3-Ruzidən razılıq və ona qənaət.
Allah-Taala bütün gizlində və aşkarda olan mövcudları elm və hikmət, ədl və rəhməti ilə yaratmış, hər birinə yer verib, ruzisini öhdəsinə götürmüşdür. Çalışıb fəaliyyət göstərən insan onun üçün müəyyən olunmuş ruziyə çatır. «Hud» surəsinin 6-cı ayəsində buyurulur: «Allah yer üzərində olan bütün canlıların ruzisini öhdəsinə götürmüşdür».
Ruzi bəndələrə iki surətdə çatır: kiminə gen-bol, kiminə məhdud. Şəksiz ki, burada bir hikmət vardır. «İsra» surəsinin 30-cu ayəsində oxuyuruq: «Şəksiz ki, sənin Allahın istədiyi kəsə ruzini artırar, istədiyi kəsə azaldar. Doğrudan da, O öz bəndələrindən xəbardar və görəndir».
İnsanların halal ruzi qazanması üçün əkinçilik, heyvandarlıq, ticarət və sairə sahələr müəyyənləşdirilmişdir. Heç kəsə oğurluq, rüşvət, sələm, haram yolla ruzi müəyyənləşdirilməmişdir. Haram yolla qazanan insan onun üçün ayrılmış halal ruzini azaldır. Ayə və rəvayətlər insanları halal yolla, halal ruzi qazanmağa çağırır. İnsan halal yolla az qazansa belə, Allahın məsləhətindən razı qalmalıdır.
İslam dinində halal ruzi qazanmaq vacibdir və böyük ibadət hesab olunur. İslam Peyğəmbəri (s) buyurur: «Halal ruzi ardınca getmək hər bir müsəlman kişi və qadına vacibdir».198 «Halal ruzi ardınca getmək Allah yolunda cihaddır».199
Rəvayətlərdən mə’lum olur ki, bə’zi işlər vasitəsi ilə ruzini artırmaq olar. Həzrət Peyğəmbər (s) bu istəkdə olan bir şəxsə belə buyurdu: «Paklıqda davamlı olsan, ruzin artacaqdır».200
Həzrət Əli (ə) buyurur: «Din qardaşına kömək etmək ruzini artırır».201 «Əmanətdarlıq ruzini artırır».202
İmam Baqir (ə) buyurur: «Din qardaşına gizlində edilən dua sənə gen-bol ruzi nazil edər».203
İmam Sadiq (ə) buyurur: «Hər kəs öz ailəsinə gözəl xeyirxahlıq göstərsə, ruzisi artırılar».204 «Gözəl əxlaq ruzini artırır».205
Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs səy və zəhmətlə ruzi qazanarsa, Allah ona mərhəmət nəzəri ilə baxar və heç vaxt əzab etməz».206 «Təlaş və zəhmətlə ruzi qazanan kəs qiyamət günü peyğəmbərlər sırasındadır və o, peyğəmbərlərin savabını alar».207 «İbadət on qisimdir, doqquz qismi halal ardınca getməkdir».208
İmam Riza (ə) buyurur: «Şübhəsiz ki, hər kəs halal yolla ruzi ardınca gedib ailəsini möhtac olmaqdan qorusa, Allah yolunda cihad edəndən çox savab qazanar».209
Hər halda, ruzi dünya süfrəsinə qoyulmuş bir gerçəklikdir və Allahın məsləhətinə uyğun olaraq bu ruzidən hərənin öz payı vardır. Ruzinin gen-bolluğu ilahi məhəbbət dəlili deyildir. Eləcə də kasıbçılıq Allahın qəzəbini göstərmir. İstər var-dövlət, istərsə də kasıbçılıq bir imtahandır. Bu imtahanda varlıdan şükür, kasıbdan isə səbir intizarı var. Varlı malını sədəqə verməklə kasıb isə şəxsiyyətini qoruyub əl açmamaqla böyük savablar əldə edə bilər.
Varlı şəxs bilməlidir ki, öz sərvətini düzgün sərf etmək şükrünə nail olmasa dünya və axirət əzabını dadmalıdır. Eləcə də kasıb şəxs öz səbri ilə şükrə nail olmasa, ehtiyacını aradan qaldırmaq üçün dinini satsa əzaba düçar olasıdır. Həzrət Əli (ə) bu barədə buyurur: «Allah-Taala xalqın ruzisinin qədərini müəyyən etmiş, kimə çox, kimə də az əta etmişdir. Bu bölgü ədalət əsasındadır. Kimi ruzinin çoxluğu, kimi ruzinin azlığı ilə imtahan olunur. Bu yolla sərvətlinin şükrü, kasıbın səbri sınağa çəkilir». («Nəhcül-bəlağə»).
