İmam Sadiq (ə) və qorxmuş karvan
Həzrət Musa ibn Cəfər (ə) buyurur: “İmam Sadiq (ə) bir karvanla hərəkət etdiyi zaman xəbər gəlir ki, qarşıda quldurlar pusqu qurub. Karvandakılar qorxuya düşüb İmama (ə) deyirlər: “Bizim bir qədər malımız var. Qorxuruq ki, quldurlar qarət edə. Bu mallara yiyə dursanız, bəlkə Sizə görə toxunmadılar.” İmam (ə) buyurdu: “Nə bilirsiniz, bəlkə onlar məni gözləyir?” Karvan əhli İmamdan bir tədbir görməsini istədi. İmam (ə) buyurdu: “Mallarınızı elə bir şəxsə tapşırın ki, dövr etdirib çoxaltsın və bir vaxt sizə artıqlaması ilə qaytarsın!” Soruşdular ki, kimə tapşıraq? İmam (ə) buyurdu ki, aləmlərin Rəbbinə. Dedilər ki, Ona necə tapşıraq? İmam (ə) buyurdu: “Niyyət edin ki, Allah quldurların şərrini sovuşdursa, malınızın üçdə birini sədəqə verəcəksiniz.” Karvan əhli razılaşdı. İmam (ə) buyurdu: “Artıq Allahın amanındasınız, yolunuza davam edin.”
Karvan hərəkətə başladı. Bir qədər getmişdilər ki, quldurlar yolu kəsdi. Amma quldurbaşı birbaşa İmama (ə) yaxınlaşdı, onun əlindən öpüb dedi: - “Yuxuda Həzrət Peyğəmbəri (s) gördüm, sizin haqqınızda tapşırıq verdi. Sizi mənzil başınadək düşmənlərdən qorumaq istəyirik.” İmam (ə) buyurdu: “Sizə ehtiyac yoxdur. Sizin şərrinizi bizdən uzaqlaşdıran başqalarının da şərrindən uzaqlaşdırar.”
Karvan sağ-salamat mənzilə çatdı. Karvan əhli malının üçdə birini sədəqə verib sonradan elə bir qazanc əldə etdi ki, heyrətə düşdü. İmam Sadiq (ə) buyurdu: “Allahla müamilənin bərəkətini gördünüz, indi bu işi davam etdirin.”367
İmam Riza (ə)-ın məktubu
Mötəbər rəvayətçilərdən olan Bəzənti nəql edir ki, İmam Riza (ə) oğlu Həzrət Cavada (ə) Xorasandan Mədinəyə göndərdiyi məktubda yazırdı: - “Oğlum, mənə xəbər çatıb ki, sən evdən çıxanda xidmətçilər səni kiçik (arxa) qapıdan ötürürlər. Onlar xəsis olduqlarından bir kəsə xeyir verməyini istəmirlər. Mən bir ata və İmam olaraq sənin böyük qapıdan gedib-gəlməyini istəyirəm. Bayıra çıxanda özünlə dinar-dirhəm götür ki, möhtaclara kömək edə biləsən. Əmilərin kömək istədikdə əlli dinardan az vermə. Artıq vermək istəsən azadsan. Əgər bibilərin ağız açsa, iyirmi beş dirhəmdən az vermə. Çox vermək istəsən azadsan. Allahdan səni «məqama» çatdırmağını istəyirəm. Əl tut və Allah tərəfindən kasıblıqdan qorxma!”
Əgər Allahın övliyaları belə böyük mərhəmət sahibidirlərsə, görün Allah necə rəhmət sahibi olmalıdır!? Bəli, məhz Allah-Taalanın sonsuz mərhəmətinə ümid bəsləyərək, Həzrət Əli (ə) belə dua edir: “Xeyr, biz Səni belə tanımırıq!”
