Maddə 196. Cinayət prosesində iştirak edən şəxslərin çəkdikləri xərclərin ödənilməsi
196.1. Cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin aşağıdakı xərcləri ödənilməlidir:
196.1.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri;
196.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə daimi yaşayış yerindən kənarda yaşamaq məcburiyyətində qaldıqda gündəlik xərclər, bu xərclər idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən ödənilmədikdə;
196.1.3. idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən orta aylıq əmək haqqının saxlanıldığı hallar istisna olmaqla, cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etmənin bütün müddəti üçün orta aylıq əmək haqqı;
196.1.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə istintaq və ya digər prosessual hərəkətdə iştirak edərkən, xarab olan və ya itirilən əmlakın bərpa olunması və ya əldə edilməsinə çəkilən xərclər.
196.2. Dövlət orqanları, idarələri, müəssisələri və təşkilatları zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, habelə hal şahidinin, tərcüməçinin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etdiyi müddətdə onların orta aylıq əmək haqqını saxlamalıdırlar.
196.3. Mütəxəssisin və ekspertin gördüyü işlə əlaqədar sərf edilmiş kimyəvi reaktivlərin və digər materialların xərcləri, habelə bu məqsədlə avadanlıqdan istifadəyə, kommunal xidmətlərə görə çəkdiyi xərclər ödənilir.
196.4. Cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir.
Dostları ilə paylaş: |