Maddə 281. Cinayət işi üzrə icraata xitam verildikdən sonra müstəntiqin hərəkətləri
281.1. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir.
282.1-1. Bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir.
281.2. Bu Məcəllənin 281.1-ci maddəsində göstərilən şəxslərə cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan şikayət etmək qaydası izah olunur.
281.3. Bu Məcəllənin 281.1-ci maddəsində göstərilən şəxslərin cinayət işinin materialları ilə tanış olmaq hüququ bu Məcəllənin 284—286-cı maddələrində nəzərdə tutulmuş qaydada təmin olunur.
Dostları ilə paylaş: |