“Həyhatə ma zalikəz-zənnu bikə və ləl-mərufu min fəzlikə və la muşbihun lima amətəl bihil muvəhhidinə min birrikə və ihsanikə fəbilyəqini əqtəu ləv la ma həkəmtə bihi min təzibi cahidikə və qəzəytə bihi min ixladi muanidikə ləcəəltənnarə kulləha bərdən və səlamən, və ma kanə liəhədin fiha məqərrən və la muqamən, lakinnəkə təqəddəsət əsmaukə əqsəmtə ən təmləəha minəl kafirinə, minəl cinnəti vənnasi əcməinə və ən tuxəllidə fihəl muanidinə, və Əntə cəllə sənaukə qultə mubtədiən, və tətəvvəltə bil-inami mutəkərrimən, əfəmən kanə muminən kəmən kanə fasiqən la yəstəvun”
(“Əvvəldə dediklərim Sənin bəndələrə nəvazişindən çox-çox uzaqdır, Səni belə zənn etmirik, Sənin fəzlindən belə münasibət gözlənilmir. Bu, tovhid əhlinə etdiyin ehsan və yaxşılıqlarına uyğun gəlmir. Yəqin bilirəm ki, kafirlərə əzab fərmanın, düşmənlərinə əbədi odda qalmasına hökmün olmasaydı, Cəhənnəm başdan-başa salamatçılıq yeri olar, bir nəfər də orada yerləşməzdi. Amma Sən ki, adların müqəddəsdir və and içmisən ki, Cəhənnəmi kafir cinlər və insanlarla dolduracaqsan, öz uca həmd-sənan ilə bunu da buyurmusan ki, mömin günahkarla birdirmi? Xeyr, bərabər deyil.”)
Mehr-məhəbbət ağuşu
Allaha pərəstiş edən övliyalar belə güman etməyiblər ki, Allah onları cəzalandırar. Qurani-Kərimdə özünü mehribanların mehribanı adlandıran Allah mömini cəzalandırarmı? Qiyamət əzabı Allahla düşmənliyin, həqiqi inkarın acı meyvəsidir. Qiyamət çətinlikləri peşəkar zalımlara və günahkarlara aiddir. Yadda saxlamaq lazımdır ki, bu əzab insan vücudunda istehsal olunur. Bir insan ki, özü üçün əzab hazırlamayıb, Allah ona əzab verməz. Tovhid, iman, həqiqəti inkar etməyən və qüvvəsi həddində əxlaq və əməl üçün çalışan insan nə üçün əzaba düşməlidir?
O, mehribandır və bütün günahkarları tövbəyə dəvət edir. Mərhum ibn Fəhəd Hilli “Uddətud-dai” kitabında belə bir rəvayət nəql edir:
Allah-Taala Fironu qorxutmaq üçün Musanı göndərəndə ona buyurdu: “Firona de ki, Mən günahkarlara qəzəbdən daha çox onları bağışlamağa, tövbə və dualarını qəbul etməyə tələsirəm.”
İbrahimin günaha dözümsüzlüyü
“Ənam” surəsinin 75-ci ayəsində buyurulur: “Beləcə İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, yəqinliklə inananlardan olsun.”
Alimlər bu ayəni təfsir edərək yazırlar: Allah-Taala İbrahimin gözlərindən hicabları götürdüyü vaxt insanlarda elə əməllər gördü ki, onlara nifrin oxudu. Öz nifrini ilə neçə-neçə insanları məhv etdikdən sonra vəyh olundu ki, nifrinini saxla. Mən, şübhəsiz ki, mehriban və bağışlayanam. Sonra Allah-Taala İbrahimə belə buyurdu: “Mən bəndələrimlə üç cür rəftar edirəm: ya tövbə edirlər və Mən də onların tövbəsini qəbul edir, günahlarını bağışlayır, eyiblərini örtürəm; ya onlardan mömin övladlar törəyəcəyini bildiyim üçün əzabdan uzaqlaşdırır, övladlar doğulduqdan sonra atalar tövbə etməsələr, onları cəzalandırıram; bu iki münasibət görünmədikdə onları axirətdə hazırladığım cəzaya düçar edirəm.
Ey İbrahim! Bəndələrimi Mənim ixtiyarıma qoy. Mənəm səbirli, bilən, hikmət sahibi, cəbbar və öz biliyimlə onlar üçün tədbir tökür, qəzavü-qədərimi yerinə yetirirəm.”368
Təəccüblü həqiqət
Böyük alim Feyz Kaşaninin “Elmül-yəqin” kitabında belə nəql olunur:
«Qiyamətdə, pis əməlləri yaxşı əməllərini üstələyən bəndə Cəhənnəmə aparılarkən Allah-Taala Cəbrailə xitab edər: “Bəndəmdən öyrən, gör dünyada alimlərlə əyləşibsə onların şəfaəti ilə onu bağışlayım.” Günahkar bəndə deyər ki, yox. Allah xitab edər ki, alimlə bir süfrədə oturubmu? Yenə də cavab “yox” olar. Yenə sual olunar ki, alim oturan yerdə oturubmu? Bəndə deyər ki, yox. Bir daha xitab edilər: “Alimlə dost olan şəxslə dostluğu olubmu?” Bəndə bu dəfə müsbət cavab verər. Xitab olunar: Ey Cəbrail! Onu lütfümlə bağışladım. Ona nəvaziş göstər və Behiştə apar.»
Dostları ilə paylaş: |