Maddə 311. Təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri
311.1. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və bu Məcəllənin 91.5 və 91.6-cı maddələrində nəzərdə tutulmuş hüquqlardan istifadə edir.
311.2. Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda;
311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda.
311.3. Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir.
311.4. Bu Məcəllənin 311.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
311.5. Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar olduqda, onun barəsində qətimkan tədbiri seçilə bilər və ya seçilmiş qətimkan tədbiri daha ağırı ilə əvəz edilə bilər.
Dostları ilə paylaş: |