Rəhmət haqqında dastanlar
Bir rəvayətdə buyurulur: “Qiyamət günü bəndə hesab yerinə gətirilər. Günahla dolu əməl naməsi onun sol əlinə verilər. Bəndə bu naməni əlinə alarkən adəti üzrə “bismillah” deyər. Allahın rəhmətinə ümidlə naməni açdıqda onu ağ görər və deyər ki, burada bir şey yazılmayıb. Mələklər cavab verərlər ki, bu kitabda günahların yazılmışdı, amma Allah-Taala öz rəhmətinə görə onları məhv etdi.”36
İsa (ə) və günahkar
Eyni mənbədə belə bir rəvayət nəql olunur: “Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:
Ya Rəbb, günah ərşə çıxır köçümdə
Ürəyim həsrətdən alov içində.
Əməl naməm qara, işlərim xarab,
Yalnız rəhmətindən gözlərəm cavab.
Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsa (ə)-a dedi: “Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? Nə qədər ki, onun günahından zərər görməmişik, qov getsin.” İsa (ə) düşündü ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: “Ya Ruhullah! Özünü bəyənən dostuna de ki, müflisə həqarətlə baxdığı üçün bu günədək etdiyi bütün xeyir əməlləri onun əməl naməsindən pozduq. O günahkar fasiqə müjdə ver ki, hüzurumuzda çəkdiyi həsrət və peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.”
Dostları ilə paylaş: |