XXXVII fəsil
Cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi
Maddə 277. Cinayət işi üzrə icraatın dayandırılması qaydası
277.1. Cinayət işi üzrə icraat bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə dayandırılır.
277.2. Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarda aşağıdakılar göstərilməlidir:
277.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
277.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
277.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;
277.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar,
277.2.5. İbtidai istintaq zamanı müəyyən edilmiş hallar;
277.2.6. cinayət işi üzrə icraatın dayandırılması üçün motivlər;
277.2.7. bu Məcəllənin 53.1-ci maddəsində göstərilən hallardan birinə və ya bir neçəsinə istinad edilməklə müstəntiqin cinayət işi üzrə icraatın dayandırılması barədə qərarının əsaslandırılması;
277.2.8. müvafiq hallarda barəsində cinayət işi üzrə icraatın dayandırıldığı şəxsin soyadı, adı və atasının adı;
277.2.9. cinayət işi üzrə icraatın dayandırılması ilə əlaqədar görülməli tədbirlər.
277.3. Cinayət işi üzrə icraatın dayandırılması barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
277.4. Müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Bu Məcəllənin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır.
277.5. Cinayət işi üzrə icraat dayandırıldıqdan sonra müstəntiq özü və ya təhqiqat orqanı vasitəsilə aşağıdakı hərəkətləri yerinə yetirir:
277.5.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş halda—təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün tədbirlər görür;
277.5.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş halda—təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi üçün tədbirlər görür;
277.5.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş halda—istintaqdan gizlənmiş təqsirləndirilən şəxsin axtarışı üçün tədbirlər görür.
277.6. İcraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmir.
Dostları ilə paylaş: |