Digər bir tərəfdən mö’min şəxs Allahın onun üçün ayırdığı ruzi payından razı olmalıdır. Ayrılmış ruzi payından narazılıq Allahdan narazılıqdır. Bu işdə ariflər imamı, mö’minlər ağası Həzrət Əlidən (ə) ibrət götürüb, ardıcıl olaraq Allahdan dünya və axirət səadəti istəmək lazımdır: «Pərvərdigara, mənə mərhəmət buyur, mənimlə müdara et və məni nəsib etdiyin ruzidən razı sal».
İmam Həsən (ə) buyurur: «Ruzi payından narazı qalan, məqamını kiçik hesab edən şəxs necə mö’mindir?!»210
Həzrət Peyğəmbər (s) buyurur: «Cəbraildən soruşdum ki, riza nədir?» Cəbrail dedi: «Razı o şəxsdir ki, qismətinə bir şey düşsə də düşməsə də öz ağasına qəzəblənməz. Amma öz az əməlindən razı qalmaz».211 İmam Sadiq (ə) buyurur: «Əgər Allahın sənə nəsib etdiyi ruzidən razı qalsan, ehtiyacsız olarsan».212 «Allahın öz məsləhəti ilə ayırdığı ruzi payından narazı qalan şəxs Allahın hökm və tədbirini müttəhim etmişdir.»213
Həzrət Əli (ə) buyurur: «Allahın ayırdığı ruzi payından razı olan şəxsin cismi rahatlanar».214
Həzrət Əlidən (ə) «Nəhl» surəsinin 97-ci ayəsi haqqında soruşulduqda Həzrət (ə) «təyyibə həyat qənaətdir»- deyə buyurdu və əlavə etdi: «Hərislikdən qənaətlə intiqam al ...»215
Əhli-beyt (ə) maarifində buyurulur: «Hərislik və tamah halal ruzini artırmır. Əksinə insanı harama düçar edir. Haram isə öz növbəsində imanı süstləşdirir, əxlaqı puça çıxarır, dünya və axirətdə çətinliklər yaradır. Halal ruziyə qane olmaq insanın dünya və axirət səadətini tə’min edən tükənməz xəzinədir.
Allahın Rəsulu (s) buyurur: «Ümmətimin yaxşıları qane’ pisləri isə tamahkarlardır».216
İmam Baqir (ə) buyurur: «Əli (ə) xurmanın ən pisini yeyər, üstündən su içib deyərdi: «Hər kəsi qarını cəhənnəmə aparsa, onu Allah öz rəhmətindən uzaqlaşdırmışdır.»217
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Xalqın ən ehtiyacsızı Allahın verdiyi ruziyə qane olanlardır.»218 Həzrət Sadiq (ə) buyurur: «Allahın nəsib etdiyi ruziyə qane ol, başqalarının əlində olandan gözünü çək, xalqın malına tamah salma, gücün çatmayanı arzu etmə. Şəksiz ki, qane olan şəxs doydu, qane olmayan isə ac qaldı».219 Həzrət Əli (ə) buyurur: «Az ruziyə və sərvətə qane olmayan kəs hansı güclə özünü islah edə bilər?!»220
Bir qoca əynində dərviş libası
Çör-çöp toplayırdı meşə arası.
Yığdığı şələni çatıb dalına,
Şükr edirdi gününə iqbalına.
Deyirdi: ya Rəbbi, min şükür sənə
Bir beləcə ne’mət vermisən mənə.
Çatdırmısan izzətimi səmaya,
Gücüm çatmır layiqli həmd-sənaya.
Bəsirət gözümü açan da Sənsən,
Mənə xoşbəxtliyi seçən də Sənsən.
Məndə qüdrət yoxdu bu yerə çatım,
Rəzilliyi atıb, kamalı tutum.
Bax beləcə qoca sınıq səs ilə
Danışırdı ruzi verən kəs ilə.
Bu vaxt yoldan ötən məğrur bir cavan
Üz tutdu qocaya sanki bir heyvan.
Dedi nə gününə şükr eyləyirsən,
Yoldan çör-çöp yığmaq deyilmi peşən?
Tikanlar belini çalır ilan tək,
Ayaqların, çiyinlərin döyənək.
Bu işi izzətli bilirsən, qoca,
Alçaq həyat görünür sənə uca.
Qoca dedi: xoşbəxtlikmi bilirsən
Veyil gəzib, müftə dolanmağı sən?
Bilirsənmi nəyə şükr edirəm mən,
Şükür sənin kimi nankor deyiləm.
Şükr edirəm çırpı yaranmamışam,
Ayı olmamışam sənin tək çaşam.
Ağa qapısında durmaqdansa qul,
Azad çırpıçı ol, budur doğru yol.
Dostları ilə paylaş: |