İmam Sadiq (ə) nəql edir ki, bir gün Kufədə Səlmanın yolu dəmirçilər bazarından düşür. Özündən getmiş bir gəncin başına camaatın toplaşdığını görür. Səlmana deyirlər ki, bir dua oxu, bəlkə ayıldı. Səlman gəncin başı üstə durub onun ayılmasını gözləyir. Oğlan özünə gəldikdə Səlmanı görüb deyir: “Mənim haqqımda bir söz desələr, düz deyil. Dəmirçilərin çəkic səsini eşidib “Günahkarlar üçün dəmirdən gürzlər var”363 ayəsini xatırladım və əzab qorxusundan huşumu itirdim.”
Səlman dedi: “Sən mənə din qardaşı olmağa dəyərsən.” Bu hadisədən sonra Səlman bu oğlanla rəfiq oldu.
Bir gün oğlan xəstələndi. Səlman can verən dostunun başı üstə oturmuş və deyirdi: “Ey ölüm mələyi, qardaşımla müdara et, yaxşı keçin.” Cavab gəldi: “Mən bütün möminlərlə müdara əhliyəm.”364
Huşunu itirən qadın
Tanınmış alim Molla Fəthullah Kaşani “Mənhəc” təfsirində yazır:
Bir gün Həzrət Peyğəmbər (s) məsciddə namaz qılırdı. O, “Həmd”i bitirib “Hicr” surəsini oxumağa başladı. “Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir; Cəhənnəmin yeddi qapısı var və hər qapısından müəyyən bir dəstə girər” ayələrini oxuduğu vaxt pərdə arxasında Həzrətə (s) iqtida edən bir qadın huşunu itirdi. Qadının üzünə su çiləyib onu ayıltdılar. Qadın dedi: - “Ya Rəsulallah, oxuduğunuz ayələrin qorxusundan huşumu itirdim. Vay mənim halıma, bədənimin əzaları yeddi qapı arasında bölüşdürüləcək!”
Həzrət (s) buyurdu: “Elə deyil. Günahkarların hər dəstəsi bir qapıda cəzalandırılacaq.” Qadın dedi: “Ya Rəsulallah! Mənim sərvətim yeddi quldan ibarətdir. Cəhənnəmin hər qapısından azad olmaq üçün bu qulların birini azad edirəm.”
Vəyh mələyi nazil olub dedi: “Ya Peyğəmbər (s), qadına müjdə ver ki, “Allah Cəhənnəm qapılarını sənə haram etdi və üzünə Behişt qapılarını açdı.”
Qüdsi hədisdə deyilir:
“Ey Adəm övladı! Mən bu şölələnən alovu yalnız kafirlər, xəsislər, sözgəzdirənlər, valideynlərinin üzünə ağ olanlar, zəkatın qarşısını alanlar, sələm yeyənlər, zinakarlar, haramxorlar, Quranı unudanlar, qonşuları incidənlər üçün yaratmışam. Tövbə edib iman gətirənlər, saleh işlər görənlər istisnadır.
Ey bəndələrim! Özünüzə rəhm edin. Çünki bədənlər zəif, səfər uzaq, yük ağır, Sirat dəqiq, atəş şölələnmişdir. İsrafil nida edər, Rəbbül-aləmin hesab çəkər.”
Hatəm ƏsəmMin vəsiyyəti
Səfərə çıxan bir şəxs Hatəm Əsəmdən vəsiyyət dilədi. Hatəm dedi:
“Əgər yar istəsən, sənə Allah bəsdir.
Əgər yoldaş istəsən, sənə yazan mələklər kifayətdir.
Əgər ibrət istəsən, dünya yetər.
Əgər munis istəsən, Quran sənə bəsdir.
Əgər iş istəsən, ibadət sənə kifayətdir.
Əgər vaiz, nəsihətçi istəsən, ölüm yetər...”
