Əllamə Məclisi, Əli ibn İbrahim Qummidən belə rəvayət edir:
Qarun Musanı və onun peyğəmbərliyini inkar edib, zəkat verməkdən boyun qaçırdıqdan sonra Musa Allaha şikayət etdi. Allah-Taala buyurdu: “Göyləri və yeri sənin itaətinə qoydum, nə istəyirsən əmr et.”
Musa Qarunun qəsrinə üz tutdu. Qarun köməkçilərə göstəriş vermişdi ki, Musaya qapı açmasınlar. Musa qapıları bir işarə ilə açdığı zaman Qarun anladı ki, Musa Allahın əzabı ilə gəlib. Qarun dedi: “Ya Musa, aramızdakı yaxınlığa görə mənə rəhm et.” Musa torpağa Qarunu udmaq əmri verdi. Torpağa batan Qarun Musaya yalvararaq, tövbə edirdi. Amma Qarunun hərəkətləri Musanı çox incitmişdi.
Qarun həlak olduqdan sonra Allah-Taala Musaya buyurdu: “Ey Musa, onlar sənə çox yalvardılar, amma sən onlara rəhm etmədin. And olsun izzət və cəlalıma, əgər Məni çağırsaydılar, onlara rəhm edərdim!”
Nida oldu: Musa, yetmişcə dəfə
Qarun əlin açdı sənin tərəfə.
Bilirsənmi necə çəkdi iztirab,
Bircə dəfə olsun vermədin cavab.
İnan, çağırsaydı bir dəfə Məni,
Çəkərdim yolundan qüssəni, qəmi.
Yaratmış olsaydın əgər sən onu
İstərdin əzabdan qurtulsun canı
Yaxşıya yaxşılıq asandan asan,
Bacar günahkara rəva qıl ehsan.
Min günahdan sonra damla göz yaşı
Əlbət ki, tərpətməz cansız bir daşı.
Mənsə həmin damla göz yaşı üstə
Qaldırram bəndəmi buludlar üstə.
Güzəşt etməyə’nin nəyi var axı,
Böyüklər bacarır bağışlamağı.
Dostları ilə paylaş: |