Maddə 233. Təqsirləndirilən şəxsin dindirilməsi
233.1. Müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır.
233.2. Təxirəsalınmaz hallar istisna olmaqla, təqsirləndirilən şəxsin dindirilməsi yalnız gündüz vaxtı aparılmalıdır.
233.3. Təqsirləndirilən şəxsin dindirilməsi ibtidai araşdırmanın yeri, zəruri hallarda isə onun olduğu yer üzrə aparılır.
233.4. Təqsirləndirilən şəxs iş üzrə digər şəxslərdən ayrılıqda dindirilməlidir. Müstəntiq təqsirləndirilən şəxsin iş üzrə digər şəxslərlə ünsiyyətdə olmaması üçün tədbirlər görür.
233.5. Təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir.
233.5-1. Hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.
233.5-2. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.
233.6. Yetkinlik yaşına çatmamış, habelə lal, kar, kor və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi bu Məcəllənin 228.2 və 229-cu maddələrində nəzərdə tutulmuş qaydada aparılmalıdır.
233.7. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti, habelə iş üçün əhəmiyyətli olan hallar üzrə dindirilir.
233.8. Müstəntiq təqsirləndirilən şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.
233.9. Dindirmənin başlanmasından əvvəl müstəntiq təqsirləndirilən şəxsə onun müdafiəçinin köməyindən istifadə etmək və ifadə verməkdən imtina etmək hüququnu izah edir.
233.10. Dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır.
233.11. Dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz. Müstəntiq təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə və özünün mülahizələrinə görə cinayət işi üçün əhəmiyyətli olan digər hallar üzrə ifadələr verməyi təklif edir.
Dostları ilə paylaş: |