Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə40/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

Aşiqanə raz-niyaz


Duanın bu hissəsində Həzrət Əli (ə) rəhmətə səbəb olacaq bütün incəliklərə işarə edir: ibadətdə süstlüyün e`tirafı, nəfs istəklərinin həddi aşmasına görə üzrxahlıq, tövbə etməklə bağışlanmaq istəyi, günahların e`tirafı, Allahın rəhmətindən savayı sığınacaq tapmamaq və s.

Bu nalələr və sızıltılar Allahın xoşuna gələn həqiqətlərdir. Nəql olunur ki, haqq yolçusu olmaq istəyən bir şəxs İlahi övliyalardan birinin yanına gəlib dedi: “Mən Haqq dərgahına üz tutmuş bir yolçuyam. Mehriban və bağışlayan Allahın hüzuruna hədiyyə olaraq nə aparım? Axı Onun hüzuruna əliboş getmək mə`rifətsizlik olar.” Övliya deyir: “Elə bir şey apar ki, orada olmasın. Ağlar qəlb və gözdən savayı bütün kamilliklər oradadır.”

Bəli, Allah-Taala tövbəkar günahkarın nalələrinə aşiqdir. Şübhəsiz ki, bütün mə`şuqlar öz aşiqinin səsini eşitmək arzusundadır. Eləcə də bütün aşiqlər öz mə`şuqunun lütf nəzərlərinə möhtacdır.

Yusif və Züleyxa


Nəql olunur ki, Züleyxa öz gücündən istifadə edərək Yusifi zindana saldırdıqdan sonra, mə`şuqunun səsini eşitmək üçün yollar axtarırdı. O, xidmətsinə göstəriş verdi ki, Yusifi fəryad edənədək qamçılasın. Amma Yusifin ilahi məqamından çəkinən xidmətçi hiyləyə əl atdı və Yusifə qalın köynək geyindirib astaca qamçıladı. Xəlvətdə durub Yusifin naləsini eşitməyən Züleyxa - ”Onu bərk vur!” - dedi. Xidmətçi Yusifdən üzr istəyib zərbələrini gücləndirdi. Yusifin naləsi ərşə ucaldı. Bu nalələr aşiqə ləzzət verirdi.
Züleyxa dinləyib onun naləsin

Qucurdu qəlbində eşqin şö`ləsin.

Bu nalə önündə durmağa güc yox,

Qüssə şahə qalxıb, zərrə sevinc yox.

Yüz növhəçi yaza bu dərdi - bitməz,

Şimşək çaxa - qəmdən kimsə eşitməz.



Yunusun qövmü


Yunusun onları tərk edib başqa bir diyara köçdüyünü eşidən qövm yəqin etdi ki, qarşıdan əzab gəlir. Aralarındakı rəbbani alim onlara bildirdi ki, qarşıdakı bəladan qurtarmağın yeganə yolu günahların e`tirafı və tövbədir. Beləcə böyük-kiçik, qadın-kişi köhnə libas geyinib, yalın ayaqla tövbə üçün səhraya çıxdılar.

Kişilər ayrıca, qadınlar ayrıca, südəmər körpələr də analarından uzaq bir yerdə yerləşdilər. Hamı bir səslə Allahın dərgahına üz tutaraq raz-niyaza başladı. Onlar deyirdilər: ”Pərvərdigara! Yunus demişdi ki, qulları azad edib savab qazanın. Demişdi ki, biçarələrin fəryadına çatın. İndi isə biz bəndələr çarəsizik və Səndən başqa bir pənahımız yoxdur. Dadımıza çat!”

Bu dualar qəbul olduqdan, əzab buludları rəhmət buludları ilə əvəz olunduqdan sonra şəhər camaatı rahatca evə qayıdıb gündəlik işinə məşğul oldu.

Allaha üz tutmaq, günahları e`tiraf edərək tövbə qılmaq bağışlanmanın tə`sirli amillərindəndir.


Səninlə görüşdə olmaq bircə an

Yüz illik ömürdən üstündür inan.

Hər cilvən danışır əzəmətindən,

Şəm kimi eşqindən alışıram mən.

Turundan kənara götürsəm qədəm,

“Lən tərani” sözün anlaya bilməm.

Pərvanə yanaraq ucaldığı tək

Əbədiyyət verir bu odlu istək.

Doğru yoldan kənar həqiqət nədir,

Gümanların çoxu boş əfsanədir.

Bu pirdə quş könlü saxlayan da Sən,

Çarəsiz anlarda yoxlayan da Sən.

Eşqinlə məst edib, itir özümü,

Dünyaya asudə yumum gözümü.

