Maddə 227. Şahidin dindirilməsi
227.1. Şahidi cinayət təqibi üçün əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Şahidin dindirilməsində onun nümayəndəsi (vəkil və ya digər şəxs) iştirak etmək hüququna malikdir.
227.2. Şahid ibtidai istintaq hərəkətinin aparıldığı yer üzrə, zəruri hallarda isə onun olduğu yer üzrə dindirilir.
227.3. Hər bir şahid digər şahiddən ayrılıqda dindirilir. Bu halda müstəntiq dindirmə qurtaranadək eyni iş üzrə çağırılmış şahidlərin öz aralarında ünsiyyətdə ola bilməməsi üçün tədbirlər görür.
227.4. Dindirmədən əvvəl müstəntiq şahidin şəxsiyyətini müəyyən edir, ona hansı iş üzrə çağırıldığı barədə məlumat verir və ona iş üzrə məlum olan bütün hallar barədə danışmaq vəzifəsi, habelə ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir. Şahidə özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə məlumat verilir. Bundan sonra müstəntiq şahidlə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin münasibətlərini müəyyənləşdirir və dindirməyə başlayır.
227.5. Dindirmə şahidə cinayət təqibi ilə bağlı bütün halları danışmaq təklifi ilə başlanır və bundan sonra ona suallar verilə bilər.
227.6. Müstəntiq şahidi audio yazıdan, video və kino çəkilişdən və digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.
Dostları ilə paylaş: |