HƏZRƏT SÜLEYMANIN (Ə) TƏVAZÖKARLIĞI
Həzrət Süleyman (ə) o qədər cah-cəlallı, əzəmətli idi ki, tayı-bərabəri yox idi. Amma belə bir məqam sahibi özünü o qədər təvazökar aparardı ki, hətta qarışqa da onu mühakimə edib haqqını istəyərdi.
Bir gün Süleyman əlinin üstündəki qarışqanı yerə qoydu. Amma Süleyman o qədər təvazökar idi ki, qarışqa ona e’tiraz edib dedi: «Bu xudpəsəndlik nədir? Məgər bilmirsən ki, mən də sənin kimi Allah bəndəsiyəm? Sənin nə üstünlüyün var ki mənimlə belə rəftar edirsən?»
Qarışqanın sözləri Süleymanı mütəəssir etdi. Düşündü ki, qiyamət günü bu sayaq mühakimə edilsə çətin olacaq. Bu fikirlərdən ayrıldıqdan sonra özünə gəlib əmr etdi ki, qarışqanı onun hüzuruna gətirsinlər. Süleyman dedi: «Nə üçün belə qəzəblə e’tiraz etdin?» Qarışqa belə cavab verdi: «Mənim bədənim zəifdir. Sən məni tutub yerə atanda bədənim əzildi, narahat oldum. Bu rəftarına görə də e’tiraz etdim». Süleyman həmişəki təvazökarlıqla dedi: «Mən bu işi pis niyyətlə etməmişəm, sənə verdiyim əziyyətə görə üzr istəyirəm».
Bəli, misilsiz əzəmətə malik Süleyman ən zəif bir varlığı bilmədən azacıq incitdiyi üçün üzr istəyir!
Qarışqa deyir: «Mən səni bağışladım. Bir şərtlə ki, dünyaya şəhvət və nəfs istəkləri ilə üz tutmayasan, sərvəti insanlara sərf etmək üçün istəyəsən, israfa yol verməyəsən, ləzzətlərə uyub milləti unutmayasan, kömək istəyənlərə öz yardım əlini uzadasan». Qəlbi zəiflərə mərhəmətlə dolu olan Süleyman qarışqanın şərtlərini qəbul etdi, qarışqa da Süleymanı bağışladı.
Ariflər özünə salmamış nəzər,
Baxışları daim fələkdə gəzər.
Böyüklük sayılmaz görkəm, danışıq,
İmandır insana verən yaraşıq.
Özün kiçildəni, Allah ucaldar,
Özün böyük bilən özün aldadar.
Həqiqəti görən keçir «mən»indən,
Ucalır göylərə qopur tənindən.
Məğrurda, lovğada gəl axtarma din,
Üsyankar bəndəyə taleh də bədbin.
«Allahummə və əs’əlukə sualə məniştəddət faqətuhu»
(«Pərvərdigara! Səndən ehtiyacı son həddə çatmış şəxs kimi istəyirəm.»)
Dostları ilə paylaş: |