haqqı gözləyin. Axirəti istəyən kəs dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar.» 68
Bir şəxs Həzrət Peyğəmbərdən (s) nəsihət istədiyi vaxt Həzrət (s) buyurdu: “Qövmünün layiqli şəxsindən həya etdiyin kimi Allahdan həya et.”69
Dostları ilə paylaş: |