Qara qulun duası
Bəni-İsrail yeddi il qıtlığa düçar oldu. Yetmiş min nəfərlə səhraya çıxıb yağış üçün dua etdilər. Allah-Taala Musaya belə xitab etdi: “Onların duasını necə qəbul edim ki, günahları başlarının üstünə kölgə salıb. Məni çağırdıqları halda yəqinlikləri yoxdur. Qoy Mənim bəndəm Bürxdən istəsinlər ki, o dua etsin. Əgər o dua etsə qəbul edərəm.”
Musa deyilən şəxsi çox axtardı. Nəhayət, alnında səcdə əlaməti olan bir qara qul tapdı. Salam verib adını soruşdu. Mə`lum oldu ki, bu, həmin şəxsdir. Musa əhvalatı danışıb ondan yağış üçün dua istədi. Bürx səhraya çıxıb Allaha müraciətlə belə ərz etdi: “Bəndələrini yağışdan məhrum etmək Sənin şə`ninə sığmır, Səndə xəsislik görmədik. Necə olar ki, lütf nəzərin azalsın? Yoxsa küləklər itaətdən çıxıb, xəzinələrin tükənib? Bəlkə günahkar bəndələrə qəzəbin artıb? Bağışlayan, rəhm edən Sən deyilsənmi?!” Bürx yalnız yağış başlayandan sonra yerindən tərpəndi.444
İmam Səccadın (ə) qulunun duası
Əbdülməlik Mərvan Mədinəyə nümayəndə göndərib rəbbani alim Səid ibn Müsəyyibin qızına elçi düşdü. Alim gələndə bildirdi ki, mənim padşaha veriləsi qızım yoxdur.
Bir az keçmiş cənab Səid qızını həyat yoldaşını itirmiş və dünya malından cəmi iki dirhəmi olan tələbəsinə ərə verir.
Həmin tələbə deyir: “Bu böyük insan qırx il idi ki, kimsənin evinə getməmişdi. Amma bir gün qapımı döyüb qızını mənə təhvil verdi. Qızdan soruşdum ki, cehizin nədir? Cavab verdi ki, Qur`anı əzbər bilirəm. Soruşdum ki, mehriyyən nə olsun? Dedi: “Bir hədis bəsdir.” Bir hədis oxudum: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
Mərhum alim Səid deyir: “Bir vaxt Mədinə quraqlıq oldu. Camaat yağış üçün namaza dursa da, onlarda belə bir ləyaqət görmürdüm. Amma bir qara qul üzünü torpağa qoyub, o qədər ağladı ki, yetərincə yağış yağdı. Onun ardınca düşüb kimliyini bilmək istədim. İmam Səccadın (ə) evinə daxil oldu. Mən də evə daxil olub İmamla (ə) salamlaşdım və həmin qulu görmək istədim. İmam (ə) qulu çağırıb ona bildirdi ki, səni Səidə bağışladım. Qul ağlamağa başladı və yalvardı ki, onu İmamdan (ə) ayırmayım. Mən sağollaşıb getdim. Bir az keçmiş İmam Səccad (ə) adam göndərib məni həmin qulun dəfninə də`vət etdi. Sonradan bildim ki, mən gedəndən sonra səcdəyə düşüb Allahdan görüş istəyib!”
Ey könül qüssəsi, qüssə dəvası,
Ey sevgili canan, canın səfası.
Dərd aşdı həddini, göndər məlhəmin,
Bu dərdin dəvası əlində sənin.
Bircə Sənsən salan bu qulu yada,
İllərdir bu könül bələnib oda.
Yanıram eşqində başdan ayağa,
Möhtacam lütfünə o nur dayağa.
Gizləyə bilmirəm bu dərdi inan,
Göz yaşımı görən dağ da pərişan.
Həzrət İmam Hüseyn (ə) duası
İbn Şəhr Aşub “Mənaqib” kitabında Şeyx Tusinin “Təhzib” kitabından belə bir əhvalat nəql edir:
«Bir qadın Allah evinin təvafına, yə`ni Kə`bənin başına dolanmaqla məşğul idi. Onunla yanaşı bir kişi də təvaf edirdi. Kişi pis niyyətlə qadına əl vurdu və birdən əli onun bədəninə yapaşdı. Kə`bə mə`murları onu tutub fəqihin yanına gətirdilər. Fəqih qərar çıxardı ki, onları ayırmaq üçün kişinin əli kəsilsin. Bu işdən xəbər tutan Həzrət İmam Hüseyn (ə) dua etdi və kişinin əli qadından ayrıldı.»
Məhbusun gecə yarı duası
Abdullah ibn Tahir hökuməti zamanı karvan yolları çox qorxulu idi. Xəlifənin yollarda qoyduğu nəzarətçilərin bir dəfə tutduqları on quldurdan biri gecə yarı qaçır. Xəlifənin qəzəbindən qorxan zindan rəisi günahsız bir həllacı (pambıq təmizləyən) tutub quldurlara qoşur ki, say düz olsun.
Bir gecə mə`murlar zindana gəlib iki nəfəri dar ağacından asmaq üçün aparırlar. Həllac öz-özünə deyir: “Ailəm elə bilir ki, mən hardasa ruzi qazanıram. Halbuki, bir zalım məni oğrularla birgə zindana salıb.” Sonra həllac iki rək`ət namaz qılıb duaya başlayır.
