Allah-Taala öz lütf və mərhəmətindən bütün bəndələrini namaz, oruc, həcc, cihad, sədəqə xalqa xidmət, hüquqlara riayət, günahdan uzaqlığa də’vət etmiş, hər bir əməl müqabilində də mükafat tə’yin etmişdir. Qur’ani-Kərimdə qəti şəkildə e’lan olunur ki, heç kimin saleh əməli mükafatsız qalmayacaqdır.
Allah-Taala mö’min və saleh bəndələri üçün bir neçə növ mükafat tə’yin etmişdir: 1. Əzim əcr; 2. Kərim əcr; 3. Daimi əcr; 4. Böyük əcr; 5. İkiqat əcr.
«Yaxşı işlər görüb pis işlərdən çəkinənləri əzim bir mükafat gözləyir».231
«Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl borc verənlərin mükafatları qat-qat artırılacaq. Onları həm də yaxşı, kərim bir mükafat gözləyir». («Hədid» surəsi, ayə 18).
«Doğrudan da, iman gətirib saleh işlər görənləri daimi mükafat gözləyir». («Fussilət» surəsi, ayə 8).
«İman gətirib yaxşı işlər görənləri bağışlanma və böyük bir mükafat gözləyir» («Fatir» surəsi, ayə 7).
«Səbir edib, pisliyi yaxşılıqla dəf etdikləri və verdiyimiz ruzidən sərf etdikləri üçün onlara ikiqat mükafat veriləcəkdir».232
İman və saleh əməl sahiblərinə veriləcək daimi mükafat Allaha məxsusdur və Ondan qeyri kimsə belə bir qüdrətə malik deyildir. Bu mövzuda Qur’an ayələrini açıqlayan bə’zi rəvayətlərə nəzər salaq:
Həzrət Əli (ə) buyurur: «Sizin yaxşı əməllərinizin mükafatı əməllərinizdən üstündür»,233 «Səbir və dözümün mükafatı ən yaxşı mükafatdır».234 «Doğrudan da ən böyük mükafat insaf mükafatıdır».235 «Cihadın mükafatı ən böyük mükafatlardandır».236
Həzrət Baqir (ə) buyurur: «Məkkədə yatan ziyarətçi şəhərlərdə çalışanlar kimidir. Məkkədə səcdə edən kəs Allah yolunda qanına bələnmiş şəhid kimidir. Ziyarətçinin yerinə onun ev işlərini idarə edən kəsin savabı qara daşa toxunan ziyarətçinin savabı kimidir».237
Həzrət Peyğəmbər (s) buyurur: «Allah yolunda bir gün cihad bütün dünya və onda olanlardan üstündür».238 «Allah yolunda bir gecə keşik çəkmək gecələri ibadət edilən, gündüzləri oruc tutulan min gecədən üstündür».239 «Gecə yarı xəlvətdə Allahla münacata duran bəndənin qəlbində Allah öz nurunu sabit edər».240 «Qiyamət günü bir bəndənin oda çəkilməsi əmri olunduğu vaxt mö’min kişilər və qadınlar deyərlər ki, Pərvərdigara, o daim bizim üçün dua edib, xilası üçün şəfaətimizi qəbul et. Allah onların şəfaətini qəbul edib, həmin şəxsə nicat verər».241 «Agah olun ki, Qur’anı öyrənən, başqalarına öyrədən, ona əməl edən şəxsi behiştə doğru çəkib, ona cənnətin yolunu göstərəcəyəm».242
Həzrət Əli (ə) buyurur: «Gündəlik ibadət bədəni sağlam edir, Allahı razı salır və peyğəmbər əxlaqına çatdırır».243
BEHİŞT
Allah yanında olan, mə’rifət və iman əhlinin rəğbət göstərdiyi həqiqətlərdən biri behiştdir. Allah-Taala Qur’ani-Kərimdə bütün bəndələrini bu əbədi məkana də’vət edir və bildirir ki, behiştə çatmağın yolu iman, saleh əməl, təqva və halal-haramı gözləməkdir.
«Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin».244
«Rəbbinizin tərəfindən bağışlanmağa, Allaha və Onun Peyğəmbərinə (s) iman gətirənlər üçün hazırlanmış, göylər və yer qədər geniş olan cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir».245
Ayə və rəvayətlərə görə behişt iman, saleh əməl, təqva və haramdan uzaqlığın mükafatıdır. Bu həqiqətlərdən kənar düşüb, küfrə şirkə müxtəlif günahlara bulaşanlar bu ne’mətdən məhrum olub, cəhənnəmə düşərlər. «Mu’min» surəsinin 40-cı ayəsində buyurulur: «Hər kişi və hər qadın mö’min olaraq bir yaxşılıq etsə cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar.» «Tövbə» surəsinin 71-72 ayələrində buyurulur: «Mö’min kişilərlə mö’min qadınlar bir-birlərinə vəli və yardımçıdırlar. Onlar yaxşı işləri əmr, pis işləri yasaq edər, namaz qılıb zəkt verərlər, Allaha və peyğəmbərinə tabe olarlar. Əlbəttə ki, Allah onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüdrət və hikmət sahibidir; Allah mö’min kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər və’d etmişdir. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur.»
Həzrət Səccad (ə) buyurur: «Bilin ki, behiştə müştaq olan kəs yaxşılığa tələsib, şəhvəti unutdu. Kim ki, oddan qorxdu, günahdan tövbə etməklə Allaha doğru tələsdi və haramlardan üz döndərdi».246
Həzrət Əli (ə) buyurur: «Cənnətin qiyməti saleh əməldir».247
İmam Baqir (ə) buyurur: «Hər kəs on xüsusiyyətlə Allahın görüşünə getsə behiştə daxil olar: Allahdan başqa mə’bud olmadığına şəhadət, Məhəmmədin (s) peyğəmbər olmasına şəhadət, peyğəmbərin Allah tərəfindən gətirdiyi Qur’anın təsdiqi, namaz qılmaq, zəkat ödəmək, ramazan ayı oruc tutmaq, həccə getmək, Allah dostları ilə dostluq, Allah düşmənləri ilə düşmənlik, bütün məstedicilərdən uzaqlıq».248
Dostları ilə paylaş: |