Cinayət mühakimə icraatında əmlak məsələləri
XIX fəsil
Cinayət mühakimə icraatında mülki iddia
Maddə 179. Mülki iddia üzrə tətbiq edilən qanunvericilik
179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
179.4. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.
Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti
180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.
180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.
Dostları ilə paylaş: |