Abdullah ibn Tahir yuxu görüb dörd dəfə çarpayıdan yerə yıxılır. Qalxıb dəstəmaz alır, iki rək`ət namaz qılıb yenidən yatır. Bu dəfə yuxuda görür ki, dörd qara ilan ona hücum edir. Oyanıb xidmətçiləri çağırır. Əmr edir ki, ətrafda nalə çəkərək Allaha üz tutmuş məzlumu tapsınlar. Xidmətçilər çox yeri gəzib, nəhayət, zindanda Həllacı dua edən halda tapırlar. Onu əmirin yanına gətirirlər. Məsələ aydınlaşandan sonra əmir Həllaca on min dinar verib deyir: “Məni halal et, bu hədiyyəni qəbul et, nə vaxt ehtiyacın olsa mənə de.” Həllac deyir: “İki istəyini qəbul edirəm. Amma üçüncü istəyin məqbul deyil. Çünki məni sənin zülmündən qurtaran kəsi qoyub sənə üz tuta bilmərəm.”
Rəvayət olunur ki, Həzrəti Peyğəmbər (s) ölüm ayağında olan bir şəxsdən soruşdu: “Halın necədir?” Şəxs dedi: “Günahlarımdan qorxuram, Allahın rəhmətinə ümid edirəm.” Həzrət (s) buyurdu: “Allah bir insanı qorxduğundan amanda saxlayıb ümid etdiyini əta etməsə bu iki mə`na onun qəlbində cəm olmaz.”
Pərvərdigara! Arzularım yersiz, ümidlərim dəlilsiz deyil. Günahlarıma görə qorxsam da, bütün vücudumla Sənə ümidvaram. “Kumeyl” duası ilə hüzuruna gəlişim Sənin mərhəmətin sayəsində mümkün olub. Mən əminəm ki, Sənin dərgahından kimsə əliboş qayıtmaz. Sən Hürr ibn Yəzidi, Fir`onun arvadı Asyanı, Fuzeyl Əyyazı və minlərlə başqalarını öz mərhəmətinə qərq edən Allahsan!
Rəhmət yağışı
İmam Sadiq (ə) buyurur: “Kufə əhli Həzrət Əli (ə)-ın yanına gəlib quraqlıqdan şikayətləndilər və Həzrətdən yağış üçün dua istədilər. Həzrət (ə) İmam Hüseynə (ə) buyurdu: “Allahdan yağış istə.” İmam Hüseyn (ə) Allaha həmd-səna oxuyub Peyğəmbərə (s) salavat göndərdi və belə dua etdi: “Ey xeyir-bərəkət göndərən, bizə əzəmətinlə ölü torpaqları dirildən, firavan, bəndələrini zəiflikdən qurtaran yağış göndər. Amin ya Rəbbəl-Aləmin.” Dua bitən kimi yağış başladı.”445
Ümid
Dağ ətəyindən keçən bir cavanın quşa atdığı ox yaxınlıqdakı bağ sahibinin oğlunun sinəsinə sancılıb onu öldürdü. Bu hadisəyə görə bir çox günahsız adamlar həbs edildi. Bu işdən narahat olan cavan, oğlunu itirmiş atanın yanına gəlib qatil olduğunu e`tiraf etdi. Ata soruşdu ki, səni bu e`tirafa nə vadar etdi? Oğlan dedi: - “Sənin bağışlayacağına ümid etdim.” Kişi oğlunun qatilini əfv etdi.
Ondan başqasına bəndəlik acı,
Bir Odur həyatın sultanlıq tacı.
Hicranında qalmaq ağır bir əzab,
Hələ bir aşiq də gətirməmiş tab.
Amma hicran olsa baldan da şirin,
Əlbət, çətin verə vüsalın yerin
Nə yaxşı ölüm var, öndə görüş var.
Axır ki, zülmətdən nura giriş var.
Ömürdən nə qalıb zənn etməz ağıl,
Bu günün şərrindən tələs tövbə qıl.
Qiymətlidir nəfəs səcdə anında,
Yaşama bağa tək bir öz qınında.
Əlbət, kömək gərək qından çıxmağa,
Bir getsən on gələr, inan, qabağa.
“Ya səriər-riza, iğfir limən la yəmliku illəd-duaə’ fəinnəkə fə`alun lima təşa, ya mən ismuhu dəvaun, və zikruhu şəfaun, və taətuhu ğina, irhəm mən rə`su malihir-rəcau, və silahuhul-bukau, ya sabiğən-niəmi, ya dafiən-niqəmi, ya nurəl-mustəvhişinə fiz-zuləmi, ya alimən la yuəlləmu səlli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi ma Əntə əhluhu və səlləllahu əla rəsulihi vəl-əimmətil-məyamini min alihi və səlləmə təslimən kəsira.”
(“Ey bəndəsindən tez razı olan! İxtiyarında duadan başqa bir şey olmayan kəsi bağışla. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvə’ rəhm et o kəsə ki, sərmayəsi ümid, silahı göz yaşıdır! Ey ne`mətləri kamil və firavan olan, ey bəla və çətinlikləri aradan qaldıran, ey qaranlıqda qorxuya düşənlərin nuru, ey oxumamış alim, Məhəmməd və ali-Məhəmmədə salam göndər, mənimlə Özünə layiq rəftar et. Allahın firavan salamı olsun peyğəmbərinə və onun ailəsindən olan pak imamlara.”)
Dostları ilə paylaş: |