“Ya Məvlayə, fəkəyfə yəbqa fil-əzabi və huvə yərcu ma sələfə min hilmikə əm kəyfə tulimuhun-naru və huvə yəmulu fəzləkə və rəhmətəkə əm kəyfə yuhriquhu ləhibuha və Əntə təsməu səvtəhu və təra məkanəhu, əm kəyfə yəştəmilu ələyhi zəfiruha və Əntə tələmu zəfəhu, əm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha və əntə tələmu sidqəhu, əm kəyfə təzcuruhu zəbaniyətuha və huvə yunadikə ya Rəbbəhu, əm kəyfə yərcu fəzləkə fi itqihi minha fətətrukuhu fiha”
(“Ey mənim Mövlam! Ötən müdaralarına ümid edən bəndən əzabda necə qala bilər? O, Sənin ehsan və rəhmətini arzu etdiyi halda od onu əzaba necə sala bilər? Atəş şölələri onu necə yandıra bilər ki, fəryadını eşidirsən, yerini görürsən? Odunun hənirtisi onu necə bürüyə bilər ki, zəifliyindən xəbərdarsan? Cəhənnəm təbəqələrində necə ora-bura çəkilə bilər ki, sədaqətindən xəbərdarsan? Əzab mələkləri onu necə qəzəblə qova bilərlər ki, Səni Allahlığınla çağırıb? Necə ola bilər ki, o, Cəhənnəmdən azad edəcəyinə ümidi olduğu halda, Sən onu öz başına buraxasan?!”
Haqqın rəhməti, lütf və, kəraməti
Ayə və rəvayətlərdən məlum olur ki, Allah-Taala bütün bəndələrinə mərhəmətli, lütf və kəramət göstərəndir. İnsanların saysız-hesabsız nemətlərlə təminatı yuxarıdakı müddəaların sübutudur.
Bəzi insanlar nemətə çatdıqdan sonra Allahdan üz döndərir, özləri özlərinə quyu qazırlar. Arzu edən bəndələr heç bir maneə olmadan çalışmaqla misilsiz maddi və mənəvi nemətlər əldə edə bilərlər. Allahın rəhmət, lütf və kəramətinin ecazkarlığı ondadır ki, az əməl müqabilində çox şey əta edir.
Süleyman və kəndli
Əzəmətli səltənət sahibi olan Həzrət Süleyman (ə) yoldan keçərkən bir kəndli öz-özünə dedi: “Mehriban Allah Davudun oğluna böyük səltənət kəramət edib.” Külək bu sözləri Süleymana çatdırdı. Həzrət Süleyman kəndliyə yaxınlaşıb buyurdu: “Gücün çatmayan, məsuliyyətinə dözə bilmədiyin şeyi arzulama. Əgər Allah bir təsbihini, həmdini qəbul etsə bu sənin üçün Süleymana əta olunmuş dünya ucalığından daha yaxşıdır. Çünki təsbihin savabı baqi, Süleymanın mülkü isə fanidir.”365
Mərhum Səduq “Səvabul-əmal” kitabında belə bir maraqlı rəvayət nəql edir:
İsmail ibn Yəsar deyir ki, İmam Sadiq (ə) buyurdu: “Süstlükdən çəkinin. Çünki Allahınız mehribandır və az əmələ görə çox əta edər. Əgər bir şəxs ona vacib olmadığı halda məhəbbətlə iki rəkət namaz qılsa və məqsədi yalnız Allahın razılığını qazanmaq olsa, Allah onu Behiştə daxil edər. Allahın razılığı üçün bir dirhəm sədəqə verən şəxs də Behiştə daxil edilər. Bir gün qəlbən oruc tutan və bu işlə Allahın razılığını qazanmaq istəyən şəxs də Behişt sakinidir.”366
Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir: “Allah üçün Adəm övladından daha dəyərlisi yoxdur. Soruşdular ki, mələklər daha dəyərli deyilmi? Həzrət buyurdu: «Mələklər Günəş və Ay kimi ibadətə məcburdurlar.»
Azadlıq və ixtiyar insana verilmiş nemətdir. Əgər o, bu nemətdən düzgün istifadə edərsə Allahın rəhmət və kəramətindən faydalanar.
Mühüm bir hədis
Həzrət Peyğəmbər (s) buyurur: “Namaz dinin sütunudur və onun on xüsusiyyəti var: çöhrənin zinəti, qəlbin nuru, cismin rahatlığı, qəbirdə ünsiyyət, rəhmət gətirən, asimanın çırağı, Qiyamətdə əməl tərəzisinin ağırlığı, Allahın razılığı, Behiştin dəyəri, Cəhənnəm oduna maneçilik. Hər kəs namaz qılsa dini abad edir, hər kəs namazı tərk etsə dini viran qoyur.”
Doğrudan da, böyük bir zəhmət tələb etməyən iki rək’ət namazda bu qədər faydanın olması insanı heyran qoyur!
Həzrət Peyğəmbər (s) buyurur: “Hər hansı namazın vaxtı çatarkən bir mələk nida edər: “Ey camaat! Kürəklərinizdə (günahlar vasitəsilə) yazdığınız odu namazla söndürün!”
Dostları ilə paylaş: |