HƏRİSLİK
Ehtiyacdan artıq olan var-dövlətə meyl insanın fikrini dolaşıq salır, onu ilahi əhkam və əxlaqdan, insanlıqdan uzaqlaşdırır. Xalqın malına və haqqına göz dikən insan harama, qarətə və günaha düçar olur.
Allahı, qiyaməti düşünmək, Allahın əzabından qorxmaq, əxlaq məsələlərinə riayət etmək, insanların hüququnu pozmamaq insanı hərislikdən və həddi aşmaqdan qoruyur. Əgər Allah-Taala insan üçün kamil bir süfrə sərmişsə qazanc üçün müxtəlif yollar qoyulmuşsa və insan qismətindəki son tikəni yeməmiş dünyadan getmirsə hərislik nəyə lazımdır?! İslam Peyğəmbəri (s) buyurur: «Ən ehtiyacsız şəxs o şəxsdir ki, tamaha əsir olmasın».121 Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, səni üç ən çirkin xüsusiyyətdən çəkinməyə çağırıram: paxıllıq, hərislik və yalan.122
İmam Sadiq (ə) buyurur: «Nuh gəmidən düşdüyü zaman İblis ona yaxınlaşıb dedi: «Yer üzündə boynumda sənin qədər minnəti olan insan yoxdur. Günahkarlara əzab istəməyinlə məni rahatlığa çıxardın. Səni iki xüsusiyyətdən xəbərdar edirəm. Həsəddən çəkin, gör başıma nələr gətirdi! Hərislikdən uzaq ol, gör Adəmin başına nələr gətirdi».123
İslam Peyğəmbəri (s) buyurur: «Həris şəxs yeddi çətin bəla içindədir: bədəninə zərərli və faydasız fikir; sonsuz qəm-qüssə; yalnız ölümlə sona çatan əziyyət; nə vaxtsa düçar olacağı qorxu; şirini acıya döndərən kədər; İlahi əzaba düçar edən hesab (əfv olunmazsa); xilas yolu olmayan əzab».
TAMAH
Xalqın əlində olana məhəbbət tamahkarlıqdır. İmam Səccad (ə) buyurur: «Bütün xeyirləri xalqın sərvətindən, malından, məqamından tamahı kəsməkdə gördüm».124 İmam Sadiqdən (ə) soruşdular ki bəndəni imanlı edən və onun imanını əlindən alan nədir? İmam (ə) buyurdu: «Təqva imanlı edər, tamah imanı əldən alar».125
İmam Hadi (ə) buyurur: «Tamah çirkin bir sifətdir».126 İmam Sadiq (ə) buyurur: «Əgər xoşhal olub dünya və axirət xeyrinə çatmaq istəyirsənsə, xalqın əlində olana tamah salma».127 Həzrət Əli (ə) buyurur: «Ömür boyu azad qalmaq istəyən kəs qəlbində tamaha yer verməz».128
HƏSƏD, PAXILLIQ
Çox çirkin sifət olan həsəd odur ki, camaatın var-yoxunun onların əlindən çıxmasını arzulayasan. Paxıllıq Allahın bölgüsünə Onun başqalarına ne’mət verməsinə e’tirazdır. Təkəbbür və özünü bəyənmək, rəyasətə və üstünlüyə məhəbbət insanda həsəd doğuran amillərdir. İmam Sadiq (ə) buyurur: «Alov çör-çöpü yandırdığı kimi, həsəd də imanı yandırır».129 «Həsəd, xudbinlik və lovğalıq dinin bəlasıdır.»130
İmam Sadiq (ə) buyurur: «Həzrət Musa (ə) Allah-Taala ilə münacat etdiyi vaxt buludun bir kişiyə kölgə saldığını görür. Allaha ərz edir ki, bu şəxs kimdir? Allah-Taala buyurur: «Bu o şəxslərdəndir ki, Allahın ehsan əta etdiyi insanlara paxıllıq etmir».131
ALLAH DÜŞMƏNLƏRİNƏ MƏHƏBBƏT
Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və pis insanlara düşmən olmalıdır. Əgər qəlb bunu istəmirsə, deməli xəstədir. Əgər bu xəstəlik ayə və rəvayətlərlə müalicə olunmazsa, böyük çətinliklərə səbəb olar.
Qur’ani-Kərimdə Peyğəmbər (s) və mö’minlər kafirlərə qarşı amansız, öz aralarında isə mehriban tanıtdırılırlar. «Fəth» surəsinin 29-cu ayəsində oxuyuruq: «Məhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı amansız, öz aralarında isə mehribandırlar». Mö’minlərə belə buyurulur: «Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz».132 «Mucadilə» surəsinin 22-ci ayəsində oxuyuruq: «Allaha və axirət gününə inanan bir tayfanın - ataları, oğulları, qardaşları, qohumları olsalar da belə - Allah və onun rəsuluna qarşı çıxanlarla dostluğunu görməzsən».
