Maddə 156. Qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydası
156.1. Qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.
156.2. Həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı və ya girov həbsin əvəzinə müdafiə tərəfinin vəsatəti üzrə məhkəmə tərəfindən seçilə bilər.
156.3. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirinin seçilməsi barədə qərarı şübhəli və ya təqsirləndirilən şəxsə (axtarışda olan şəxs istisna edilməklə) dərhal elan edir və qərarın surətini ona təqdim edir.
156.4. Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.
Maddə 157. Həbs
157.1. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.
157.2. Həbs qətimkan tədbiri qismində bu Məcəllənin 155.1—155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər.
157.3. Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir).
157.4. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə ittiham olunan şəxslərin ayrılıqda saxlanılması, təqsirləndirilən şəxsin digər həbs olunmuş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə həbs olunmuş şəxslərin saxlanılması qaydalarına zidd olmayan digər məsələlər barədə istintaq təcridxanasının müdiriyyətinə göstərişlər verə bilər.
157.5. Həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Məhkəmə həbs barədə qərar çıxarmaqla eyni vaxtda təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsinin mümkünlüyü məsələsini həll edə bilər və belə azad etməni mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir. Məhkəmə girovun yolverilməzliyi və girovun məbləği barədə qərarına müdafiə tərəfinin vəsatəti ilə yenidən baxa bilər.
157.6. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir.
157.7. Həbsin qətimkan tədbiri qismində seçilməsi barədə qərar çıxarmış məhkəmə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən bu qərarı vaxtından əvvəl dəyişməyə və ya ləğv etməyə haqlıdır.
157.8. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilər:
157.8.1. təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda;
157.8.2. təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda.
Dostları ilə paylaş: |