Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə29/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

ALLAHIN RƏHMƏTİ


Qur’ani-Məciddə və Əhli-beyt (ə) buyruqlarında Allahın rəhməti geniş şəkildə açıqlanmış və insanlar bu rəhməti qazanmaq üçün iman və saleh əmələ tövbə və təqvaya də’vət olunmuşlar. «Nisa» surəsinin 175-ci ayəsində oxuyuruq: «Allah Ona iman gətirən Ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə daxil edər doğru yola salar». «Ən,am» surəsinin 54-cü ayəsində oxuyuruq: «Ayələrimizə iman gətirənlər sənin yanına gəldikləri zaman de: «Salam olsun sizə! Rəbbiniz özü üçün mərhəməti vacib etmişdir». Bu surənin 147-ci ayəsində belə buyurulur: «De ki, Rəbbiniz geniş rəhmət sahibidir». Bu mə’na «Ə’raf» surəsinin 156-cı ayəsində bir daha təsdiqlənir: «Rəhmətim hər şeyi əhatə etmişdir».

İlahi rəhmətə çatmaq üçün nəzərdə tutulmuş göstərişlərə əməl etmədən bu rəhmətə nail olmaq mümkün deyildir. Həzrət Baqir (ə) buyurur: «Gözəl qayıdışla ilahi rəhmət və bəxşişə can at və gözəl qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis duadan kömək istə».249

Bir şəxs Həzrət Peyğəmbərə (s) ərz etdi: «Allahın rəhmətinə çatmaq istəyirəm». Həzrət (s) buyurdu: «Özünə və Allahın xalqına rəhm et, Allah sənə rəhm edəcək».
Ah-naləmə yetməz Səndən özgəsi,

Bir Sənsən bu ağlar könlümün bəsi.

Unutmayıb daim yada salan kim,

Deyilməyən dərdi duya bilən kim?!

Kimdir Səndən başqa bu işə qadir,

Ümidim, pənahım rəhmətindədir.

Bu rəhmət çeşməsi sevgilə dolu,

Nuş edənin eşqdən dəyişir halı.

Bu badədən içmək olsa qismətim,

İbadətin, zikrin olar adətim.



ALLAHIN ƏFVİ


«Əfv» günahı bağışlamaq, nöqsanlara göz yummaq deməkdir. Allah-Taala bu həqiqəti həqiqi tövbə qılıb, doğru yola qayıdanlar üçün qərar vermişdir. «Nisa» surəsinin 43-cü ayəsində buyurulur: «Şübhəsiz ki, Allah əfv edən bağışlayandır».

Həzrət Əli (ə) buyurur: «Onun fərmanı vacib, hikmətlidir. Razılığı aman və rəhmətdir. Elm və agahlıqla hökm edər, helmlə bağışlayıb göz yumar». («Nəhcül-bəlağə»); «Allahın mərhəməti haramdan uzaqlaşan şəxsə tərəf tələsər».250

Bir ərəb Həzrət Peyğəmbərdən (s) soruşur ki, qiyamət günü insanları hesaba kim çəkəcək? Həzrət (s) buyurur ki, Allah-Taala. Ərəb deyir: «And olsun kəbənin Allahına, nicat tapdıq. Çünki Kərim qüdrətə çatanda bağışlayar».251

Bəli, savab, behişt, rəhmət, əfv kimi həqiqətlər yalnız Allaha məxsus olduğundan möhtac aşiqlər Onun dərgahına üz tuturlar: «və əzumə fima indəkə rəğbətuhu».


«Allahummə əzumə sultanukə»

(«Pərvərdigara, sultanlığın əzəmətə çatmış.»)


Allah-Taalanın səltənəti zati və həqiqi, başqa səltənətlər isə e’tibari və müvəqqətidir. Digər səltənətlər zaman və məkanca məhdud olduğu halda, ilahi səltənət əbədi və sonsuzdur.

İlahi səltənət qeybi və aşkarı tam əhatə edir. Digər bütün səltənətlər hər biri ilahi səltənətə möhtacdır. Onun dəlilləri qüvvətlidir və Onun qarşısında heç bir dəlil yoxdur. Əql, peyğəmbərlik, Qur’an, imamət qiyamət günü bütün yaranmışlara şahidlik edəcək dəlillərdir. Bu dəlillər vasitəsi ilə bütün bəhanələr kəsiləcəkdir.


«Və əla məkanukə»

(«Və Sənin məqamın ucadır.»)


«Şura» surəsinin 11-ci ayəsində buyurulur: «Ona bənzər heç bir şey yoxdur». Bəli, Həzrət Haqq bütün eyiblərdən pakdır, bütün kamal, camal və cəlal sifətlərinə malikdir. Bu sifətlər Onun zatının eynidir. Bütün qeybi və aşkar mövcudlar Onun qəyyumluğu ilə qiyam edir. Kainat Onun elm və iradəsinin, qüdrət və rəhmətinin təzahürüdür. O, vəsfə sığılmazdır. Onun qüdrət və qüvvəsi bütün qüdrət və qüvvələrin fövqündədir. Şə’ni və məqamı isə hər şeydən üstündür.
«Və xəfiyə məkrukə»

(«Və Sənin məkrin gizlidir.»)