İKİÜZLÜLÜK VƏ NİFAQ
Nifaq, ikiüzlülük, üzdə özünü mö’minlərə dost kimi göstərib, arxada düşmənçilik etmək o qədər çirkin sifətlərdir ki, Allah-Taala Qur’anda bu sifətlərə görə ağır əzab və cəhənnəm və’d edir. Münafiq, düşmənlərlə müntəzəm əlaqə saxlayıb, mö’minlər üçün çətinlik yaradan şəxsdir. O, mö’minlərin sirrini xain şeytansifətlərə fir’onməslək zalımlara açmaqla məşğuldur. Münafiq çox çətin müalicə olunan bir xəstədir. Münafiqin imanı dilində küfrü qəlbindədir. Onun ruhu çirkin, əxlaqı puç, əməli ləyaqətsiz, düşüncəsi şeytanidir. Münafiq, işi-gücü hiylə qurmaq olan təhlükəli bir mövcuddur.
Bu xainlərin nişanələrini açıqlayan Qur’an ayələrindən əlavə, onların iç üzünü göstərən mö’təbər hədislər də vardır.
Həzrət Riza (ə) Məhəmməd ibn Fuzeylə yazdığı cavab məktubunda münafiqlər haqqında buyurur: «Allaha, İslam ayinlərinə Peyğəmbərə (s) və müsəlmanlara hiylə quran ikiüzlülər Peyğəmbər (s) ardıcıllarından, iman əhlindən, müsəlman zümrəsindən deyildirlər. Onlar özlərini zahirdə imanlı və mö’min kimi göstərir, küfr və inkarlarını gizlədirlər. Allah onların hamısına lə’nət etsin».133
İmam Sadiq (ə) buyurur: «Nifaqın nişanələri daşqəlblilik, gözüyaşsızlıq, günahda israr, dünyaya həddindən artıq rəğbətdir».134 İslam Peyğəmbəri (s) buyurmuşdur: «Batini zahiri ilə bir olmayan şəxs - kim olur-olsun, necə olur-olsun, harada olur-olsun, hansı məqamda olur-olsun, münafiqdir».135
Duanın qəbul olmasına mane olan səbəblərdən biri də inamsızlıq, sui-zəndir. Ötən söhbətlərdə bu barədə ətraflı danışdığımız üçün bu mövzunun üzərində dayanmırıq.
NAMAZI TƏ’XİRƏ SALMAQ
Namaz kamil bir ibadət, bəndəliyin ən gözəl mərasimi, Allah qarşısında kiçikliyin izharıdır. Ayə və rəvayətlərdə namaz haqqında çox mühüm həqiqətlərə işarə olunmuşdur.
Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Namaz qılmaq mö’minlik nişanəsidir. Bütün peyğəmbərlər namaz qılmış, öz ailə üzvləri və yaxınlarını namaza də’vət etmişlər.
Namazı hifz etmək vacib vəzifələrdəndir. Namaz qılmayan şəxs Allahın rəhmətindən və şəfaətçilərin şəfaətindən məhrumdur. Namaz dinin qanunlarından, Allahı razı salan məqamlardan və peyğəmbərlərin aşkar yollarından biridir. Dini qəbul edən insan üçün ilk vəzifə namazdır. Namaz dinin şərəfi və qüdrətidir. Şeytanın həmlələri qarşısında namaz möhkəm bir səddir. Namaza görə İlahi rəhmət nazil olar. Allaha doğru ən sevimli əməl namazdır. Həzrət Peyğəmbərin (s) son vəsiyyəti də namaz olmuşdur. O, namazı gözünün nuru adlandırırdı. Namaz insanı təqvaya və pəhrizə yaxınlaşdırır. İlahi mə’rifətdən sonra ən üstün əməl namazdır. O, dinin sütunudur. Qaydasınca qılınan namaz bağışlanma səbəbidir. Qiyamətdə də ilk öncə onun haqqında soruşular. Allah-Taalanın nəzər saldığı ilk əməl də namazdır. İlk hesaba çəkilən də namaz olar. Namaz insanı təkəbbürdən uzaqlaşdırır. Namazın qəbul olunması üçün təqvalı və pak olmaq, günaha yol verməmək lazımdır.
Namazı əvvəl vaxtında qılmaq axirəti dünyadan üstün tutmaqdır. Mö’min şəxs üçün vaxtında qılınan namaz var-dövlətdən, ailə-övladdan, bir sözlə bütün dünya işlərindən üstündür. Namaz qılmayan kafirdir və öləndən sonra yəhudilər cərgəsində durar. Namazı yüngül sayan şəxs Allahı və onun rəsulunu inkar edir. Eləcə də namazı qaydasınca qılmamaq duanın qəbul olmasına maneçilik törədir.
Dostları ilə paylaş: |