Maddə 283. Cinayət işi üzrə xitam verilmiş icraatın təzələnməsi
283.1. Cinayət işi üzrə icraat yalnız ona xitam verilməsi barədə qərar ləğv edildikdə və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətləri keçmədikdə təzələnir.
283.2. Cinayət işi üzrə icraatın təzələnməsi barədə şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yazılı məlumat verilir.
XXXVIII fəsil
İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi
Maddə 284. İttiham aktının tərtib edilməsindən əvvəl cinayət işinin materilları ilə tanış etmə
284.1. İttiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir:
284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir;
284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir.
284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır.
284.3. Təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır.
Dostları ilə paylaş: |