Günakar qadın
Mərhum Kuleyni “Rövzeyi-Kafi” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edir:
Bir abid öz ibadəti ilə İblisin qəddini qırmışdı. İblis şeytanları toplayıb abidi yoldan çıxarmaq üçün onlarla məsləhətləşdi. Şeytanlardan biri abidi namazdan uzaqlaşdırmağa söz verdi.
Həmin şeytan abidin sovməəsinə gəlib aramsız ibadətə başladı. Fürsət düşən kimi abid ondan bu mö`minliyin səbəbini soruşdu. Şeytan dedi: “Mən günaha yol verdiyim üçün bu günahın qorxusundan ibadətdən yorulmuram.” Şeytandan məsləhət alan abid daha yaxşı ibadət etmək üçün sadəlövhcəsinə günah etmək qərarına gəldi.
Günahkarlığı ilə tanınmış qadın abidi günahkarlar məhəlləsində görüb onun şeytana aldandığını anladı. Ona yaxınlaşıb dedi: “Ey abid! Qayıt səni bura göndərənin yanına. Əgər tapmasan, bil ki, şeytandır.”
Abid geri qayıdıb öz günah məsləhətçisini tapa bilmədi. Onu günahdan çəkindirmiş qadına dua etdi. Günahkar qadın həmin gecə dünyasını dəyişdi. Allah-Taala o dövrün peyğəmbərlərinə belə vəhy etdi: “Camaatla birgə o qadını dəfn et. Mənim bir bəndəmi hidayət etdiyi üçün onun bütün günahlarını bağışladım.”
Haqdan işıq düşdü, yola düzəldik,
Düzü göstərdilər, əyrini bildik.
Sovməələr gəzdik haqq sorağında,
Könül şərdən qopdu pir işığında.
Gəzdik qapı-qapı bilik şəhərin,
Ayıldıq mehində erkən səhərin.
Ətirli güllərin səfasın görüb,
Hər eşq ağacından bir meyvə dərib,
Nəhayət ki, çatdıq vüsal çağına,
Girdik mə`rifətin eşq otağına.
Tövhid şərbətindən içib ayıldıq,
Hüzurunu görən anda bayıldıq.
Saflığın sevgisi diriltdi ruhu,
Tanıdıq qüdrətli, şəriksiz şahı.
Dostları ilə paylaş: |