GÜNAHLARI BAĞIŞLAYAN
«Ğafir» və «Ğəfur» adları mehriban Allahın gözəl adları və ali sifətlərindəndir. Yə’ni, Onun müqəddəs vücudu çox-çox bağışlayandır. Bu bağışlanmanı əldə etmənin şərti həqiqi tövbə və haqqa qayıdışdır. Günahkar insan Allahın ğəfur sifətinə əsasən ümidvar olmalıdır ki, günahlarına tövbə etsə mütləq bağışlanacaqdır. Bağışlanmağa ümidsizlik böyük günahdır və əzabı vardır. «Yusif» surəsinin 87-ci ayəsində buyurulur: «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». «Zumər» surəsinin 53-cü ayəsində oxuyuruq: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar».
«Nisa» surəsinin 23-cü ayəsindən görünür ki, Allah-Taala hər bir günahkarın tövbəsini qəbul edir: «Həqiqətən Allah bağışlayan və rəhm edəndir». «Maidə» surəsinin 39 ayəsini oxuyuruq: «Hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə Allah onun tövbəsini qəbul edər».
Bəli, tövbə edib, tövbədən sonra böyük günaha və təkrar kiçik günaha yol verməyən, qəzaya verdiyi vacib əmrləri yerinə yetirən, xalqın haqqını ödəyən şəxs hökmən bağışlanasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqi tövbəkarın dörd əlaməti vardır: Əməldə Allah əmrlərinin sözsüz icrası, batildən uzaqlaşmaq, həqiqətə bağlılıq və xeyirxahlığa güclü rəğbət».253 Həzrət Əli (ə) buyurur: «Allah-Taala bəndəsinin üzünə şükür qapısını açıb, ne’mətin artım qapısını bağlamaz. O, dua qapısını açıb, qəbul qapısını örtməz. Allah tövbə qapısını açıb, bağışlanma qapısını bağlamaz».254
Dostları ilə paylaş: |