RÜbubiyyət cilvəsi
Allah-Taala insanı doğulduğu gündən dünyasını dəyişdiyi günədək iki istiqamətdə tərbiyələndirir: maddi və mə`nəvi.
Maddi tərbiyə insanın ixtiyarına verilmiş saysız-hesabsız ne`mətlərdən istifadə qaydalarını müəyyənləşdirir. “Yunus” surəsinin 31-ci ayəsində buyurulur: “De ki, sizə göydən və yerdən ruzi verən, qulaqlara və gözlərə sahib olan, ölüdən diri və diridən ölü çıxaran, işləri sahmana salan kimdir? Deyəcəklər ki, Allahdır. De ki, bəs Allahdan qorxmursunuz?”
İnsan öz orqanizminin bir üzvünün funksiyalarını dərk etməkdə acizdir. Məsələn, göz əsasən altı hissədən ibarətdir: göz kasası, göz kürəsi, xarici əzələlər, göz qapaqları, qapaq daxili, göz yaşı qurğusu. Göz kürəsi göz kasasının yalnız 1/5 hissəsini doldurur. Gözün hərəkətinə beyin kürələri nəzarət edir. Qapaqlar və kirpiklər gözü xarici tə`sirlərdən qoruyur. Burunla əlaqəli olan göz yaşı qurğusu gözü şəffaf və təmiz saxlayır. Göz kürəsi gözün xarakterik xüsusiyyətlərini, eləcə də rəngini tə`yin edən üç hissədən ibarətdir.
İnsan orqanizmində təqribən 15 milyard sinir hüceyrəsi iştirak edir. Bu mexanizmin ən primitiv nümunəsini yaratmaq üçün yüksək ixtisaslı elektronika mütəxəssisinə qırx min il vaxt lazımdır! İnsanı nütfədən, nütfəni torpaqdan yaradan Xaliq yenidən insanda nütfə vücuda gətirir. Toyuqdan yumurta, yumurtadan isə toyuq yaranır. Bu mürəkkəb proseslərə yalnız Allahın qadir olduğunu bilən insan hansı məntiqlə Ona şərik axtarır?!
İnsan əql, fitrət, vicdan, nübuvvət, imamət, ilahi kitablar kimi mə`nəvi tərbiyə vasitələri ilə həqiqi azadlıq qazanır. Bu azadlıq sayəsində Allahın razılığına müvəffəq olur.
Həzrət Əli (ə) duanın bu hissəsində ərz edir ki, maddi və mə`nəvi ne`mətlər vasitəsi ilə Allahın rübubiyyətini qəbul etmiş bəndənin Allah dərgahından qovulması çox uzaq bir fikirdir. Allah-Taala buyurur: “Məni çağırdınız - cavab verdim. Məndən istədiniz əta etdim. Müxalifət göstərdiniz - möhlət verdim. Məni tərk etdiniz - sizi qorudum. Günah etdiniz - üstünü örtdüm. Mənə arxa çevirsəniz - geri dönməyinizi gözlər və Mənə tərəf qayıtsanız, qəbul edərəm. Mən bağışlayanların bağışlayanı, kərimlərin kərimi, mehribanların mehribanıyam.”332
Dostları ilə paylaş: |