Adi halda «məkr» dedikdə hiyləgərlik, aldatma başa düşülür. Əlbəttə ki, Allaha münasibətdə işlədilən məkr sözü cahil insanlara məxsus məkr mə’nasını daşımır. Elm, qüdrət, rəhmət, səxavət sahibi olan Allahın öz yaratdığı mövcudlardan ehtiyacsızlığı aşkar bir həqiqətdir.

Allah haqqında işlədilən məkr kəlməsi «cəza» mə’nasını verir. Allah-Taala bu cəzaya layiq bildiyi kəsi qurtuluş yolu qoymadan əzaba düçar edər. Allahın qəflət içində günaha qərq olmuş insanlara cəzası müxtəlif formalarda gerçəkləşə bilər. Məsələn, azğın günahkarı ne’mətlərə qərq etməklə onun başını qatar və o şəxs qarşıdakı günahlardan xəbərsiz qalar. «Məkr» günahkar insanı bu sayaq qəfildən yaxalayan məxfi əzabdır.

Həzrət Sadiq (ə) buyurur: «Allah xeyirini istədiyi bəndə günaha batdığı vaxt ona qulaqburması verər və bu qulaqburması vasitəsi ilə ona tövbəni xatırladar. Amma şərə layiq bilinmiş adam günaha batdığı vaxt Allah ona ne’mət verməklə başını qatar və tövbəni onun yadından çıxarar...»
«Və zəhərə əmrukə»

(«Və Sənin əmrin aşkardır.»)


Allahın əmri ilkin mərhələdə təkvinidir, yə’ni bu əmr vasitəsi ilə varlıq aləmi vücuda gəlmişdir. Təkvini əmrdən sonra təşrii əmr gəlir. Yə’ni yaradılmış şüurlu insana peyğəmbərlər vasitəsi ilə göstərişlər verilir, doğru yol göstərilir.
«Və ğələbə cəhrukə və cərət qudrətukə»

(«Sənin qəhrin hər şeyə qalib və qüdrətin hər şeyə hakimdir.»)


Əvvəlki söhbətlərdə «qəhr» və «qüdrət» haqqında kifayət qədər danışıldığı üçün təkrar izahata ehtiyac görmürük.
«Və la yumkinul-firaru min hukumətikə»

(«Hökumətindən qaçmaq mümkünsüzdür.»)


Hər bir varlıq Onun hökuməti daxilindədir və heç kim bu mühitdən xaric ola bilməz.

Bütün mövcudlar Onun iradəsi ilə yaranmışdır. Demək, o hər şeydən əvvəldir, hər şey Onun qüdrət və rəhməti sayəsində həyatını davam etdirir. O, bütün yaranmışlarladır və hər şey nəhayətdə, Ona tərəf qayıdasıdır. Demək, O hər şeyin axırıdır. Belə bir halda hansı mövcud Onun hakimiyyətindən qaça bilər?!

Bir rəvayətdə nəql olunur ki, bir kişi İmam Hüseynə (ə) dedi: «Mən günahkar bir adamam və günah qarşısında səbrim yoxdur. Məni nəsihət et». Həzrət İmam (ə) buyurdu: «Deyəcəyim beş işi gör, sonra hansı günaha istəyirsən, bat. Əvvəla, Allahın ruzisini yemə. İkincisi, Onun vilayətindən və hökumətindən çıx. Üçüncüsü, elə bir yer tap ki, Allah səni görməsin. Dördüncüsü, ölüm mələyi canını almağa gələndə onu qov. Beşinci, cəhənnəm mələyi səni cəhənnəmə atanda sən cəhənnəmə girmə».252

Bəli, qaçmaq istəyən insan yaxşı olar ki, cəhalətdən mə’rifətə eşitdiyindən gördüyünə və nəhayət, xalqdan Xaliqə doğru qaçsın. Bu qaçışda dünya və axirət səadəti və Allah razılığı vardır.


Aşiqə dünyanı versən də əgər

Gözlərini yumub ruhunu dinlər.

Mə’şuqla görüşü olan bir insan

Dünya sevgisinə uymaz heç zaman.

Bu hicran çölündə göz yaşlarından

Çiçəklər açılır dərdlərə dərman.

Kim yaşlar axıtsa göz bulağında

Vüsala yetişər yar sorağında.


«Allahummə la əcidu lizunubi ğafirən, və la liqəbahi satirən, və la lişəy’in min əməliyəl-qəbihi bilhəsəni mubəddilən ğəyrəkə»

(«Pərvərdigara, Səndən başqa günahlarımı bağışlayacaq, qəbahətlərimi örtəcək və pis əməllərimi yaxşıya döndərəcək bir kəs tapmıram.»)



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin