Maddə 2. Cinayət-prosessual qanunvericiliyin mənbələri
2.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi aşağıdakılardan ibarətdir:
2.1.1. Azərbaycan Respublikasının Konstitusiyasından;
2.1.2. bu Məcəllədən;
2.1.3. Azərbaycan Respublikasının digər qanunlarından;
2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malikdir və birbaşa qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının normaları ilə bu Məcəllənin müddəaları arasında ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq olunur.
2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
2.4. Cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz. Digər qanunlardakı prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.
Dostları ilə paylaş: |