Sənə aşiq qəlbin bilinməz ömrü,

Yetəsən yetməmiş əcəlin əmri.


“Allahummə fəqbəl uzri, vərhəm şiddətə zurri, və fukkəni min şəddi vəsaqi, ya Rəbirhəm zə`fə bədəni, riqqətə cildi, və diqqətə əzmi, ya mən bədəə xəlqi və zikri, və tərbiyəti və birri və təğziyəti, həbni libtidai hərəmikə və salifi birrikə bi.”

(“Pərvərdigara! Üzrümü qəbul et, pisliyi son həddə çatmış halıma rəhm et, əl-ayağımı bağlamış günah zəncirindən məni azad et. Ya Rəbb! Bədənimin zəifliyinə dərimin yuxalığına, sümüklərimin kövrəkliyinə rəhm et.

Ey yaranışın əsasını qoyan, məni yada salan, tərbiyə edən, xeyirxahlıq edib ruzi verən! İndi məni əvvəlki kərəminlə bağışla.”)

Məhbubun qarşısında


Duanın bu hissəsində mə`rifətli aşiq hiss edir ki, rəhmət qapıları açılmışdır və mə`şuq onu dinləyir. Ona görə də ərz edir ki, mənim günaha sövq edən nadanlığımı üzürlü say, bundan sonra Sənin yardımınla tapdığım mə`rifət hesabına nəfsin bəlalarından qurtarım.

Pərvərdigara! Təkəbbür və lovğalıq, hərislik və tamah, riya və özününümayiş kimi sifətlər məndə qalarsa, sağalmaz yaraya, xərçəng xəstəliyinə çevrilər.

Pərvərdigara! Şeytan və əmmarə nəfs buxovları əl-ayağımı, ağıl düşüncəmi hərəkətdən saxlayaraq məni yerə oturdub. İndi ki, öz lütfünlə bu aşiqi zəncirlərdən azad etmisən, o da qarşında göz yaşları axıtmağa müvəffəq olub, yardım əlini uzadıb ona şeytan və nəfs əsarətindən nicat ver.

Pərvərdigara! Əgər bu gün fəryadıma çatıb fir`oni, qaruni hallarımdan qurtarmasan Qiyamət günü daha ağrılı zəncirlərlə buxovlanasıyam.


“İnsan” surəsinin 4-cü ayəsində buyurulur: “Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu atəş hazırlamışıq”. “Haqqə” surəsinin 30-33-cü ayələrində oxuyuruq: “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş zər` uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük Allaha inanmırdı.”

Ya Rəbb! Əgər bu gün bizi zəncirlərdən azad etməsən, elə bir gün gələcək ki, azadlığımız mümkün olmayacaq!

Əlbəttə ki, bu buxovlardan azad olan insanlar ibadət yolunda rahatlıqla irəli gedir və ömrünün sonunda asudəliklə mə`şuqa doğru qanad açırlar. Lakin şeytan və nəfs əsarətində olanlar qolu bağlı əsir tək yaşayır və elə bir aqibətə düçar olurlar ki, kimsə onun fəryadına yetişə bilmir!

Harunun ölümü


Məşhur xəlifə Harun ər-Rəşid Xorasanda ağır xəstəliklə yatdığı vaxt öz sidik nümunəsini digər sidik nümunəsi ilə birlikdə ustad bir həkimə göndərir. Həkim Harun ər-Rəşidin sidiyi olan qabı ayırıb deyir: “Bu qabın sahibinə deyin ki, vəsiyyətini etsin.”

Xəlifəyə xəbər verirlər ki, şəhərdə ölümün haqqında şayiələr yayılıb. Bu şayiəni aradan qaldırmaq üçün xəlifə şəhərə çıxmaq qərarına gəlir. Əmr edir ki, minik gətirsinlər. Xəlifə ata minmək istəyərkən atın qıçı qatlanır. Xəlifə deyir: “Şayiə yayanlar düz deyib. Mənə kəfən hazırlayın və yatağımın yanında qəbir qazın.” Xəlifənin göstərişi yerinə yetirilir. O, qəbrə baxıb bu ayəni oxuyur: “Var-dövlətim mənə heç bir fayda vermədi; səltənətim də məhv olub getdi.”324

Ey mənim Allahım! Qiyamət zəncirləri, buxovları çox ağrıdır! Cismimin zəifliyinə dərimin yuxalığına rəhm et. Bu günkü günah zəncirlərindən xilas etməsən, bu zəncirlər Qiyamət günü od zəncirlərə çevriləsidir. Zəif cismimlə əbədi olaraq bu zəncirlərdə qalmaq necə də ağırdır!


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin