Altıncı bölmə
Cinayət mühakimə icraatı zamanı-konfidensiallıq və müddət məsələləri
XXIII fəsil
Cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması
Maddə 199. Şəxsi və ailə sirrinin qorunması
199.1. Cinayət mühakimə icraatı zamanı şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.
199.2. Prosessual hərəkətlərin gedişində hər hansı şəxsin şəxsi həyatına aid məlumatların, habelə onun gizli saxlanılmasını lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları bu məlumatların yayılmamasını öhdələrinə götürür və onlardan bu barədə yazılı iltizam alınır.
199.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə onun şəxsi həyatına aid məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə özünün və ya başqasının həyatına aid məlumatları bildirməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.
199.4. Şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.
199.5. Şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi və ya ailə sirrinin yayılması nəticəsində hər hansı şəxsə vurulan ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
Dostları ilə paylaş: |