PİS NİYYƏT
Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır. İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar və’d edilir.
İmam Sadiq (ə) buyurur: «Fəqir mö’min belə dua edir: «Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim». Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar ...»90
Rəvayət olunur ki, çınqıllı yerdən keçən bir ac kişi «əgər bu çınqıllar təam olsaydı, onları xalq arasında bölərdim» deyə düşünür. Allah öz peyğəmbərinə vəhy edir ki, bu şəxsə «sədəqən qəbul olundu və mükafatına çatdın» - söylə».91
İnsan bütün ətrafdakılara münasibətdə pis niyyətdən çəkinməlidir. Pis niyyət insanın qəlbini qaraldır, onu çirkləndirir və günah üçün şərait yaradır.
GİZLİ VƏ ÇİRKİN SİFƏTLƏR
Nifaq, bədgümanlıq, kin, eqoizm, riya, təkəbbür, lovğalıq, paxıllıq, xəsislik, tamah, həsəd, Allah düşməninə məhəbbət olduqca təhlükəli günahlardır. Bu günahların dünyəvi və üxrəvi əzabından əlavə’ duanın qəbulunu əngəlləməyi də var.
İmam Baqir (ə) münafiq haqqında buyurur: «Pis o bəndədir ki, eyib axtarır, pis danışır, abır aparır, dost kimi gəlib, düşmən kimi arxa çevirir».92
BƏDGÜMANLIQ (SUİ-ZƏNN)
Allaha, Onun övliyalarına, müsəlman xalqa qarşı bədgümanlıq çox ağır günahlardandır. Bu günahlar insanın qəlbində gizli olsa da, sətir-sətir əməl naməsinə yazılır. Bədgümanlıq edən şəxs dünyadan gedənədək tövbə etməzsə, axirət əzabına düçar olar. «Hücurat» surəsinin 12-ci ayəsində buyurulur: «Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi günahdır».
İslam Peyğəmbəri (s) buyurmuşdur: «And olsun pərəstişə layiq olana, Allah-Taala heç bir mö’mini tövbədən sonra əzaba düçar etməz. İnsan o zaman əzaba düçar olur ki, Allaha bədgüman, Onun rəhmətindən ümidsiz, pis əxlaqlı olub, mö’min şəxslərin qeybətini etsin».93
Batini imanla bəzənmiş, zahiri saleh əməllərə bağlı insan Allahın rəhmət və mükafatından ümidini üzməyib nikbin olmalıdır. Əgər tövbə qapısı açıqdırsa, günahları yumaq mümkündürsə və Allah bağışlamaq və’di vermişdirsə insan nə üçün naümid olmalıdır?! Əksinə insan nikbin olub, Allahın rəhmətinə inanmalıdır.
Mərhum Əllamə Məclisi bədgümanlıq haqqında olan hədisin şərhində deyir: «İnsan bağışlanmaq istədiyi vaxt Allahın onu bağışlaması üçün nikbin olmalıdır. İnsan tövbə edərkən əmin olmalıdır ki, tövbəsi qəbul ediləcək. Səmimi qəlblə dua edirsənsə inanmalısan ki, duan qəbul olacaq. Bir işə kömək istədiyin zaman Allahın yardımına şübhə etmə. Allaha xatir gördüyün iş hökmən qəbul ediləcəkdir. Bütün bunların ziddi Allaha bədgümanlıqdır və bədgümanlıq da böyük günahdır. Onun müqabilində əzab və’d edilmişdir».94
Əgər mö’min insanların gördüyü iş zahirən xoşa gəlmirsə, pis fikrə düşmək olmaz. Mö’minin işini imkan qədərincə düzgün hesab etmək lazımdır. Məsələn, mö’mini qumar, şərab, musiqi olan günah məclisində görən insan onun haqqında pis fikrə düşməməlidir. Bu yerdə bədgümanlıq Qur’an və Əhli-beyt nəzərindən haramdır və cəzası vardır. Dini göstərişlərə əsasən mö’mini günah məclisində görən insan tam sakitliklə özünə deməlidir: «Xoş bu mö’minin halına ki, Allahın yardımı ilə günah məclisində islah aparır, günahkarlara yol göstərir. Kaş bu iş mənə də qismət olaydı, şeytana əsir olanlara yardım əli uzada biləydim».
KİN
Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Yaxınları yoxlamaq (sileyi-rəhm) dində vacib buyurulmuş xeyir əməllərdəndir. Kinli insan bu xeyir işdən məhrum olur. Kin insanın qəlbini çirkləndirir, onun ruhunu zülmətə qərq edir, nəhayət insanı Allahın rəhmətindən uzaq salır.
Həzrət Peyğəmbər (s) buyurur: «Cənab Cəbrayıl hər dəfə mənim yanıma gələndə dedi: «Ey Məhəmməd, xalqla düşmənçilikdən çəkin.»95
Həzrət Əli (ə) buyurmuşdur: «Nadanlığın başı xalqla düşmənçilikdir»; «Xalqla düşmənçilik nadanların xüsusiyyətidir.»96
İmam Sadiq (ə) buyurmuşdur: «Xalqla düşmənçilikdən çəkin. Bu, həlakətə və eyiblərin açılmasına səbəb olar».97
ÜCB (ÖZÜNDƏN RAZILIQ)
Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?!
İmam Sadiq (ə) buyurur: «Xudpəsəndliyə düçar olan şəxs həlak olasıdır.»98 «Alim bir şəxs abidin yanına gəlib dedi: Necə namaz qılırsan? Abid cavab verdi ki, mənim kimidən soruşursan ki, necə namaz qılırsan? Mən elə əvvəldən Allaha belə-belə ibadətlər edirəm. Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: Gözümdən yaş sellələnədək ağlayıram. Alim dedi: Düzü, ağlayıb lovğalanmaqdansa, gülüb Allahdan qorxmağın daha yaxşıdır. Doğrudan da, özünü bəyənənin heç bir işi Allah dərgahına qalxmaz.»99
İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (mö’minləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar».100
RİYA
İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək haramdır və Allahın qəzəbinə səbəb olar. Qur’ani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur: «Vay o namaz qılanlara ki, namazlarında qəflətdə olub riya edirlər».101
Bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu: «İnsanın qurtuluşu nədədir?» Həzrət (s) buyurdu: «Xalqın diqqətini cəlb etmək üçün ibadət etməməsindədir.»102
Bir rəvayətdə deyilir: Kimi cihadda öldürülür, kimi var-dövlətini sədəqə verir, kimi Qur’an oxuyur. Əgər cihad edənin məqsədi özünü şücaətli göstərmək, sədəqə verənin məqsədi səxavətli tanınmaq, Qur’an oxuyanın istəyi qari kimi məşhurlaşmaqdırsa onların heç birinin mükafatı yoxdur və riya əməllərini puça çıxarmışdır.103
Bir hədisdə İslam Peyğəmbəri buyurur: «Allah taala mələklərə buyurar ki, bu şəxs iş gördüyü vaxt bizi nəzərdə tutmadığı üçün onu cəhənnəmə göndərin» (eyni mənbə).
İslam Peyğəmbəri (s) buyurur: «Sizin üçün qorxduğum ən təhlükəli şey kiçik şirkdir, yə’ni riya»; «Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul etməz»104
Şəddad ibn Ous deyir: «Gördüm ki, Həzrət Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, ümmətimin şirk edəcəyindən qorxuram, onlar bütə günəşə’ aya, daşa pərəstiş etməyəcəklər, amma əməllərində riya və xudpəsəndlik olacaqdər.»105
Dostları ilə paylaş: |